Prokuror «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə 10 il həbs cəzası istəyib
PROKUROR EYNULLA FƏTULLAYEVƏ 10 İL İŞ İSTƏDİ. VƏKİL «BP» ŞİRKƏTİNİN SÖZ AZADLIĞININ BOĞULMASINDA İŞTİRAKÇI OLDUĞUNU DEYİR 2007-10-26 – 13:01:00
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokuror Çingiz Şükürov «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə 10 il həbs cəzası istəyib.
«Media forum» saytının məlumatına görə, hakim Mehdi Əsədovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə şahid Aydın Hacıyevin dindirilməsi vəsatəti ilə bağlı məsələ müzakirə edilib. Hakim ittiham tərəfinin qaldırdığı vəsatətə cavab olaraq məlumat verib ki, dünən polis şahidin evində olub. Lakin A.Hacıyevin həyat yoldaşı polisə deyib ki, A.Hacıyev müqavilə ilə Moskvadakı ali məktəblərin birində dərs deyir.
Vəkil İsaxan Aşurov bildirib ki, əgər şahid həqiqətən də müqavilə əsasında başqa ölkədə çalışırsa, onda nə üçün bu barədə istintaqa, eləcə də məhkəməyə sənəd təqdim edilməyib. Vəkil məsələnin məhkəmə tərəfindən araşdırılmasını istəyib.
İ.Aşurov «bp» şirkətinin Azərbaycandakı təmsilçiliyinin təhlükəsizlik xidməti əməkdaşının məhkəmədə ifadə verdiyini xatırladaraq bildirib ki, o, «bp»nin baş ofisinə bununla bağlı məktub yazıb. Məktubda vəkil şirkətin Azərbaycandakı təmsilçiliyinin söz azadlığının boğulmasında iştirak etdiyini vurğulayıb.
Bundan sonra hakim sənədlərin elan edilməsinə başlayıb. Əsasən professor A.Hacıyevin verdiyi ifadələr, eləcə də E.Fətullayevin və «Gündəlik Azərbaycan»la «Realnı Azerbaydjan»ın redaksiya telefonlarının dinlənməsinə dair qərar elan olunub. Bu qərarı Baş Prokurorluğun təqdimatı ilə Səbayel Rayon Məhkəməsi çıxarıb. Qərara əsasən, E.Fətullayevin şəxsi telefonları da dinlənib. Səbayel məhkəməsi telefonları 6 ay ərzində dinləməyə icazə verib.
Bugünkü prosesin sonunda dövlət ittihamçısı Ç.Şükürov məhkəmə istintaqının bitməsi haqda məsələ qaldırıb.
O, E.Fətullayevin Cinayət Məcəlləsinin 214.1 maddəsi (terrorla hədələmə) üzrə 9 il, 283.2.2 maddəsi (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) üzrə 4 il, 213.2.2 maddəsi (külli miqdarda vergidən yayınma) üzrə 4 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Yasamal Rayon Məhkəməsinin aprelin 20-də E.Fətullayev barəsində 2 il 6 ay müddətinə həbs cəzası çıxardığını əsas götürərək jurnalistin ümumilikdə 10 il müddtinə azadlıqdan məhrum edilməsini istəyib. Yəni prokurorun tələbinə görə, E.Fətullayev cəza müddəti aprelin 20-dən hesablanmaqla 10 il həbs almalıdır.
Müdafiə tərəfin çıxışa hazırlaşmaq məqsədilə 5 gün vaxt verilməsini xahiş etsə də, proses oktyabrın 29-a təyin olunub. Həmin gün müdafiə tərəfin çıxışları dinlənəcək.
E.Fətullayev aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədi Tatyana Çaladzenin iddiası əsasında 2 il 6 ay müddətinə həbs olunub. Jurnalist 2 il əvvəl qələmə aldığı «Qarabağ gündəliyi» adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb.
Mayın 16-da MTN-in Baş İstintaq İdarəsində E.Fətullayevin rəhbərlik etdiyi KİV-də getmiş məlumatlarla əlaqədar Cinayət Məcəlləsinin 214.1-ci maddəsi (terrorla hədələmə) üzrə cinayət işi başlanıb. Nəticədə E.Fətullayev Bayıldakı istintaq təcridxanasından MTN-in təcridxanasına köçürülüb. Burada ona qarşı Cinayət Məcəlləsinin 214.1 və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə rəsmən ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib.
E.Fətullayevə ittihamların əsasında onun «Realnı Azerbaydjan» qəzetində rus dilində çap olunan «Əliyevlər müharibəyə gedir» yazısının dayandığı bildirilir.
İstintaq E.Fətullayevi vergi ödənməsindən külli miqdarda yayınmada (Cinayət Məcəlləsinin 213.2.2 maddəsi) da ittiham edib. Həmin ittihamda E.Fətullayevin 242 min 522 manat vəsaiti mənimsədiyi bildirilir.
«Media forum»
Əvvəlki məqalə: Xandadaş Şahqubadbəyli: Hörmətli Mirzə müəllim...
Sonrakı məqalə: Rizvan Talıbov: Bu iqtidar hakimiyyətdə qaldıqca Azərbaycan xalqının gələcəyi ümidsiz, qaranlıq olacaq!