Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

EYNULLA FƏTULLAYEV SON SÖZLƏ ÇIXIŞ EDİB: «BİZİM MƏHKƏMƏLƏRİMİZ NASİST MƏHKƏMƏLƏRİNDƏN DƏ BETƏRDİR»

Mirzə Xəzər 29 Okt 2007

2007-10-29 – 19:17:00

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev son sözlə çıxış edib.

O, çıxışında müdafiəçilərinə minnətdarlığını bildirib və valideynlərindən onları narahat etdiyinə görə üzr istəyib. O, «Monitor» jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun sözlərini xatırladıb: «Azərbaycanda jurnalist yetim olmalıdır».

E.Fətullayev dövlət ittihamçısına «çox yüngül cəza» üçün «təşəkkür» edib və deyib: «Latın Amerikası ölkələrində jurnalistləri timsahlara atırlar və ya daha ekzotik cəzalar düşünürlər».

Baş redaktor qeyd edib ki, yalnız Çində jurnalist 10 il müddətinə həbsə məhkum olunub. E.Fətullayev Azərbaycan məhkəmələrini nasist məhkəmələri ilə müqayisə edib: «Lakin hətta Hitlerin vaxtında Ernest Telmana bəraət qazandırılıb. Belə çıxır ki, bizim məhkəmələrimiz nasist məhkəmələrindən də betərdir».

Avropa Məhkəməsində iş müttəhimin xeyrinə həll olunarsa, cərimələri işi aparan hakimin ödəyəcəyi haqda Məhkəmə-Hüquq Şurasının bəyanatını xatırladan E.Fətullayev bildirib: «Baxmayaraq ki, mənim işim Avropa Məhkəməsində uğur qazanacaq, bununla belə mən sizdən pul almayacam».

Prosesdə E.Fətullayevin vəkilləri də çıxış ediblər. Vəkil İsaxan Aşurov bildirib ki, müdafiə etdiyi şəxs ikinci dəfədir məqalələrinə görə mühakimə olunur. Vəkilin sözlərinə görə, jurnalistə qarşı konkret olaraq Azərbaycan dövləti çıxış edir. Xarici səfirliklərə qarşı terror təhlükəsinin olduğu haqda ittihama baxmayaraq, həmin səfirliklərin nümayəndələri məhkəmədə dindirilməyiblər. Dindirilmiş xarici şirkətlərin əməkdaşları isə terrorçuluq mövzusuna toxunmayıblar.

İ.Aşurovun sözlərinə görə, cinayətin nə obyekti, nə də subyekti var. İş 19 cilddən ibarətdir, onlardan 17-si vergidən yayınmaya aiddir. Vəkil bildirib ki, həbsə qədər E.Fətullayevin vergi orqanları ilə heç bir problemi olmayıb. İ.Aşurov Fətullayevə qarşı qaldırılmış işi söz azadlığına qəsd kimi qiymətləndirib və məhkəmədən jurnalistə bəraət qazandırmağı, onun işini aparmış müstəntiqləri cinayət məsuliyyətinə cəlb etməyi xahiş edib.

«Turan» agentliyi xəbər verir ki, iş üzrə hökm oktyabrın 30-da saat 11:00-da çıxarılacaq.

Oktyabrın 26-da keçirilən prosesdə dövlət ittihamçısı Çingiz Şükürov E.Fətullayevin Cinayət Məcəlləsinin 214.1 maddəsi (terrorçuluqlala hədələmə) üzrə 9 il, 283.2.2 maddəsi (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) üzrə 4 il, 213.2.2 maddəsi (külli miqdarda vergidən yayınma) üzrə 4 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Ç.Şükürov Yasamal Rayon Məhkəməsinin aprelin 20-də E.Fətullayev barəsində 2 il 6 ay müddətinə həbs cəzası çıxardığını əsas götürərək jurnalistin ümumilikdə 10 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

E.Fətullayev aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədi Tatyana Çaladzenin iddiası əsasında 2 il 6 ay müddətinə həbs olunub. Jurnalist 2 il əvvəl qələmə aldığı «Qarabağ gündəliyi» adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb.

Mayın 16-da MTN-in Baş İstintaq İdarəsində E.Fətullayevin rəhbərlik etdiyi KİV-də getmiş məlumatlarla əlaqədar Cinayət Məcəlləsinin 214.1-ci maddəsi (terrorla hədələmə) üzrə cinayət işi başlanıb. Nəticədə E.Fətullayev Bayıldakı istintaq təcridxanasından MTN-in təcridxanasına köçürülüb. Burada ona qarşı Cinayət Məcəlləsinin 214.1 və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə rəsmən ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib.

E.Fətullayevə ittihamların əsasında onun «Realnı Azerbaydjan» qəzetində rus dilində çap olunan «Əliyevlər müharibəyə gedir» yazısının dayandığı bildirilir.

İstintaq E.Fətullayevi vergi ödənməsindən külli miqdarda yayınmada (Cinayət Məcəlləsinin 213.2.2 maddəsi) da ittiham edib. Həmin ittihamda E.Fətullayevin 242 min 522 manat vəsaiti mənimsədiyi bildirilir.

(Media Forum)

Əvvəlki məqalə: Rizvan Talıbov: Bu iqtidar hakimiyyətdə qaldıqca Azərbaycan xalqının gələcəyi ümidsiz, qaranlıq olacaq!

Sonrakı məqalə: TƏBRİZ UNİVERSİTETİNİN MÜƏLLİMİ İŞ YERİNDƏ HƏBS OLUNUB