FƏRHAD ƏLİYEV: “İTTİHAM AKTINDA YAZILANLAR ŞƏR VƏ BÖHTANDIR”
27.07.2007 [08:00]
Fərhad Əliyev: “Kərəm Həsənov mənim təqdimatımla komitə sədri təyin olunub”
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, qardaşı “Azpetrol” şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyev və digər 17 nəfərin işi üzrə məhkəmə prosesi davam etdirilir. Dünən keçirilən prosesdə Rafiq Əliyevin vəkili Fuad Ağayev MTN əməkdaşlarından şikayət etdi.
- Hər dəfə məhkəmə zalına daxil olmazdan əvvəl Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları üstümüzə, əşyalarımıza baxış keçirir. Bu gün isə baxış yoxlama həddinə çatmışdı. Hörmətli məhkəmə, xahiş edirəm, MTN əməkdaşlarının bu məhkəmədəki statusunu bizə izah edəsiniz. Əgər bu yolla kimsə müdafiə tərəfinə təzyiq göstərmək istəyirsə, xam xəyaldır.
Hakim: - Cinayət-Prosessual Məcəllədə də göstərilir ki, məhkəmə zalına daxil olarkən yoxlama keçirilə bilər. Amma təbii ki, bu, etik normalara riayət olunmaqla, qanun çərçivəsində həyata keçirilməlidir. - Yoxlamanı MTN əməkdaşları yox, məhkəmə nəzarətçiləri həyata keçirə bilər. - Xahiş edirəm, eyni zamanda da tələb edirəm ki, psixoloji gərginlik yaradılmasın. Görülən işə də xələl gəlməsin. Buna mən də nəzarət edəcəm. Bundan sonra şahid Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin işçisi Rövşən Mirzəyev şahid qismində ifadə verdi. Məlum oldu ki, şahid vaxtilə İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi və İdarə Edilməsi Departamentində çalışıb. Rövşən Mirzəyev ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı ona beş özəlləşdirilən obyektlə əlaqədar suallar verilib. Bunlar da Səbail rayonu, Hakim Abbasov küçəsi 16 ünvanındakı qeyri-yaşayış sahəsi, Nəsimi rayonundakı 18 saylı, Səbail rayonundakı 4 saylı, Binəqədi rayonundakı 67 saylı mağazalar, layihə institutunun yarımçıq tikilisi olub. Dörd obyekt hərrac yolu ilə satılıb. H.Abbasov küçəsindəki obyekt isə əvvəlcə icarəyə verilib, sonra isə icarəçi tərəfindən özəlləşdirilib. Şahidin sözlərinə görə, o, mağazalarla bağlı dövriyyə nəzarəti həyata keçirib. Bu, sənədlərin düzgün doldurulması deməkdir. H.Abbasov küçəsindəki obyekt üzrə qiymətləndirmənin ekspertizasını aparıb. Rövşən Mirzəyev bildirdi ki, ona həmin qeyri-yaşayış sahəsilə bağlı sənədləşmənin qısa müddətdə hazırlanması tapşırılıb. O da bunu edib. Bundan başqa, ekspertiza aparan şəxs kimi qiymətləndirmədə əmsalların düzgün tətbiq olunub-olunmadığını yoxlayıb. Belə nəticəyə gəlib ki, əmsallar düzgün tətbiq olunub. Şahid onu da qeyd edib ki, həmin qeyri-yaşayış sahəsi Fərhad Əliyevin qohumu Afiq Kərimova icarəyə verilib, sonra da onun tərəfindən özəlləşdirilib.
Şahid prokurorun sualını cavablandırdı: - Obyektin qiymətləndirilməsilə bazar qiymətləri arasında fərq var idimi? - Bəli, amma qiymətləndirmə normativ sənədlərə uyğun aparılmışdı. Fərhad Əliyevin vəkili Elton Quliyev də şahidə sual verdi: - Qiymətləndirmə hansı üsulla aparılmışdı? - Düsturla. - Qiymətləndirmə düzgün aparılmışdı? - Bəli. Sualı belə qoymurlar…
Elton Quliyev: - Sən mənə göstəriş vermə. Hamısı gəlib burada göstəriş verir. Şahid deyir ki, dövlət əmlakının özəlləşdirilməsi prosesində İİN-də vətəndaşlardan əlavə pul alırdılar. Həmin pulları yığanlar da Maarif Qurbanov, Vəlixan Əliyev və Mirməcid Əhmədov olub. Amma şahid bu barədə dediklərini əsaslandıra bilmədi. Yalnız “eşitmişəm” cavabı ilə kifayətləndi. Vəkillərin çoxsaylı suallarına baxmayaraq, Rövşən Mirzəyev kimdən eşitdiyini və yaxud hansı obyektə görə əlavə pul alındığını söyləmədi. Vəkil Elton Quliyev bildirdi ki, bu şahid suallara ehtimal xarakterli cavablar verir, özünün düşündüklərini danışır. Maarif Qurbanovun vəkili Samir İsayev də bununla bağlı dəqiqləşdirmə aparmaq istədi: - Deyirsiz ki, Vəlixan Əliyev, Maarif Qurbanov və Mirməcid Əhmədov əlavə pul alırdı. Bunu nə ilə əsaslandıra bilərsiz? - Eşitmişdim. - Mənbəyi olmayan informasiya dedi-qodudur. Hakim bildirdi ki, bu, artıq şahidin ifadəsinə qiymət verməkdir. Lakin vəkil bu fikirlə razılaşmadı: - Azərbaycan dilində sinonimlərdən istifadə etmək məgər qiymətləndirmədir? Yaxşı, ünvansız informasiyaları dedi-qodu hesab edirsiz?
Hakim: - Sual çıxarılır.
Vəkil: - Deyə bilərsinizmi ki, Maarif Qurbanov hansı obyektin özəlləşdirilməsinə görə əlavə pul alıb? - Yadımda deyil. - Maarif Qurbanov sizə göstərişi öz adından verirdi, yoxsa kiminsə adından? - Konkret ad çəkmirdi. Özüm fikirləşirdim ki, nazirin göstərişidir. - Nə düşündüyünü özün üçün saxla. Dövlət ittihamçısı müdaxilə edərək bildirdi ki, şahid göstərişlərin nazirdən gəldiyini demək istəyir. Bundan sonra şahid də fikrini dəyişdi: - Mən deyirəm ki, yadımda deyil ad çəkilib-çəkilmədiyi. Prokuror vəkillərin şahidin dediklərini şübhə altına almasına da münasibət bildirdi: - Şahidin dediklərinə qiymət verirlər, onun ifadələrini “ünvansız” adlandırırlar. Amma şahid ad çəkməsə də, bildirdi ki, obyektləri özəlləşdirməyə gələn şəxslərdən eşidib ki, əlavə pul alınır.
Vəkil: - Ünvansız deyilsə, onda prokuror adları desin.
Elton Quliyev: - Prokurorun bu çıxışı…
Dövlət ittihamçısı: - Mənim ürəyim partlayırdı, amma dözürdüm. - Niyə ürəyiniz partlayır? “Skorıy pomoş” var. Siz nə qədər desəniz də, bu şahidin dediklərinin ünvanı yoxdur. Başqası gələr, baxarıq. Nə qədər yönəltsəniz də xeyri yoxdur.
Hakim: - Nazir müəllim haqlıdır ki, qiymət verirsiz. Samir müəllimin “dedi-qodu” sözü qiymət verməkdir. Şahidin dediklərilə əlaqədar Maarif Qurbanov bildirdi ki, Hakim Abbasov 16 ünvanındakı sözügedən qeyri-yaşayış sahəsinin bir hissəsi hələ 2001-ci ildən icarədə olub. Qalan hissə də icarəyə veriləndən sonra özəlləşdirilib. Prokuror qeyd etmişdi ki, bu obyektin icarəyə verilməsilə özəlləşdirilməsi arasında cəmi on gün fərq olub. Maarif Qurbanov da dedi ki, qanun bunu qadağan etmir. Hətta obyekt bu gün icarəyə verilib, sabah özəlləşdirməyə çıxarıla bilər. Fərhad Əliyev də şahidin dediklərinə münasibətini açıqladı: - Şahid deyir ki, onlar nazirin göstərişini mənə çatdırırdılar. Xeyr, mən nə Maarifə, nə də Mirməcidə göstəriş vermişəm. Dövlət əmlakının özəlləşdirilməsi prosesində müəyyən qüsurlar mümkündür. Hətta inkişaf etmiş Almaniya, Fransa kimi dövlətlərdə də bu var. Biz də kosmosdan gəlməmişik. Məsələn, özəlləşmə zamanı mütəxəssis gedib obyektə baxış keçirməyə bilər. Amma qiymətlərin azaldılması halı mümkün deyil. O ki qaldı mənim kiminsə vasitəsilə kiməsə göstəriş verməyimə, nazirliyin dövlət əmlakının özəlləşdirilməsi və idarə olunması departamentinin rəhbəri mənə yaxın adam idi, mənim adamım kimi tanınırdı. Mənim təqdimatım əsasında prezident onu əvvəlcə nazir müavini, sonra da ayrıca komitənin sədri təyin etdi. Departamentin rəhbəri qala-qala mən onuncu dərəcəli işçi Mirməcid Əhmədova niyə göstəriş verirdim? Əgər departamentin rəhbəri qulaq asmırdısa, onu çıxarardım, əvəzinə də Mirməcidi və yaxud bir başqasını təyin edərdim də. Dövlət əmlakının özəlləşdirilməsilə bağlı heç bir rəsmi və ya qeyri-rəsmi göstərişdən söhbət gedə bilməzdi. Bu ola bilərdi ki, yaxınlarımdan, dostlarımdan kimsə gəlib işçilərdən nə isə xahiş edə bilərdi. Bundan da mənim xəbərim olmurdu. Bir də ki, vəzifəli şəxslər, qaçqın və məcburi köçkünlərdən kimsə yanıma gələndə ərizənin üstünü yazıb rəsmi qaydada departamentin rəhbərinə göndərə bilərdim. Ehtiyac olardısa, yazılı şəkildə ona verilirdi. İttiham aktında konkretliyə əsaslanmayıblar. İttiham aktında yazılanlar yalan, şər, böhtandır. Sözümün canı odur ki, hansısa göstəriş olsaydı, onu özəlləşdirmə departamentinin rəhbərinə verərdim. Yaxud da göstəriş verəsi olsaydım, mənim müavinlərim, müşavirlərim var idi. İstintaq az qalıb yazsın ki, mən birbaşa mütəxəssislərə göstəriş vermişəm. Növbəti şahid Əlisa Mirzəyev Şeyx Şamil küçəsi 3 ünvanındakı qeyri-yaşayış sahəsinin satılması barədə ifadə verdi və daha sonra fasilə elan olundu. Fasilədən sonra şahid, eyni zamanda mülki cavabdeh qismində Sahib Abdullayev ifadə verdi. Onun ifadəsindən məlum oldu ki, Nizami rayonu, Babək prospekti 85 “A” ünvanında yerləşən qeyri-yaşayış sahəsilə bağlı baş prokuror ona qarşı mülki iddia qaldırıb: - Mən heç kimi tanımıram. Nizami rayonu, Babək prospekti 85 “A” ünvanındakı qeyri-yaşayış sahəsinin satıldığını “Birja” qəzetindən oxumuşam. Obyekti maklerdən almışam. Maklerlə notariusa gedib lazımi sənədləri rəsmiləşdirmişəm. Mən pulu dollarla versəmdə, pul manatla göstərilib. İstintaqda da bunları demişəm. Daha sonra dövlət ittihamçısı və müdafiə tərəfinin vəkilləri şahidə suallar ünvanladılar.
Dövlət ittihamçısı: - Həmin obyekti Raci Kərimovdan almısınız?
Şahid: - Obyekti aldığım oğlanın adını bilmirəm. - Obyekti sizə neçəyə deyirdilər? - “Birja” qəzetində qiyməti 50 min dollara yazılmışdı. Alanda isə bir qədər aşağı-yuxarı olur da… - Həmin obyekt indi kimin adınadır? - Qardaşımın.
Elton Quliyev: - Obyekti satmaq istəyirsiniz?
Hakim: - İttihama aid sual verin. Məgər siz oranı almaq istəyirsiniz?
Elton Quliyev: - Mülki iddianı qəbul edirsiniz?
Nümayəndə Yunis Vəliyev: - Bu sual şahidə verilə bilməz. Ona görə ki, rəsmi sənədlərdə obyekt Sahib Abdullayevin qardaşının adınadır. Prokurorluq mülki iddianı səhv qaldırıb.
Şahid: - Mən vicdanlı alıcıyam.
Hakim: - Hər şey aydındır.
Yunis Vəliyev: - Heç nə aydın deyil. Əgər siz təminat verirsiniz ki, bu vicdanlı alıcıdır, qoy dövlət ittihamçısı mülki iddianın bu hissəsindən imtina etsin. Dövlət ittihamçısı isə indiki mərhələdə mülki iddiadan imtina olunmayacağını söylədi. Bundan sonra İqtisadi İnkişaf Nazirliyinin ilkin özəlləşdirmənin təşkili departamentində baş məsləhətçi vəzifəsində çalışmış Elçin Məmmədov şahid qismində dindirildi. Şahid çıxışı zamanı ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini dediyindən, müdafiə tərəfinin vəkilləri ona bir neçə sual ünvanladılar.
Elton Quliyev: - Vəlixan Əliyev sizi çağırıb nə deyib? - Deyib ki, sənədlər tez hazırlanmalıdır. - Başqa bir şey deməyib ki? - Xeyr, deməyib. - Kim sizə deyib ki, Balaxanı qəsəbəsində yerləşən müəssisəsinin özəlləşdirilməsi üçün Vəlixan Əliyevə pul verilib? - Vəlixan Əliyev özü dedi ki, “Balaxanı İstehsalat” müəssisəsinin özəlləşdirilməsi üçün ona pul verilib. - İşlədiyiniz dövrdə bir nəfərin adını və ya bir obyekti deyin ki, həmin şəxs o obyektə görə, sizə Vəlixan Əliyevə pul verdiyini desin. - ... - Konkret ad çəkin xahiş edirəm. - Siz mənə konkret obyekt barədə sual verin mən də deyim. - Siz şahidsiniz. İfadə verirsiniz və bunun məsuliyyətini daşıyırsınız. Siz deyirsiniz ki, Vəlixan Əliyev obyektlərin özəlləşdirilməsinə görə, pul alıb. Obyekt özəlləşdirənlərdən kimsə sizə bu barədə nə isə deyibmi? - ...
Hakim: - Elton müəllim, növbəti sualınızı verin. - İmkan verin şahid bu sualıma cavab versin, sonra başqa suallarımı verərəm. Elçin müəllim, konkret kim deyib ki, hansı obyektə görə Vəlixan Əliyevə nə qədər pul verib? - Əgər siz mənə konkret obyektləri desəniz və sənədləri təqdim etsəniz, mən də deyə bilərəm. - Həmin sənədlərdə yazılıb ki, kim nə qədər pul verib… - İttihama aid suallar verin. - Bu suallar ittihama aiddir. Hörmətli məhkəmə, bu şəxsin məhkəmədə verdiyi ifadəsi bəs ittihama aiddir? - Elton müəllim, şahid artıq bu suala cavab verdi axı. Deyir ki, həmin obyektlərlə bağlı sənədləri verin, baxım cavab verim. - Verin baxsın da. Sənədlər sizdədir. Bizə verirsiniz ki, ona da verəsiniz. Elçin Məmmədov, Fərhad Əliyevlə şəxsən tanışlığınız olubmu? - Xeyr, haradan olsun. O, nazir idi, mənsə onun işçisi. - İlkin ifadənizdə demisiniz ki, Vəlixan Əliyev hər ay Fərhad Əliyevə pul verib. Bunu haradan bilirsiniz? - İstintaqda bu barədə sual veriləndə, dedim ki, Vəlixan Əliyev pulun bir qismini mənə verirdi ki, əmlakın dəyəri kimi banka keçirim. Mən də pulu banka keçirirdim. Pulun digər qismini isə Fərhad Əliyevə verirdi. - Siz yenə də sualıma cavab vermədiniz. Sualı təkrar edirəm. Haradan bilirdiniz ki, Vəlixan Əliyev hər ay Fərhad Əliyevə pul verir? - ...
Dövlət ittihamçısı: - Hörmətli məhkəmə, belə olmaz. Şahid artıq bu suala cavab verib.
E.Quliyev: - Nazir müəllim, indi xoruz yoxdursa, payızda cücə də olmur. Sizsə yox yerdən nə isə yaratmaq istəyirsiniz. Bu cür şahidlər gəlir, istintaqda ağlına gələni deyir. Burada isə suallara cavab verə bilmir. Belə şahidlərin dediklərindən ittiham vermisiniz də. Bu cür yüz şahid gəlsə də, bizə bəs etməz. Çünki bunlar və dedikləri sübut deyil. Amma ittiham bunları sübut kimi qəbul edib. Elçin Məmmədov, istintaqda demisiniz ki, Fərhad Əliyev Maarif Qurbanova, Mirməcid Əhmədova və Vəlixan Əliyevə obyektlərin qiymətlərini aşağı salmaq barədə göstəriş verib. Xahiş edirəm, konkret obyektləri deyəsiniz. - Konkret yadımda deyil. Amma bunları Mirməcid Əhmədov da bilir. - Mirməcid müəllim, bu cür hal olub?
Mirməcid Əhmədov: - Xeyr, olmayıb. - Maarif müəllim, bu yoldaşa və ya digərlərinə obyektlərin qiymətlərinin aşağı salınması barədə göstəriş vermisinizmi?
Maarif Qurbanov: - Xeyr. - Bu yoldaşa hesabat vermisinizmi ki, biz pul yığırıq, yığmırıq? - Xeyr. Daha sonra hakim iş vaxtının sona çatdığını əsas gətirərək prosesin bu gün saat 10:00-a kimi təxirə salındığını deyib tələsik zalı tərk etdi.
E.QƏDİMOV
(“Yeni Musavat” qəzeti, 27.07.07)
HİV/AİDS-ə qarşı mübarizə aparan təşkilatların müraciəti
Kütləvi İnformasiya Vasitələri rəhbərlərinə Azərbaycanda HİV/AİDS-ə qarşı mübarizə aparan təşkilatların Müraciəti
İyul ayının əvvəllərindən başlayaraq yazılı mətbuat orqanlarında, televiziya və radio kanallarında yetkinlik yaşına çatmamış bir qızın HİV daşıyıcısı olması və xəstəliyi şüurlu surətdə yayması ətrafında ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılmaqdadır.
Hadisələr Azərbaycanda HİV/AİDS-ə qarşı mübarizə aparan təşkilatlarda da narahatlıq doğurur. Müzakirələrə qatılan tərəflər HİV/AİDS probleminin bir çox – terminoloji, tibbi, ictimai səhiyyə, psixoloji, hüquqi və etik – aspektləri ilə hələ də tanış olmadığını nümayiş etdirir, və bu da, öz növbəsində, cəmiyyəti bir sıra yolverilməz fəsadlarla üzləşdirir. Nəticə etibarilə, son dövrdə Azərbaycan Respublikasında HİV/AİDS-lə bağlı həyata keçirilən tədbirlərin, xüsusilə də məlumatlandırma və stiqma əleyhinə aparılan işin nəticələri heçə endirilir, bir çox HİV-ə müayinəyə müraciət etmək arzusunda olan şəxslər bu addımdan çəkindirilir, HİV+ şəxslərdə cəmiyyətə qarşı etiraz və aqressiya, cəmiyyətdə isə HİV+ şəxslərə qarşı qorxu və narazılıq oyadılır, və ən başlıcası – gələcəkdə HİV-in yayılmasının qarşısının alınmasına yönəlmış tədbirlərin nəticələrinə perspektivdə mənfi təsir göstərir. HİV daşıyıcısının şəklinin və adının, yəni HİV statusunun, açıqlanması, HİV daşıyıcısı olmağına müayinə edilməmiş şəxslərə “yoluxmuş” damğasının vurulması, HİV-lə yaşayan şəxslərə qarşı etik normalar pozulması, “AİDS” və “HİV” anlayışlarının qarışdırılması, Azərbaycan qanunvericiliyində əks olunmamış İİV və QİÇS abbreviaturasından istifadə olunması, “cinayətkar” ifadəsinin cinayət isbat edilmədən işlənilməsi, ümumi vurğuların səhv düzlənməsi və 200-dən artıq şəxsin iştirak etdiyi münasıbətlərin məsuliyyətini yetkinlik yaşına çatmamış şəxsin üzərinə qoyulması, İnsan Hüquqları haqda Beynəlxalq Konvensiya, “İnsan İmmunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) Yayılmasının Qaşısının Alınması Haqqında” Azərbaycan Respublikasının Qanununun, “Əhalinin Sağlamlığının Qorunması Haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrin pozulması xüsusi narahatlıq yaradır.
Müraciətə qoşulan təşkilatlar KİV-də HİV+ şəxslərə qarşı bü cür münasibətin və HİV/AİDS probleminin bu cür işıqlandırılmasının əleyhinədir və bununla bağlı Kütləvi İnformasiya Vasitələri rəhbərlərinə, Redaktorlar Birliyi və Mətbuat Şurasına HİV/AİDS problemlərinin işıqlandırılmasını aşağıdakı prinsiplər əsasında aparmaq çağirişi ilə müraciət edir:
1. HİV/AİDS-lə yaşayan şəxslərə qarşı mətbuatda etik çərçivələrə sığmayan, stiqma və diskriminasiyaya gətirib çıxaran ifadələrə yol verilməsin.
2. HİV/AİDS-lə bağlı məsələlərin mətbuatda işıqlandırılması Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr nəzərə alınmaqla aparılsın.
3. HİV/AİDS haqqında məsələləri işıqlandırmağa hazırlaşan KİV nümayəndələri öncə Milli AİDS-lə Mübarizə Mərkəzi ilə və HİV-lə yaşayan şəxslərlə işləyən təşkilatlar ilə məsləhətləşmələr aparsın.
Jurnalist ağzını tikərək aclığa başlayıb
24 iyul 2007
Fərəməz Novruzoğlu Israilin səfirilə görüşmək istəyir Qızıldaş qəsəbəsindəki 14 saylı Cəzaçəkmə müəssisəində saxlanılan “Nota Bene” qəzetinin müxbiri Fərəməz Novruzoğlu (Allahverdiyev) iyulun 20-dən həbsinə etiraz olaraq ağzını tikib və aclığa başlayıb. Bu barədə Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu məlumat yayıb.
Xəbərə görə, müxbir Isarilin Bakıdakı səfirliyinin əməkdaşlarının ona baş çəkməsini istəyir. Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən F.Novruzoğlunun aclığa başlamasını və ağzını tikməsini təsdiq ediblər. Xidmətin əməkdaşı “Turan”a bildirib ki, F.Allahevrdiyev aclığa başlaması ilə bağlı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məktubla müraciət edib və o, dodaqlarını adi sapla tikib.
Jurnalist Israilin Bakıdakı səfiri ilə görüşməyi, Azad Mətbuat Şurasının yaradılmasını və məqalələrinin dərc edilməsini tələb edir.
(“Azadlıq” qəzeti)