Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

«TOLIŞİ SƏDO» QƏZETİNİN BAŞ REDAKTORU NOVRUZƏLİ MƏMMƏDOVUN OĞLU EMİL MƏMMƏDOVUN ÖLÜMCÜL DÖYÜLDÜYÜ BİLDİRİLİR

Mirzə Xəzər 31 Okt 2007

2007-10-31 – 10:58:00

Bu ilin fevralında həbs olunan, elə o zamandan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan «Tolışi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun oğlu Emil Məmmədov oktyabrın 30-da günorta saatlarında mülki geyimli şəxslərin hücumuna məruz qalıb. Bu baradə məlumatı «Media forum» saytına Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov verib.

H.Məmmədovun sözlərinə görə, oktyabrın 30-u saat 14 radələrində E.Məmmədov MTN binasındakı qəbul məntəqəsindən atasına ərzaq ötürmək istəyərkən mülki geyimli üç nəfər ona yaxınlaşaraq MTN-in vəsiqəsini göstərib və maşına oturmağı tələb ediblər: «O, ərzağı atasına ötürəndən sonra maşına oturacağını bildirib. Əvvəl buna razılaşan üç nəfər sonra Emili zorla maşına oturdaraq naməlum istiqamətə aparıblar».

H.Məmmədov bildirir ki, sürücüylə birgə dörd nəfər olan həmin şəxslər maşını adam olmayan bir yerdə saxlayıb Emili yarım saat müddətində döyüb və yarıölü halda bir kənara tullayıblar: «Bir müddətdən sonra az-çox özünə gələn Emil bir taksi saxladıb evinə gəlib. Emilin halı çox ağırdır – qulaqları eşitmir, çox güman ki, qulaq pərdəsi partlayıb, gözləri pis görür».

Komitə sədri zərərçəkənin bu gün anası Məryəm Məmmədova ilə birlikdə polisə müraciət edəcəyini deyir.

Qeyd edək ki, N.Məmmədovun digər oğlu – 36 yaşlı Kamran Məmmədov bu il sentyabrın 8-də səhər saatlarında valideynlərinin Bakıdakı mənzilində ürək tutmasından qəflətən vəfat edib.

Komitə sədri K.Məmmədovun vəfatını da ailələrinə olan davamlı təzyiqlərlə əlaqələndirir: «Emilin verdiyi məlumata görə, bir neçə dəfə MTN binasına gedərkən belə hallar baş verib».

N.Məmmədovun iki oğul övladı olub.

Xatırladaq ki, N.Məmmədov «Tolışi sədo» qəzetinin məsul katibi Elman Quliyevlə birgə bu ilin fevralında həbs olunub. Sonradan iki dəfə – may və avqust aylarında hər iki şəxs barəsində istintaq müddəti üç ay uzadılıb.

Rəsmən bəyan olunmamış məlumatlara görə, MTN-in təcridxanasında saxlanılan hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

«Media forum»

Əvvəlki məqalə: EMİN FƏTULLAYEV: «HÖKM ELAN EDİLƏNDƏ EYNULLA GÜLÜRDÜ

Sonrakı məqalə: «EYNULLA FƏTULLAYEVİ TERRORÇULUQDA TƏQSİRLƏNDİRMƏK CƏFƏNGİYYATDIR»