Əvəz Temirxan: “Ilham Əliyev xalqdan üzr istəməlidir”
23 dekabr 2007
Əvəz Temirxan: «Dövlət başçısı ölkəni idarə edə bilmədiyinə görə kim xoşuna gəlmirsə, dərhal onu həbs etdirir»
Bu yaxınlarda Azərbaycan jurnalistlərinin Ermənistana səfər etməsi, bundan bir neçə gün sonra isə düşmən ölkədə “Azərbaycan həftəsi”nin keçirilməsi hələ də müzakirə mövzusudur. Azərbaycan ictimaiyyətində bu tip səfərlərə və tədbirlərə yanaşma fərqlidir. Kimi bunu xəyanət, kimi isə xalq diplomatiyası hesab edir. ALP-nin sədr əvəzi Əvəz Temirxanla müsahibəmizə də aktual olan bu məsələylə bağlı sualla başladıq:
- Bu səfərləri və tədbirləri birmənalı Azərbaycanın xeyrinə yozmaq olmaz. Burada çox şey “xalq diplomatiyası”nda iştirak edəcək adamların mövqeyindən, bu görüşlərin seçildiyi yerdən, ümumi bir strategiyamızın və taktikamızın varlığından asılıdır. Təəssüf ki, Azərbaycanda iqtidarlı-müxalifətli bütün cəmiyyət hələ bu problemin özünü doğru qoya bilmir. Yəni, Azərbaycan cəmiyyəti bu problemin adını dərk edə bilmir. Problemi həll etmək üçün isə ən azı onun nədən ibarət olduğunu bilmək lazımdır. Təsəvvür edin ki, azərbaycanlılar Ermənistandan qovulub, Dağlıq Qarabağ və ətraf rayonlar işğal edilib, azərbaycanlılar etnik təmizləməyə məruz qalıb və s. Bizimkilər bunu əsas götürərək deyirlər ki, bu, Dağlıq Qarabağ problemidir. Əslində isə belə deyil. Bu problem Irəvan və Dağlıq Qarabağ problemidir. 20-ci illərdə Ermənistan əhalisinin yarısını azərbaycanlılar təşkil edib. Amma bu gün orada bir nəfər də azərbaycanlı yoxdur. Faktiki olaraq azərbaycanlılar Ermənistanda etnik təmizləməyə məruz qalıb. Amma bu gün heç kim azərbaycanlıların ora qayıdış hüququndan danışmır. Heç kim bunu problem olaraq gündəmə gətirmir. Ona görə də mən hesab edirəm ki, nə qədər problem düzgün qoyulmayıb, bütün bu danışıqların, səfərlərin, tədbirlərin heç bir əhəmiyyəti olmayacaq.
- Minilliyin Çağırışı Proqramı çərçivəsində Ermənistana nisbətən Azərbaycana az yardım edildi. Hakimiyyət bunu Azərbaycandakı sürətli inkişafla izah edir…
- Xeyr, bu, belə deyil. Bu, o deməkdir ki, Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana nisbətən daha demokratik rejim kimi tanınır. Bu, o deməkdir ki, Ermənistan hökuməti Azərbaycan hökumətinə nisbətən daha çox milli hədəflər uğrunda mübarizə aparır. Yəni, mən bunu rejimin savadsız və səbatsız siyasətinin nəticəsi hesab edirəm. Bir məqamı da qeyd edim. ABŞ yaxşı bilir ki, Ilham Əliyev rejimi Azərbaycan xalqının milyardlarla dollar pulunu mənimsəyib və mənimsəməkdə davam edir. Bu halda nə üçün ABŞ hökuməti pul göndərməlidir ki, alın bunu da xərcləyin.
- Əvəz bəy, bu günlərdə əfv fərmanının imzalanacağı gözlənilir. Çoxları jurnalistlərin də azadlığa buraxılacağı qənaətindədir…
- Bilirsiniz, mən ümumiyyətlə əfv fərmanının imzalanacağını gözləmirəm. Ona görə də bu barədə heç nə deyə bilmərəm. Bir də tutaq ki, bu fərman verildi, hakimiyyət utanmaq əvəzinə, “görün nə qədər adam buraxdıq” deyib yenə də cılız təbliğata başlayacaq. Təsəvvür edin ki, Əliyevlər hakimiyyəti dövründə 42 əfv fərmanı imzalanıb və 4500-dən artıq adam azadlığa buraxılıb. Əslində hakimiyyət xalqdan üzr istəməlidir ki, bu qədər insanı haqsız olaraq repressiyaya məruz qoymuşuq. Ona görə də mən hesab edirəm ki, Ilham Əliyev tezliklə əfv fərmanı verərək haqsız yerə həbs edilənləri azad etməli və Azərbaycan xalqından üzr istəməlidir.
- Müşahidəçilərin fikrincə, jurnalistlərin azad edilib-edilməyəcəyindən asılı olmayaraq repressiyalar davam edəcək…
- Mən də elə hesab edirəm. Amma mən bunu Əliyevlər rejiminin güc göstəricisi kimi qəbul etmirəm. Bu, şəxsən Ilham Əliyevin siyasi zəifliyinin göstəricisidir. Ilham Əliyev ölkəni idarə edə bilmədiyinə görə “babam mənə kor deyib gəlib gedəni vur deyib” prinsipilə kim xoşuna gəlmirsə, dərhal onu həbs etdirir. Ona görə də fikrimcə, repressiyalar davamlı olacaq. Amma xalqın da səbr kasası bir gün daşacaq. Bax onda, Ilham Əliyev nəinki hakimiyyətdə, heç Azərbaycanda duruş gətirə bilməyəcək.
- Repressiyaların davamlı olmasının bir səbəbini də beynəlxalq təşkilatların bu məsələyə adekvat reaksiya verməməsilə izah edirlər. Siz bu barədə nə düşünürsünüz?
- Beynəlxalq təşkilatlar bu gün yerində sayır. Avropa Şurasının rəhbərləri durğunluq illərinin lideri Brejnevə, qurumun özü isə SSRI-nin o dövrdəki Mərkəzi Komitəsinə bənzəyir. Təsəvvür edin ki, bunlar hər siyasi repressiyaya, seçki saxtakarlığına deyirlər ki, bu, demokratiyaya doğru daha bir addımdır. Stalinin bir sözü var, deyir, beynəlxalq təşkilatlar fövqəldövlətlərin saçındakı bantikdir. Indi Avropa Şurası da, ATƏT də fövqəldövlətlərin saçındakı bantikə çox bənzəyir. Və bu qurumlar Azərbaycanda çox miskin görünürlər.
- Əvəz bəy, Pənah Hüseyn müxalifət daxilində yeni qalmaqalın əsasını qoyub. O, müxalifət liderlərini müavinlərin arxasında gizlənməkdə, fərarilikdə ittiham edib…
- Bilirsiniz, biz Pənah bəyə çox güzəştə gedirik. Amma bunun da bir həddi var. Mənə elə gəlir ki, Pənah bəyin Azərbaycan xalqına və müxalifətə ən yaxşı xidməti o olar ki, ümumiyyətlə o, özünü müxalifət olaraq təbliğ etməsin. Ekranda, qəzet səhifələrində görünməsin və özünü unutdursun. Onda müxalifət xalq üçün bir gün ağlaya bilər. Pənah Hüseyndən çox müxalifətə, xalqa zərbə vuran ikinci adam yoxdur!
- O, deyib ki, müxalifətin yeni birliyi yaranmalı, liderlər birgə sənəd imzalamalıdır…
- Mən o imzanı atmağa hazıram. Amma Pənah bəy imzasının arxasında dura biləcəkmi? Pənah bəy tövbə etmək istəyirsə, bəyanat versin ki, Seçki Məcəlləsinə dəyişiklik olunmasa parlamentin işində iştirak etməyəcək. Ümumiyyətlə, mən hesab edirəm ki, indiki vəziyyətdən çıxış yolu üçün Müsavat tərəfindən iki xoşməramlı addım atılmalıdır. Birincisi, artıq indidən prezident seçkilərinə qatılacağını bildirən Isa bəy Seçki Məcəlləsi dəyişdirilməyəcəyi təqdirdə bu addımı atmayacağını bəyan etməlidir. Ikincisi, Müsavat deputat qrupunun üzvləri belə bir bəyanatla çıxış etməlidirlər ki, seçki komissiyaları YAP-ın nəzarətindən çıxarılmasa parlamentin işini boykot edəcəklər. Mən hesab edirəm ki, bu iki xoşməramlı addım atılarsa, demokratik seçki mühiti yaradıla bilər və bu halda artıq finala çıxarıq. Onda da “bir addım geri iki addım irəli” prinsipilə liderlər hərəsi bir addım geri çəkilməklə vahid komanda şəklində seçkilərə getmək olar.
- Sizcə, Isa Qəmbər və Müsavat deputat qrupunun üzvləri belə bir addım atarlarmı?
- Ümid edirəm ki, Isa bəy bu addımı ata bilər. Əgər o, bu addımı atsa, müsavatçı deputatlar da ictimai qınaq obyektinə çevrilər və belə bir addım ata bilərlər. Amma birmənalı şəkildə deyə bilmərəm ki, atacaqlar ya yox.
- Əvəz bəy, “Azadlıq” bloku Seçki Məcəlləsinə dəyişiklik edilməsi məsələsində Müsavat partiyası ilə əməkdaşlıq edir. Amma nədənsə bu, AXCP-Müsavat əməkdaşlığı kimi təqdim edilir. Doğrudan belədir?
- Bilirsiniz, bu məqsədli şəkildə bu cür təqdim edilir. Məqsəd “Azadlıq” blokunun daxilində narazılıq yaratmaqdır. Yəni, bloka daxil olan partiyalar arasında bir-birinə inamsızlıq, şübhə toxumu səpmək istəyirlər. Amma bu, baş tutan deyil.
Seyid
(“Azadlıq” qəzeti, 23.12.2007)
Əvvəlki məqalə: SALEH KAMRANİ, MİRQASIM SEYİDİNZADƏ və MƏHƏMMƏD NÜSRƏTİ AZADLIĞA BURAXILIB
Sonrakı məqalə: ƏLİ İNSANOVUN VƏKİLLƏRİ SƏFİRLİKLƏRƏ MÜRACİƏT ETDİ