Ədliyyə Nazirliyi noyabrın 18-də həbsxana xəstəxanasında dünyasını dəyişən keçmiş ADP fəalı Faina Kunqurova barədə məlumat yayıb
ƏDLİYYƏ NAZİRLİYİ FAİNA KUNQUROVANIN MÜALİCƏDƏN İMTİNA ETDİYİNİ TƏSDİQLƏDİ
2007-11-28 - 14:47:00
Ədliyyə Nazirliyi noyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişən keçmiş ADP fəalı Faina Kunqurova barədə məlumat yayıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən «Media forum» saytına daxil olan məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyi Baş İstintaq İdarəsinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə narkotik maddələri əldə etmə, saxlama və satmağa görə təqsirləndirdiyi, barəsində həbs-qətimkan tədbiri seçilmiş 1974-cü il təvəllüdlü Fəridə (Faina) Mehman qızı Kunqurova 2007-ci il oktyabrın 5-dən Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılırdı: «2007-ci il oktyabrın 19-da o, «astenik vəziyyət» diaqnozu ilə müayinə və stasionar müalicə üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilib.
Müalicə Müəssisəsində xəstəyə «astenik vəziyyət, asteno-nevrotik, depressiv vəziyyət, anoreksiya, kaxesiya 3-cü dərəcə» diaqnozu təyin olunub, xəstənin müalicədən imtina etməsinə baxmayaraq, qanunvericiliyə uyğun olaraq onun simptomatik müalicəsi həyata keçilib. Müalicənin aparılmasının zəruriliyi barədə tibb personalının davamlı səyləri nəticəsində o, müayinə və müalicəyə öz icazəsini verib və həkim heyətinin ciddi nərzarəti altında intensiv müalicə qəbul edib. Aparılmış müalicə tədbirlərinə baxmayaraq F.Kunqurova bu il noyabrın 18-də vəfat edib».
Məlumatda daha sonra bildirilir ki, Ədliyyə Nazirliyi və Nizami Rayon Prokurorluğunun əməkdaşları və məhkəmə tibb ekspertinin iştirakı ilə ölümündən dərhal sonra F.Kunqurovanın meyitinin xarici müayinəsi keçirilib: «F.Kunqurovanın meyiti ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək daxili müayinə aparılması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə göndərilib».
F.Kunqurovanın ölməsi faktını Nizami Rayon Prokurorluğu araşdırma aparır. Nizami rayon prokurorunun köməkçisi Eldar Rəhimov dünən «Turan»a demişdi ki, ilkin məlumata görə, F.Kunqurova Şüvəlan təcridxanasında olarkən qida qəbulundan imtina edib: «Bundan sonra o, təcridxanadan Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb və burada da qidadan və dərman qəbulundan imtina edib, yalnız vəziyyəti ağırlaşanda tibbi yardıma icazə verib. Bundan sonra isə həkimlər onun həyatını xilas edə bilməyib».
Noyabrın 26-da «Turan» Azərbaycan Demokrat Partiyasının keçmiş fəallarından olan F.Kunqurovanın bir neçə həftə əvvəl tam aydın olmayan səbəblərdən saxlanıldığını yayıb. Məlumata görə, polis onu guya şübhəli şəkildə dövlət başçısının korteji keçən yolun yaxınlığında dayandığına görə saxlayıb. Çantasına baxış zamanı polis parlamentin sabiq spikeri və Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin şəkilini tapıb. Qohumlarının fikrincə, F.Kunqurovanın saxlanmasına əsil səbəb bu olub. Bundan sonra isə onu narkotik saxlamaqda ittiham ediblər.
F.Kunqurovanı ilk dəfə 2002-ci ildə xuliqanlıq ittihamı ilə həbs ediblər. O zaman hüquq müdafiəçiləri həbsin əsas səbəbini F.Kunqurovanın keçmiş spiker Rəsul Quliyevin müdafiəsi üçün keçirilən kütləvi aksiyalarda fəal iştirakı olduğunu bildiriblər. İki il sonra, 2004-cü il mayın 10-da F.Kunqurova beynəlxalq ictimaiyyətin, xüsusən Avropa Şurasının çoxsaylı və inadcıl tələblərindən sonra əfv olunub.
«Media forum»
Əvvəlki məqalə: Nizami Quliyev ölüm aclığına başladı
Sonrakı məqalə: Vəkillər: Fərhad Əliyev ölüm ayağındadır
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3156