Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ETTELAAT DAHA BİR AZƏRBAYCANLI MİLLİ FƏALI HƏBS EDİB

Mirzə Xəzər 04 Sen 2007

2007-09-04 – 18:23:00

Azərbaycanlıları təhqir edən karikaturanın rəsmi dövlət qəzetində dərcinə etiraz əlaməti olaraq 2006-cı ilin may-iyun aylarında düzənlənən aksiyalardakı iştirakına görə 15 ay ETTELAAT-ın təqib etdiyi əhərli milli fəal Cavad Həsənpur sentyabrın 3-də Təbrizdəki mənzilində tutulub. Milli fəalın evinə hücum edən ETTELAAT əməkdaşları onun bütün kitablarını və disketlərini də aparıblar.

Hökumətin təqib etdiyi milli fəalın bu müddət ərzində müxtəlif problemlərlə üzləşdiyi və dörd aylıq uşağını itirdiyinə görə ruhi sarsıntı keçirdiyi də xüsusi vurğulanır. C.Həsənpurun harada saxlandığı barədə hər hansı bir məlumat yayılmayb.

«Media forum»

EYNULLA FƏTULLAYEV 242 MİN 522 MANAT MƏNİMSƏMƏKDƏ TƏQSİRLƏNDİRİLİR

Mirzə Xəzər 04 Sen 2007

2007-09-04 – 19:50:00

MTN-də saxlanan «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı bu gün vergidən yayınma maddəsilə ittiham irəli sürülüb. «Gündəlik Azərbaycan» qəzetinin şöbə redaktoru Üzeyir Cəfərli «Turan»ın müxbirinə belə deyib.

Ü.Cəfərlinin sözlərinə görə, vergidən yayınma ittihamı qəzet əməkdaşlarının MTN-də verdiyi ifadələr əsasında irəli sürülüb.

Vəkil İsaxan Aşurov «Turan» agentliyinə bildirib ki, istintaq Fətullayevi 213.2.2 maddə ilə vergi ödənməsindən külli miqdarda yayınmada ittiham edir: «İttihamda Eynulla Fətullayevin guya mənimsədiyi məbləğ də göstərilib – 242 min 522 manat».

E.Fətullayev Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladzenin iddiası ilə aprelin 20-də böhtan atmaqda ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 214.1. (terrorla hədələmə) və 283.2.2-cü (öz qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb. Hazırda baş redaktor MTN-in təcridxanasında saxlanır.

(“Media Forum”)

ƏLİ İNSANOV MƏHKƏMƏDƏ və HAMMERBERQLƏ GÖRÜŞDƏ HÜQUQLARININ POZULMASINDAN ŞİKAYƏTLƏNİB

Mirzə Xəzər 04 Sen 2007

2007-09-04 – 19:38:00

Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun və Səhiyyə Nazirliyinin daha on sabiq işçisinin şikayətinə baxılması davam etdirilib.

«Turan» agentliyi xəbər verir ki, Ə.İnsanov yenə ona qarşı irəli sürülmüş ittihamları rədd edib və bildirib ki, onu «siyasi rəqib» kimi kənarlaşdırmaq istəyirlər.

Müttəhim həkimlərdən ibarət komissiyanın onda 8 xəstəlik olduğunu təsdiqlədiyini deyərək ədliyyə naziri Fikrət Məmmədovu onun həbsdə müalicə almasına şərait yaratmamaqda günahlandırıb.

Sonra İnsanov hakimiyyəti ölkə sərvətinin talan etməkdə suçlayıb: «İndi onlar dəniz üzərində bahalı körpü tikmək fikrinə düşüblər».

Sabiq nazir öz taleyini 1949-cu ildə Sovet Azərbaycanı hakimiyyətinin sui-qəsdə çatdırdığı filosof alim Heydər Hüseynovla müqayisə edib. «Azərbaycanda hazırki rejim Stalin rejimindən daha betərdir» deyən müttəhim bildirib ki, ölkədə hərbi-polis rejimi qurulub və bunu İlham Əliyevin polis akademiyasındakı çıxışı sübuta yetirir.

Elə bu gün həbsdə Avropa Şurasının komissarı Tomas Hammerberq Ə.İnsanova baş çəkib və sabiq nazirlə yarım saata yaxın söhbətləşib. Vəkil Toğrul Babayevin «Turan»a dediyinə görə, İnsanov komissara öz hüquqlarının pozulduğunu söyləyib. Hammerberq öz növbəsində bu məsələni güc nazirlikləri qarşısında qaldıracağına söz verib.

Ə.İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri ərəfəsində dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Sonradan bu ittiham ayrıca icraata ayrılıb və 2007-ci ilin yazında Ə.İnsanov korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

(“Media Forum”)

Əvvəlki məqalələr

Sonrakı məqalələr