«FREEDOM HOUSE»: AZƏRBAYCAN AZAD OLMAYAN ÖLKƏLƏR SIRASINDADIR
«FREEDOM HOUSE»nin HESABATINDA AZƏRBAYCAN AZAD OLMAYAN ÖLKƏLƏR SIRASINA AİD EDİLİB 2008-01-16 – 20:15:00
«Freedom House» beynəlxalq hüquq-müdafiə təşkilatı dünya ölkələrində azadlığın səviyyəsi ilə bağlı illik hesabatında Azərbaycanı azad olmayan ölkələr sırasına aid edilib.
«Turan» İnformasiya Agentliyinin məlumatına görə, hesabatın Azərbaycana aid bölməsində deyilir ki, Azərbaycanda seçki demokratiyası yoxdur, korrupsiya bütün cəmiyyəti bürüyüb, məhkəmə və parlament hakimiyyətləri icra hakimiyyətindən asılıdır. Korrupsiyanın səviyyəsinə görə Azərbaycan 163 dünya ölkəsi arasında 130-cu yeri tutur.
Hesabatda daha sonra vurğulanıb ki, ölkə konstitusiyası söz və ifadə azadlığına zəmanət versə də, hakimiyyət onu hər cür məhdudlaşdırır. Radio və telekanallar hakimiyyətin nəzarəti altındadır. Müstəqil və müxalif KİV daim təzyiqə məruz qalır. Bu zaman ayrı-ayrı aparıcı jurnalistlər təqib edilir. İctimai Televiziyanın yaradılmasına baxmayaraq, o, hakimiyyətin nəzarəti altındadır və onun siyasətini müdafiə edir. Bu zaman ANS kimi ayrı-ayrı telekanalların müstəqil olmaq cəhdlərinin qarşısı alınır.
Hesabatda Azərbaycanda toplaşmaq azadlığının, maliyyələsinin 30 faizindən çoxu xaricdən gələn QHT-lərin seçkilərdə iştirakının məhdudlaşdırıldığı, hakimiyyətə loyal olmayan QHT-lərin qeydiyyata alınmadığı, siyasi rəqiblərinin təqib edildiyi də bildirilib.
(Media Forum)
Əvvəlki məqalə: ƏLİ İNSANOVUN ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ
Sonrakı məqalə: Mirzə Xəzər: 2008-ci il alver ilidir...