MİRZƏ SAKİT ACLIQ AKSİYASINI DAVAM ETDİRİR
2008-01-28, 11:41:00
«Azadlıq» qəzetinin həbsdə olan satirik yazarı Mirzə Sakit aclıq aksiyasını davam etdirir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Mehman Sadıqov «Media forum» saytına bildirib ki, M.Sakit yanvarın 26-dan aclığa başlayıb, onun bununla bağlı həbsxana rəhbərliyinə yazdığı ərizə isə Penitensiar Xidmətə bu gün çatdırılacaq.
Hələ ərizəni əldə etmədiyindən M.Sadıqov M.Sakitin konkret hansı tələblərlə aksiya keçirdiyini deyə bilməyib: «İlkin informasiyaya görə, aclıq aksiyasına başlaması onun səhhəti ilə əlaqədardır».
Yanvarın 25-də yazarın həyat yoldaşı Rəna Zahidova «Media forum»a deyib ki, M.Sakit saxlanma şəraitindən şikayətçidir və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbəri Nazim Ələkbərovu məhkəməyə vermək niyyətindədir.
Həyat yoldaşının bildirdiyinə görə, M.Sakit evinə yaxın həbsxanalardan birinə köçürülməsini, ombudsman Elmira Süleymanovanın ona baş çəkməsini, müalicə müəssisəsində müalicə olunmasını və Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefasını tələb edir.
Mirzə Sakit (Zahidov) 2006-cı ilin iyun ayında narkotik maddənin qeyri-qanuni saxlanması ittihamı ilə tutulub, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 2007-ci ilin iyulunda Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin müalicə müəssisəsinə köçürülən M.Sakit oktyabrın ikinci ongünlüyündə yenidən Güzdəkdəki 14 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Tutulandan bəri M.Sakit bir neçə dəfə aclıq aksiyası keçirib. Onun bundan əvvəlki sonuncu aksiyası noyabrın 23-dən 30-na kimi olub. Həmin vaxt M.Sakitlə bərabər artıq azadlıqda olan «Nota bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu da aclıq etmişdi. Aksiyanı dayandırdıqdan sonra bir çox hüquq müdafiəçiləri onlarla görüşmüş, problemləri ilə maraqlanmışdılar. F.Novruzoğlu 2007-ci ilin dekabrında prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb.
«Media forum»
Əvvəlki məqalə: İranda yaşayan 287 nəfər azərbaycanlı ziyalı parlamentin deputatlarına açıq məktubla müraciət edib
Sonrakı məqalə: Intiqam Məmmədov: 2007-ci ildə insan hüquqlarının vəziyyəti və 2008-ci il üçün proqnozlar