Nizami Quliyev ölüm aclığına başladı
HƏBSDƏKİ ADP-çi ÖLÜM ACLIĞINA BAŞLADI
Nizami Quliyev ona verilən cəzanın ədalətsiz olduğunu bildirir
Qəzetimizin ötən sayında ADP Balakən rayon təşkilatının sədri Nizami Quliyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsi barədə məlumat vermişdik. Xatırladaq ki, N.Quliyev polis əməkdaşının həyatına sui-qəsddə ittiham edilir. Rayon Elektrik Şəbəkəsi rəisinin şikayəti əsasında N.Quliyevin evinə gələn polislər mənzilin işığını kəsmiş, onu və ailə üzvlərini təhqir etmişdi. Ailəsinin təhqir olunması ilə barışmayan N.Quliyev polisləri qorxutmaq məqsədilə ov tüfəngindən havaya atəş açmışdı.
Bir müddət Balakən meşələrində gizlənən N.Quliyev könüllü olaraq polisə təslim oldu. Lakin təslim olandan sonra ona qarşı ağlasığmaz ittihamlar irəli sürüldü. Onu elektrik şəbəkəsi idarəsinin rəisini qumbara ilə hədələməkdə və ov tüfəngindən açdığı atəşlə polisə xəsarət yetirməkdə günahlandırdılar. N.Quliyev isə siyasi əqidəsinə görə təqiblərə məruz qaldığını bildirdi. Qeyd edək ki, N.Quliyevə məxsus kooperativ rayon rəhbərliyinin göstərişi ilə yandırıldı, işlədiyi müəssisədən uzaqlaşdırıldı, ailə üzvlərinin
işləməsinə imkan verilmədi, sonda isə 12 il həbs cəzasına məhkum edildi.
Dünən N.Quliyevin həyat yoldaşı redaksiyamızla zəng vuraraq ərinin dünəndən ölüm aclığına başladığını söylədi: “Məhkəmənin hökmündən sonra Nizami ölüm aclığına başlayıb. Hakim siyasi sifarişlə Nizamini 12 il müddətinə azadlıqdan məhrum edib. Ailəmiz həmişə hakimiyyətin təzyiqi ilə üzləşib. Dəfələrlə bizə edilən təzyiqlərlə bağlı ölkə başçısına və xarici ölkələrin səfirliklərinə müraciət etmişik. Sonda Nizamini təxribata çəkib həbs etdilər. O, heç kimə xətər yetirməsə də, ən ağır cəzaya məhkum edildi. Nizami hakimin
ədalətsiz qərarına etiraz əlaməti olaraq ölüm aclığına başlayıb və fikrində qətidir”.
Əfqan MUXTARLI ("Yeni Musavat" qəzeti)
Əvvəlki məqalə: İRANIN HÜQUQ MÜDAFİƏÇİLƏRİ AZƏRBAYCANLI MƏHBUSLARIN TALEYİNƏ BİGANƏ QALDIĞI ÜÇÜN QINANIR
Sonrakı məqalə: Ədliyyə Nazirliyi noyabrın 18-də həbsxana xəstəxanasında dünyasını dəyişən keçmiş ADP fəalı Faina Kunqurova barədə məlumat yayıb
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3154