Rizvan Talıbov: Bu iqtidar hakimiyyətdə qaldıqca Azərbaycan xalqının gələcəyi ümidsiz, qaranlıq olacaq!
HƏBSXANADAN XALQI MÜBARİZƏYƏ ÇAĞIRAN VAR… Rizvan Talıbovun növbəti müraciəti yayıldı
Redaksiyamıza bu il sentyabrın 20-də Sumqayıt Şəhər Məhkəməsinin siyasi sifariş əsasında çıxardığı hökm ilə 4 il azadlıqdan məhrum edilən Qərbi Azərbaycana Qayıdış Birliyinin (QAQB) sədri Rizvan Talıbovun müraciəti daxil olub. AŞ PA, ATƏT kimi nüfuzlu qurumlara, xarici ölkələrin səfirliklərinə, hüquq müdafiəçilərinə, ölkə və dünya mediasına, ictimai-siyasi xadimlərə ünvanlanan müraciəti təşkilat sədri saxlandığı Şüvəlan təcridxanasından göndərib. Müraciətdə R.Talıbov bildirib ki, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Təhminə Xəlilovanın sədrliyi, dövlət ittihamçısı Mövlud Osmanovun iştirakı ilə ona qarşı cinayət törədilib: “Eşitdiklərimdən, gördüklərimdən, öz başıma gələnlərdən belə qənaətə gəlmişəm ki, Azərbaycanda bir dənə də olsun ədalətli qanunauyğun məhkəmə hökmü çıxarılmır. Görəsən, bu ölkənin xarici səfərlərdən, dünya turnesindən doymayan prezidentinin Azərbaycan vətəndaşlarının məruz qaldıqları bu haqsızlıqlardan, dəhşətlərdən xəbəri varmı? Əgər xəbəri varsa, birmirmi ki, günahsızı cəza alan, cinayətkarı cəzasız qalan ölkənin iqtidarı hökmən hakimiyyətini itirəcək?! Mən ictimai fəaliyyətlə məşğul olan şəxs kimi, cəmiyyətimiz üçün taun epidemiyasından təhlükəli xarakter alan rüşvət və korrupsiyanın tamamilə yox edilməsini istəmişəm və istəyirəm. Ölkəmizdə insan haqlarına hörmət olunmasını, demokratik, ədalətli cəmiyyətin qurulmasını, sosial ədalətin təmin olunması üçün neft və digər təbii sərvətlərdən hər bir vətəndaşa pay düşməsini arzu etmişəm və bu yolda mübarizəmi davam etdirəcəyəm”. R.Talıbov bildirib ki, elə bu prinsipiallığına görə Sumqayıt Şəhər Polis İdarəsi cinayət-axtarış şöbəsinin hazırladığı xüsusi plan və həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Bu biabırçı əməliyyatı təfsilatı ilə müraciət etdiyi ünvanlara çatdıran QAQB sədri həmin təşkilatları Azərbaycanda baş verənlərə biganə qalmamağa çağırıb: “Azərbaycandakı qanunsuzluq və özbaşınalıqlara, insanların faciəsinə biganə qalmayın! Zülmə, haqsızlığa məruz qalmış azərbaycanlıları bu qəddar, rüşvətxor, korrupsiyaçı, cinayətkar rejimin qanlı caynaqlarında ümidsiz vəziyyətdə buraxmayın!” “Qayıdış”ın rəhbəri ölkə vətəndaşlarına da müraciət edib: “Unutmayın ki, hər biriniz belə bir tale ilə üz-üzə qala bilərsiniz! Bu iqtidar hakimiyyətdə qaldıqca Azərbaycan xalqının gələcəyi ümidsiz, qaranlıq olacaq! Nə qədər ki, gec deyil, haqq səsinizi ucaldın! Uca Tanrı yardımçınız olsun!”
ELŞAD
(“Yeni Musavat” qəzeti)
Əvvəlki məqalə: Prokuror «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə 10 il həbs cəzası istəyib
Sonrakı məqalə: EYNULLA FƏTULLAYEV SON SÖZLƏ ÇIXIŞ EDİB: «BİZİM MƏHKƏMƏLƏRİMİZ NASİST MƏHKƏMƏLƏRİNDƏN DƏ BETƏRDİR»