QƏNİMƏT ZAHİDİN ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB
2007-12-07 – 20:03:00
Dekabrın 7-də Bakı Apellyasiya Məhkəməsində «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb. «Turan»ın məlumatına görə, şikayət məhkəmənin Q.Zahidi istintaq müddətində 11 min manat məbləğində pula zamin buraxılmasına etiraz etməsilə əlaqədar olub. Vəkil Elçin Sadıqov deyib ki, apellyasiya instansiyası əsassız olaraq Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Baş redaktorun həbsinə noyabrın 7-si saat 16 radələrində «Azadlıq» qəzeti redaksiyasının yerləşdiyi «Azərbaycan» nəşriyyatının binası qarşısında baş vermiş insident səbəb olub. Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Q.Zahid arasında yaranan mübahisə əlbəyaxa dava ilə nəticələnib. Həmin gün Yasamal Rayon Polis İdarəsinə müraciət edən V.Həsənov məhkəmə-tibb ekspertizasından keçib və ona kəllə-beyin travması aldığı barədə rəy verilib.
Noyabrın 10-da həmin polis idarəsinə çağırılan Q.Zahidə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham elan olunub. Bir gün sonra onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. V.Həsənov da eyni ittihamla 2 aylığa həbs edilib.
«Media forum»
Əvvəlki məqalə: KUNQUROVANIN ÖLÜMÜ İLƏ BAĞLI ARAŞDIRMA DAVAM EDİR
Sonrakı məqalə: "Azadlıq" qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidov aclığa başlayıb