Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

RAFİQ TAĞI: «BU GÜN BİZİM ÜÇÜN BİR QƏDƏR KƏDƏRLİ OLDU»

Mirzə Xəzər 29 Dek 2007

2007-12-29 – 17:29:00

Bu gün saat 14-də saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan yazıçı-publisist Rafiq Tağı «Media forum» saytının əməkdaşı ilə söhbətində prezident İlham Əliyevin ayın 28-də imzaladığı əfv fərmanını humanist aksiya adlandırıb: «Amma istərdim ki, jurnalistlərin hamısı azadlığa çıxsın. Mən bu siyahıda Eynulla Fətullayevin, Mirzə Sakitin və Qənimət Zahidin də adlarının olmasını istərdim. Onlar buraxılmadığından bu gün bizim üçün bir qədər kədərli oldu».

«Dindarlar sizi və «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlunu azadlığa çıxandan sonra təqib edəcəklərini bildirirdilər. Bunun qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirləri görmək haqda fikirləşirsiniz» sualının cavabında R.Tağı deyib ki, bundan sonra cəmiyyətdə yenidən hansısa gərginlik yaranacağına inanmır: «Mən heç vaxt islamı və peyğəmbəri təhqir etmək niyyətində olmamışam. Mən yalnız mövhumat səviyyəsində olan islama qarşıyam və yazılarımda da bunu qeyd edirəm. Mövhumata qarşı çıxmaq dinə qarşı çıxmaq deyil. Amma bəziləri bunu şişirdərək bizim əleyhimizə böyük kampaniyaya çevirdilər. Etiraf edirəm ki, yazımda filoloji yanlışlıqlar olub. Buna görə də istər tutulmamışdan əvvəl, istərsə də məhkəmə zamanı üzr istəmişəm».

R.Tağı ölkədən mühacirət etmək niyyətinin olmadığını da bildirib: «Mən nə o vaxt məqaləni yazanda, nə təzyiqlərlə üzləşəndə, nə də indi azadlığa çıxandan sonra hər hansı xarici ölkədən sığınacaq almaq haqda düşünmüşəm. Mən 11 il Rusiyada yaşamışam. Xaricə getmək nə böyük işdir ki, bundan ötrü cəmiyyəti də təhqir edəsən? Etiraf edirəm ki, yazılarımın bəziləri cəmiyyətdə şok yaradır. Mən bunların hamısını cəmiyyətin tərəqqisi naminə edirəm».

Yazıçı bundan sonra da cəmiyyətin bir hissəsinin etirazı ilə qarşılana biləsi məqalələr yazacağını istisna etmir: «Bu mənim üslubumdur. Ümumiyyətlə, heç vaxt yazılarımı cəmiyyətin hansısa bir hissəsini təhqir etmək məqsədilə qələmə almıram. Mən sadəcə olaraq həqiqətləri açıq-aşkar söyləməyi sevirəm».

R.Tağı ötən ilin noyabrında «Sənət» qəzetində çap edilmiş «Avropa və biz» yazısına görə tutulmuş və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. O, Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə təqsirli bilinib (milli, irqi və dini ədavətin qızışdırılması). Eyni ittihamla «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu da həbs edilmişdi.

Həbslərə «Avropa və biz» məqaləsində Məhəmməd peğəmbər haqqında səslənən fikirlər səbəb olub. Azərbaycanda və İranda məqaləyə etiraz olaraq aksiyalar keçirilib. Ötən il noyabrın 10-da Bakının Nardaran qəsəbəsində keçirilən aksiyada yazıçı R.Tağının ölümünə fitva verilib.

Qalmaqal baş reaktorla müəllif tutulandlan sonra da davam edib. 2007-ci il noyabrın 21-də İranda ayətullah Mürtəza Bani Fəzl R.Tağı barəsində ölüm fitvası verib. Noyabrın 29-da İranda daha bir ayətullahın – Məhəmməd Fazil Lənkəraninin «Avropa və biz» yazısı ilə əlaqədar fitvası elan olunub. Lənkəraninin ölüm fitvası həm R.Tağıya, həm də S.Sədaqətoğluna şamil edilib.

Prezidentin bu il dekabrın 28-də imzaladığı əfv fərmanı ilə «Sənət» qəzetinin baş redaktoru S.Sədaqətoğlu da azadlığa çıxıb.

(“Media Forum”)

ETTELAAT əməkdaşlarının təbrizli fəal Həsən Əsədinin ailə üzvlərini ciddi təzyiq altında saxladığı barədə məlumatlar yayılıb

Mirzə Xəzər 29 Dek 2007

ETTELAAT MİLLİ FƏALIN AİLƏ ÜZVLƏRİNƏ TƏZYİQ EDİB

2007-12-29 – 18:12:00

ETTELAAT əməkdaşlarının təbrizli fəal Həsən Əsədinin ailə üzvlərini, o cümlədən həyat yoldaşını ciddi təzyiq altında saxladığı barədə məlumatlar yayılıb.

«Media forum» saytı güneydəki mənbələrə istinadla xəbər verir ki, bir neçə gün əvvəl ETTELAAT əməkdaşları H.Əsədini tutmaq üçün onun qaldığı evə gəliblər. Əsədi evdə olmayıb. ETTELAAT əməkdaşları onun ailəsini, o cümlədən xanımını təhqir edərək milli fəalın yerini demələrini tələb ediblər.

H.Əsədi on bir ay əvvəl digər milli fəal Abbas Lisaninin həbsinə etiraz olaraq Ərdəbil həbsxanası qarşısında keçirilən aksiyaya qatıldığı üçün tutulub. Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda günahlandırılan Əsədi 5 ay ETTELAAT-ın Ərdəbil və Təbriz həbsxanalarında saxlandıqdan sonra 70 milyon tümən (təxminən 70 min dollar) mülk girovu müqabilində azadlığa buraxılıb.

H. Əsədinin son vəziyyəti barədə hər hansı bir məlumat verilmir.

«Media forum»

HƏBSDƏ QALAN JURNALİSTLƏR

Mirzə Xəzər 28 Dek 2007

2007-12-28 – 20:01:00

«Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit.

2006-cı il iyunun 23-də qanunsuz narkotik saxlanması ittihamı ilə həbs olunub. 2006-cı il oktyabrın 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə ona 3 il həbs cəzası kəsib. Sonrakı məhkəmə instansiyaları bu qərarı qüvvədə saxlayıb. Hazırda M.Sakit 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev.

2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsi Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədi Tatyana Çaladzenin iddiasına əsasən, E.Fətullayev barəsində 2 il 6 ay müddətinə azaldılqdan məhrumetmə cəzası çıxarıb. Sonradan E.Fətullayevə yeni cinayət işi qaldırılıb və oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə onu Cinayət Məcəlləsinin 214.1 maddəsi (terrorçuluqlala hədələmə), 283.2.2 maddəsi (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 213.2.2 maddəsi (külli miqdarda vergidən yayınma) üzrə təqsirli bilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Hazırda E.Fətullayevin bu hökmdən apellyasiya şikayətinə baxılır. Jurnalist MTN-in təcridxanasında saxlanılır.

«Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov.

İyulun 23-də Cinayət Məcəlləsinin 311.1 maddəsi (rüşvət alma) ilə həbs olunub.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid.

Noyabrın 11-də ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham elan olunub və barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. İttihama noyabrın 7-də «Azadlıq» qəzeti redaksiyasının yerləşdiyi «Azərbaycan» nəşriyyatının binası qarşısında Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Q.Zahid arasında yaranan mübahisə nəticəsində baş vermiş dava səbəb olub.

Həbsdəki jurnalistlərdən ikisi – M.Sakitlə Q.Zahid qardaşdırlar.

Jurnalist fəaliyyəti göstərmiş daha iki şəxs – «Tolışi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov və həmin qəzetin məsul katibi Elman Quliyev dövlətə xəyanətdə təqsirli bilinirlər. Onlar bu ilin fevralından Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılırlar. Hazırda N.Məmmədovla E.Quliyevin məhkəməsi gedir.

“Media Forum” (ixtisarla)

Əvvəlki məqalələr

Sonrakı məqalələr