Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

FƏRHAD ƏLİYEVİN VƏKİLİ İLƏ GÖRÜŞMƏYƏ HALI OLMAYIB

Mirzə Xəzər 04 Dek 2007

2007-12-03 – 14:05:00

Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev bu gün vəkili Ramiz Məmmədovla görüşə gəlməyib. Bu məlumatı «Media forum» saytına sabiq nazirin digər vəkili Elton Quliyev verib. Onun sözlərinə görə, F.Əliyev özünü pis hiss etdiyi üçün görüşə gəlməyə halı olmadığı haqda xəbər göndərib.

Noyabrın 23-də sabiq nazirlə görüşən E.Quliyev «Media forum»a bildirmişdi ki, təcridxanaya dəvət olunan kardioloq müayinədən sonra diaqnozun dəqiqləşdirilməsi üçün sabiq nazirin müəyyən testdən keçirilməsini tövsiyə edib. Vəkil demişdi ki, F.Əliyevin əsas narahatlığı ürəyində və belində olan ağrılarla bağlıdır. O, sabiq nazirin üzündə şişkinlik olduğunu, əllərinin rənginin saraldığını, yerişində də bir qədər problem yarandığını müşahidə etdiyini bildirirdi.

E.Quliyev MTN təcridxanasının rəisi ilə də görüşərək sabiq nazirin kardioloqun tövsiyə etdiyi testlərdən keçirilməsinə şərait yaradılmasını xahiş etmişdi. Bu gün E.Quliyev «Media forum»a deyib ki, F.Əliyev hələ də həmin testlərdən keçirilməyib.

Fərhad Əliyev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə 10 il müddətinə azadlıqdan məhrum olunub. 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamıyla həbsə alınan sabiq nazir sonradan müxtəlif iqtisadi cinayətlərdə təqsirli bilinib.

«Media forum»

Əvvəlki məqalə: Güney Azərbaycan milli fəallarına qarşı geniş həbs və təzyiqlərin artması barədə yeni məlumatlar yayılmaqdadır

Sonrakı məqalə: APELLYASİYA MƏHKƏMƏSİ EYNULLA FƏTULLAYEVİN ŞİKAYƏTİNƏ BAXACAQ