Arif Yunus: “Metyu Brayza və Beynəlxalq Böhran Qrupu enerji şirkətləri ilə bağlı qüvvələrdir
“QƏRBDƏ QARABAĞI YOX, NEFTİ DÜŞÜNÜRLƏR” ”
“Fevrala qədər Azərbaycanla Ermənistanın ən azı şifahi razılığa gələcəyinə ümid edirik”. Bu fikirlər ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzaya məxsusdur. O deyib ki, “xoşbəxtlikdən” Azərbaycan və Ermənistan prezidentləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni müharibənin bütün region üçün fəlakətə çevrilə biləcəyini anlayır. M.Brayzanın dediklərindən aydın olur ki, artıq faktiki məğlub tərəf olan Azərbaycan təslimçi sazişi imzalamaq ərəfəsindədir. Konfliktoloq Arif Yunus hesab edir ki, fevrala qədər yazılı da olmasa, hansısa şifahi razlaşmanın əldə olunması mümkündür: “Dərd bundadır ki, bir tərəfdən Praqa prosesi adı ilə gedən danışıqlar daha çox ermənilərin xeyrinədir. Həmin sənədə əsasən Azərbaycan Dağlıq Qarabağda referendumun keçirilməsinə razılıq verməklə əvəzində 5-6 rayonun qaytarılmasına nail ola bilər. Ancaq Ermənistanda əmin deyillər ki, hakimiyyət dəyişəcəyi təqdirdə Azərbaycan Dağlıq Qarabağın itirilməsinə razılıq verəcək. Ermənistanda hətta “Azad olunmuş torpaqlar” adlı təşkilat da yaradılıb və onlar yeni iddialarla çıxış edir. Onlar heç ətraf rayonları da qaytarmaq istəmir, hətta Naxçıvana, Türkiyəyə qarşı da iddia qaldırır. Ermənilər faktiki olaraq Praqa prosesi çərçivəsində istəklərinə nail olmaq üzrədir. Amma onlar digər rayonları da qaytarmaq istəmir”.
A.Yunusun fikrincə, hazırda öz cəmiyyətlərinin rəyini bildikləri üçün nə Köçəryan, nə də Əliyev sazişə imza atmağa risk eləmir: “Dövlət başçıları anlayır ki, proses onların xeyrinə deyil. Erməni tərəfin fikrincə, bir gün bütün dünya, o cümlədən Azərbaycan yorulacaq və Dağlıq Qarabağın müstəqilliyin razı olacaq. Bizimkilərsə hesab edir ki, neft gəlirləri sayəsində daha da güclü bir dövlət quracaqlar və ermənilər qorxub torpaqları boşaldacaq. Amma fakt budur ki, Amerika tələsir”. Konfliktoloqun sözlərinə görə, M.Brayzanın və Beynəlxalq Böhran Qrupunun rəhbəri Sabina Frayzerin vaxtaşırı nikbin bəyanatlar səsləndirməsi səbəbsiz deyil: “Beynəlxalq Böhran Qrupu İdarə Heyətinin üzvlərinin siyahısına baxsanız görəsiniz ki, əksəriyyəti neft-qaz kampaniyası ilə sıx bağlı olan şəxslərdir. Brayza və Böhran Qrupu neft kampaniyaları ilə bağlı şəxslərdir. Faktiki olaraq onların bir məqsədi var, nə olursa-olsun regionda Qarabağ problemi həll edilsin. Özü də prolblemin kimin istəyinə uyğun həll edilməsi onlar üçün xüsusi əhəmiyyət kəsb eləmir. Əsas məqsəd odur ki, neft kəmərinə qarşı heç bir təhlükə olmasın. Çünki regionda müharibə başlasa, əlbəttə ki, neft kəmərinə qarşı təhlükə yarana bilər. Onlar da Qarabağı yox, nefti düşünürlər”.
Konfliktoloq onu da bildirdi ki, xarici güclər Azərbaycan və Ermənistanda hakimiyyətlərin dəyişilməsini istəmir: “Onlar bilir ki, hakimiyyət dəyişsə, Qarabağla bağlı danışıqlarda yeni bir mərhələ başlasa, problemlə üzləşəcəklər. Bu qüvvələrin fikrincə, ortada yaxşı sənəd var və ona tez qol çəkilməlidir”.
Elşad PAŞASOY
(“Yeni Musavat” qəzeti)
Əvvəlki məqalə: QƏNİMƏT ZAHİD HƏBSDƏ QALDI, VƏSATƏT RƏDD EDİLDİ
Sonrakı məqalə: 5 JURNALİST - SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, RÖVŞƏN KƏBİRLİ, YAŞAR AĞAZADƏ və FƏRƏMƏZ NOVRUZOĞLU ƏFV OLUNDU