Vəkillər: Fərhad Əliyev ölüm ayağındadır
FƏRHAD ƏLİYEV ÖLÜM AYAĞINDADIR
MTN təcridxanasından şok xəbər
Vəkillər sabiq nazirin hər an həyatını itirə biləcəyini deyirlər
Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin sağlamlıq durumu kəskin dərəcə də pisləşib. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, sabiq nazir ölüm ayağındadır, yaxın günlərdə sabiq nazir müalicə olunmasa, daha böyük faciə baş verə bilər. Dünən sabiq nazirlə görüşən vəkili İsaxan Aşurov Fərhad Əliyevin sağlıq durumunun pisləşdiyini təsdiq edib: “Fərhad Əliyevin vəziyyəti ağır olaraq qalır. Onun müalicəsinə şərait yaradılmadığından,
vəziyyəti getdikcə pisləşir.
Ümumiyyətlə, onun qapalı kamera şəraitində müalicə olunması da mümkün deyil. Kamerada onu yalnız müayinə etmək mümkündür. Lakin bunu da etmirlər. Baxmayaraq ki, Fərhad Əliyevin ürəyindəki ağrılar onun bel nahiyyəsində də dəhşətli ağrılara çevrilir. Buna kimi biz onun xarici həkiminin onu müayinə və müalicə etməsini tələb edirdiksə, indiki vəziyyətdə bu tələbi səsləndirmirik. İstəyirik ki, özləri istədikləri ürək həkimi ilə onu müayinə və müalicə etsin”.
Vəkil sonda sabiq nazirin vəziyyətinin ağır olduğunu bir daha vurğulayıb. Qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi də təcridxanada olub və sabiq nazirlə görüşüb.
Xatırladaq ki, hələ ötən həftənin sonunda Fərhad Əliyevin digər vəkili Elton Quliyev mətbuata açıqlama vermişdi ki, keçmiş nazirin əlləri saralıb, üzü şişib, yeriyə bilmir.
Qeyd edək ki, iki gün öncə daha bir siyasi məhbus Faina Kunqurova saxlanıldığı istintaq təcridxanasında müəmmalı şəkildə vəfat edib. Onun aclıq aksiyası keçirdiyi üçün öldüyünü iddia edənlər də var. Başqa bir mənbə isə onun nəfəs yolları xəstəliyinin müalicə edilməməsi səbəbindən vəfat etdiyini bildirib. Bu hadisənin fonunda F.Əliyevin həyatına real təhlükə olduğunu əlavə faktlarla sübut etməyə ehtiyac da yoxdur.
CAHANGİR ("Yeni Musavat" qəzeti)
Əvvəlki məqalə: Ədliyyə Nazirliyi noyabrın 18-də həbsxana xəstəxanasında dünyasını dəyişən keçmiş ADP fəalı Faina Kunqurova barədə məlumat yayıb
Sonrakı məqalə: Stokholmda 21 Azər tədbiri keçiriləcək
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3157