Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Media Hüququ İnstitutu Eynulla Fətullayevin 8 il 6 ay azadlıqdan məhrum edəilməsini cəfəng, ədalətsiz hesab edir

Mirzə Xəzər 01 Noy 2007

Media Hüququ İnstitutu “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin qurucusu, taninmiş jurnalist Eynulla Fətullayevin 8 il 6 ay azadlıqdan məhrum edəilməsini cəfəng, ədalətsiz, tənqidçi jurnalistikanın gözünün qorxudulmasına yönəlik addım sayır.

Azərbaycanın iki ən tirajlı tənqidçi qəzetlərinin qurucusuna belə ağır cəzanın verilməsi ölkəni korrupsiya, yarıtmaz idarəetmə, ədalətsizlik, insan haqlarının pozulması bataqlığından dartıb çıxarmaqda əvəzsiz rol oynaya biləcək tənqidçi xəbər mediasının tamamilə susdurulmasına xidmət edir.

E.Fətullayevin həbsinə və bu müdhiş cəzaya gətirib çıxaran bütün ittihamlar açıq-aşkar qanunsuz və qondarmadır, siyasi nüfuz sahiblərini kəskin tənqid edən cəsarətli jurnalistin ağzını yummaq sifarişinin kobud icrasından başqa bir şey deyil.

2006-cı ilin sonundan başlayaraq jurnalisti nəyin bahasına olursa-olsun batərmaq üçün cürbəcür vasitələr işə salındı. 26 sentyabr 2007-ci il tarixdə Daxili İşlər Nazirinin ittihamları əsasında Nəsimi rayon Məhkəməsi E.Fətullayevə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası verdi. Elə həmin ərəfədə yenə həmin nazirin iddiası ilə həm jurnalistin və qəzetin üzərinə 15 min manat məbləğində ödənc qoyuldu.

Bunun ardınca qəzetə və jurnalistlərə qarşı təzyiqin başqa formaları işə düşdü. Rəsmi “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıxov Eynulla Fətullayevi vətənə xəyanətdə ittiham etdi. Qəzetlərin yazdığına görə o, “Eynulla xarici ölkələrin kəşfiyyat orqanlarının əlində alətdir”, “aldığı qrantlara görə dövlətçilik əleyhinə yazılar yazır”, “Eynulla Fətullayev öldürülməlidir, bunu reallaşdıracağıq” -söylədi. Deputat Həvva Məmmədova “Eynulla Fətullyev həbs edilməməlidir, ölümə məhkum olunmalıdır, mən tələbimim üzərində israrlı olacağam” deyərək, ictimaiyyəti ayağa qalxmağa, jurnalistə ən ağır cəza tələb etməyə çağırdı.

Nüfuzlu qurumlarının xüsusi olaraq təşkil etdikləri şəxslər qəzetlərin redaksiyası qarşısında davamlı piketlər keçırməyə, redaksiya binasını yumurta və pomidor atəşinə tutmağa, qəzet əleyhinə, E.Fətullayev əleyhinə şüarlar səsləndirməyə başladılar.

Sonra həmin piketçilərdən biri – özünü Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin sədri kimi təqdim edən Tatyana Çiladze E.Fətullayevə qarşı xüsusi ittiham irəli sürüb onu hansısa məqaləsində Xocalıdan köçkün düşənlərə böhtan atmaqda ittiham etdi. Məhkəmə tamamilə əsassız, qanundan uzaq, hüquqa söykənməyən bu ittiham şikayətini baxışa qəbul etdi və bu ittiham əsasında E.Fətullayevə ən ağır cəza – 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verdi.

E.Fətullayev artiq həbsdə olduğu zamanda ona qarşı yeni absurd ittihamlar irəli sürüldü. May ayının sonlarında ona qarşı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 214-cü (terrora çağırış) maddələri əsasında cinayət işi başlandı. “Realniy Azerbaydjan” qəzetində dərc olunmuş “Əliyevlər müharibəyə gedir” sərlövhəli yazıda terrora çağırış elementləri “tapan” Baş Prokurorluq və MTN bu yöndə həyata keçirilən istintaq hərəkətləri çərçivəsində “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin kompyüterlərini, jurnalistlərə məxsus sənədləri həbs etdi. Fövqəladə Hallar Nazirliyi qəzetin ofisində yoxlama apardı, binanın texniki təhlükəsizliyi mülahizələrindən çıxış edərək ofisi bağladı. MTN redaksiyanın bütün kompyüterlərini, bütün sənədləri və jurnalistlərin bütün qeyd dəftərlərini götürüb apardı. Bununla da ən tirajlı tənqidçi qəzetlər olan “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” işini dayandırmalı oldu.

Amma bütün bunlar yetmədi. Bir qədər sonra Milli Təhlükəsizlik Nazirliyi E.Fətullayevə qarşı Cinayət Məcəlləsinin 213.2.2 maddəsi üzrə daha bir – vergidən yayınmaq ittihamı irəli sürdü.

Jurnalistin evində axtarış aparan zaman 1 ədəd boş avtomat patronu və artilleriya mərmisinin bir ədəd qəlpəsini tapıb Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə qanunsuz odlu silah, onun komplekt hissələrini, döyüş sürsatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürdülər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə E.Fətullayevi Cinayət Məcəlləsinin 214.1, 283.2.2 və 213.2.2-ci maddələri ilə terrorla hədələmədə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salmqda və vergidən yayınmada suçlu sayaraq 8 il 6 ay azadlıqdan məhrum edib. Məhkəmənin hökmünə əsasən, o, həmçinin Vergilər Nazirliyinə 242 min manat ödəməlidir. Bundan başqa E.Fətullayev 3 min manat həcmində də Milli Təhlükəsizlik Nazirliyinin hesabına pul köçürməlidir. Jurnalistin şəxsi əmlakı olmadığına görə hökmdə əmlak müsadirəsinin nəzərdə tutulmadığı vurğulanıb. Bununla belə göstərilib ki, “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin ofisində may ayında aparılan axtarış zamanı götürülən 23 ədəd kompüter müsadirə olunmalı və geri qaytarılmamalıdır

Media Hüququ İnstitutu Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin Eynulla Fətullayev barəsində çıxardığı hökmü kəskin pisləyir, onun tez bir zamanda tamamilə ləğv olunmasını tələb edir.

Əvvəlki məqalə: «EYNULLA FƏTULLAYEVİ TERRORÇULUQDA TƏQSİRLƏNDİRMƏK CƏFƏNGİYYATDIR»

Sonrakı məqalə: Sadiq İsabəyli: Sepahe- pasdaran beynəlxalq terror şəbəkəsinin nüvəsidir