RAFİQ TAĞI: «BU GÜN BİZİM ÜÇÜN BİR QƏDƏR KƏDƏRLİ OLDU»
2007-12-29 – 17:29:00
Bu gün saat 14-də saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan yazıçı-publisist Rafiq Tağı «Media forum» saytının əməkdaşı ilə söhbətində prezident İlham Əliyevin ayın 28-də imzaladığı əfv fərmanını humanist aksiya adlandırıb: «Amma istərdim ki, jurnalistlərin hamısı azadlığa çıxsın. Mən bu siyahıda Eynulla Fətullayevin, Mirzə Sakitin və Qənimət Zahidin də adlarının olmasını istərdim. Onlar buraxılmadığından bu gün bizim üçün bir qədər kədərli oldu».
«Dindarlar sizi və «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlunu azadlığa çıxandan sonra təqib edəcəklərini bildirirdilər. Bunun qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirləri görmək haqda fikirləşirsiniz» sualının cavabında R.Tağı deyib ki, bundan sonra cəmiyyətdə yenidən hansısa gərginlik yaranacağına inanmır: «Mən heç vaxt islamı və peyğəmbəri təhqir etmək niyyətində olmamışam. Mən yalnız mövhumat səviyyəsində olan islama qarşıyam və yazılarımda da bunu qeyd edirəm. Mövhumata qarşı çıxmaq dinə qarşı çıxmaq deyil. Amma bəziləri bunu şişirdərək bizim əleyhimizə böyük kampaniyaya çevirdilər. Etiraf edirəm ki, yazımda filoloji yanlışlıqlar olub. Buna görə də istər tutulmamışdan əvvəl, istərsə də məhkəmə zamanı üzr istəmişəm».
R.Tağı ölkədən mühacirət etmək niyyətinin olmadığını da bildirib: «Mən nə o vaxt məqaləni yazanda, nə təzyiqlərlə üzləşəndə, nə də indi azadlığa çıxandan sonra hər hansı xarici ölkədən sığınacaq almaq haqda düşünmüşəm. Mən 11 il Rusiyada yaşamışam. Xaricə getmək nə böyük işdir ki, bundan ötrü cəmiyyəti də təhqir edəsən? Etiraf edirəm ki, yazılarımın bəziləri cəmiyyətdə şok yaradır. Mən bunların hamısını cəmiyyətin tərəqqisi naminə edirəm».
Yazıçı bundan sonra da cəmiyyətin bir hissəsinin etirazı ilə qarşılana biləsi məqalələr yazacağını istisna etmir: «Bu mənim üslubumdur. Ümumiyyətlə, heç vaxt yazılarımı cəmiyyətin hansısa bir hissəsini təhqir etmək məqsədilə qələmə almıram. Mən sadəcə olaraq həqiqətləri açıq-aşkar söyləməyi sevirəm».
R.Tağı ötən ilin noyabrında «Sənət» qəzetində çap edilmiş «Avropa və biz» yazısına görə tutulmuş və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. O, Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə təqsirli bilinib (milli, irqi və dini ədavətin qızışdırılması). Eyni ittihamla «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu da həbs edilmişdi.
Həbslərə «Avropa və biz» məqaləsində Məhəmməd peğəmbər haqqında səslənən fikirlər səbəb olub. Azərbaycanda və İranda məqaləyə etiraz olaraq aksiyalar keçirilib. Ötən il noyabrın 10-da Bakının Nardaran qəsəbəsində keçirilən aksiyada yazıçı R.Tağının ölümünə fitva verilib.
Qalmaqal baş reaktorla müəllif tutulandlan sonra da davam edib. 2007-ci il noyabrın 21-də İranda ayətullah Mürtəza Bani Fəzl R.Tağı barəsində ölüm fitvası verib. Noyabrın 29-da İranda daha bir ayətullahın – Məhəmməd Fazil Lənkəraninin «Avropa və biz» yazısı ilə əlaqədar fitvası elan olunub. Lənkəraninin ölüm fitvası həm R.Tağıya, həm də S.Sədaqətoğluna şamil edilib.
Prezidentin bu il dekabrın 28-də imzaladığı əfv fərmanı ilə «Sənət» qəzetinin baş redaktoru S.Sədaqətoğlu da azadlığa çıxıb.
(“Media Forum”)
Əvvəlki məqalə: ETTELAAT əməkdaşlarının təbrizli fəal Həsən Əsədinin ailə üzvlərini ciddi təzyiq altında saxladığı barədə məlumatlar yayılıb
Sonrakı məqalə: Söz Azadlığını Müdafiə Komitəsi prezidentin əfv fərmanını tənqid edir