PROKUROR EYNULLA FƏTULLAYEV HAQDA HÖKMÜN QÜVVƏDƏ SAXLANMASINI İSTƏYİB
2008-01-15 – 18:12:00
Bu gün Bakı Apellyasiya Məhkəməsində «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin prosesində dövlət ittihamçısı çıxış edib. O, birinci instansiya məhkəməsinin çıxardığı qərarın qüvvədə saxlanmasını, apellyasiya şikayətinin təmin olunmamasını istəyib.
«Media forum» xatırladır ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə E.Fətullayevi Cinayət Məcəlləsinin 214.1 maddəsi (terrorçuluqla hədələmə), 283.2.2 maddəsi (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 213.2.2 maddəsi (külli miqdarda vergidən yayınma) üzrə təqsirli bilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Prosesdə jurnalistin vəkilləri Aydın Nəzərli, İsaxan Aşurov çıxış edərək dövlət ittihamçısının tələbinin təmin edilməməsini istəyiblər. İ.Aşurov çıxışını dövlət ittihamçısına təşəkkürlə başlayıb: «Sizə təşəkkür edirəm ki, öz çıxışınız zamanı başınızı qaldırmadınız. Çünki bu çıxış uca başla, dik dayanmaqla edilə bilməzdi».
Hakimdən hökmün qüvvədən salınması barədə qərar çıxarmasını xahiş edən vəkil xatırladıb ki, məsələ Avropa Məhkəməsində qaldırılarsa, bu, Azərbaycana başucalığı gətirməyəcək.
E.Fətullayev son sözündə birinci instansiya məhkəməsində olduğu kimi bu dəfə də suallarına cavab ala bilmədiyini deyib: «Axı məni niyə tutmusunuz? Bu mənə aydın deyil. İttiham aktında göstərilib ki, guya mən hökuməti terrorla hədələmişəm. Ancaq istintaq materiallarında bununla bağlı hər hansı hökumət qurumunun şikayəti yoxdur».
Baş redaktor məhkəmənin sifariş yerinə yetirdiyini deyib və jurnalist fəaliyyəti ilə bağlı həbs olunduğunun sirr olmadını vurğulayıb.
Yanvarın 16-da saat 10.30-da hakimin qərarının səsləndiriləcəyi gözlənilir.
«Media forum»
Əvvəlki məqalə: Qobustan qapalı həbsxanasında aclıq davam edir
Sonrakı məqalə: Mirzə Xəzər: Fitnənin anatomiyası, mərdliyin anatomiyası, namərdliyin anatomiyası…