Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

«EYNULLA FƏTULLAYEVİ TERRORÇULUQDA TƏQSİRLƏNDİRMƏK CƏFƏNGİYYATDIR»

Mirzə Xəzər 31 Okt 2007

HOLLİ KARTNER: «EYNULLA FƏTULLAYEVİ TERRORÇULUQDA TƏQSİRLƏNDİRMƏK CƏFƏNGİYYATDIR» 2007-10-31 – 11:55:00

«Human Rayts Votç» beynəlxalq insan haqları təşkilatı «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə çıxarılmış hökmə münasibət bildirib.

«Media forum» saytının məlumatına görə, təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Holli Kartner E.Fətullayevin 8 il yarım müddətinə azadlıqdan məhrum edilməsini «Azərbaycan hakimiyyətinin söz və mətbuat azadlığına qarşı artmaqda olan düşmənçiliyinin təzahürü» adlandırıb. O deyib ki, jurnalistlərə zorakı hücumlar və onlara siyasi motivli cinayət işlərinin qaldırılması Azərbaycanda azad səsi boğmağa xidmət edir.

E.Fətullayevə verilmiş hökmü absurd sayan H.Kartner deyib: «Fətullayevi terrorçuluqda təqsirləndirmək cəfəngiyyatdır. ABŞ və Britaniya mətbuatında mütəmadi olaraq oxşar məqalələr çıxır. Həmin məqalələrdə qeyd olunur ki, İraqda müharibənin davam etdirilməsi ABŞ və Britaniyaya qarşı terror aktları ehtimalını artırır. Bu, qanuni siyasi şərhdir, terrorçuluğa təhrik deyil».

«Media forum»

«TOLIŞİ SƏDO» QƏZETİNİN BAŞ REDAKTORU NOVRUZƏLİ MƏMMƏDOVUN OĞLU EMİL MƏMMƏDOVUN ÖLÜMCÜL DÖYÜLDÜYÜ BİLDİRİLİR

Mirzə Xəzər 31 Okt 2007

2007-10-31 – 10:58:00

Bu ilin fevralında həbs olunan, elə o zamandan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan «Tolışi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun oğlu Emil Məmmədov oktyabrın 30-da günorta saatlarında mülki geyimli şəxslərin hücumuna məruz qalıb. Bu baradə məlumatı «Media forum» saytına Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov verib.

H.Məmmədovun sözlərinə görə, oktyabrın 30-u saat 14 radələrində E.Məmmədov MTN binasındakı qəbul məntəqəsindən atasına ərzaq ötürmək istəyərkən mülki geyimli üç nəfər ona yaxınlaşaraq MTN-in vəsiqəsini göstərib və maşına oturmağı tələb ediblər: «O, ərzağı atasına ötürəndən sonra maşına oturacağını bildirib. Əvvəl buna razılaşan üç nəfər sonra Emili zorla maşına oturdaraq naməlum istiqamətə aparıblar».

H.Məmmədov bildirir ki, sürücüylə birgə dörd nəfər olan həmin şəxslər maşını adam olmayan bir yerdə saxlayıb Emili yarım saat müddətində döyüb və yarıölü halda bir kənara tullayıblar: «Bir müddətdən sonra az-çox özünə gələn Emil bir taksi saxladıb evinə gəlib. Emilin halı çox ağırdır – qulaqları eşitmir, çox güman ki, qulaq pərdəsi partlayıb, gözləri pis görür».

Komitə sədri zərərçəkənin bu gün anası Məryəm Məmmədova ilə birlikdə polisə müraciət edəcəyini deyir.

Qeyd edək ki, N.Məmmədovun digər oğlu – 36 yaşlı Kamran Məmmədov bu il sentyabrın 8-də səhər saatlarında valideynlərinin Bakıdakı mənzilində ürək tutmasından qəflətən vəfat edib.

Komitə sədri K.Məmmədovun vəfatını da ailələrinə olan davamlı təzyiqlərlə əlaqələndirir: «Emilin verdiyi məlumata görə, bir neçə dəfə MTN binasına gedərkən belə hallar baş verib».

N.Məmmədovun iki oğul övladı olub.

Xatırladaq ki, N.Məmmədov «Tolışi sədo» qəzetinin məsul katibi Elman Quliyevlə birgə bu ilin fevralında həbs olunub. Sonradan iki dəfə – may və avqust aylarında hər iki şəxs barəsində istintaq müddəti üç ay uzadılıb.

Rəsmən bəyan olunmamış məlumatlara görə, MTN-in təcridxanasında saxlanılan hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

«Media forum»

EMİN FƏTULLAYEV: «HÖKM ELAN EDİLƏNDƏ EYNULLA GÜLÜRDÜ

Mirzə Xəzər 30 Okt 2007

EMİN FƏTULLAYEV: «HÖKM ELAN EDİLƏNDƏ EYNULLA GÜLÜRDÜ. ƏLBƏTTƏ, BELƏ ABSURD HÖKMƏ GÜLMƏKDƏN BAŞQA NECƏ REAKSİYA BİLDİRMƏK OLAR?» 2007-10-30 – 16:26:00

«Hakim hökmü elan edəndə Eynulla gülürdü. O nə hakimə, nə də zalda oturanlara bir söz dedi, sadəcə gülürdü. Əlbəttə, belə absurd hökmə gülməkdən başqa necə reaksiya bildirmək olar?» Bu sözləri «Media forum» saytının əməkdaşı ilə söhbətində «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev deyib.

Emin Fətullayev bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxardığı hökmə münasibət bildirərkən qeyd edib ki, bu hökm haqsızdır: «Heç bir dəlil-sübut olmadan jurnalistə bu qədər iş verdilər. Belə bir hadisə dünyanın heç yerində baş verməyib. Əslində deməyə söz də tapmıram».

Emin Fətullayev oğluna veriləcək cəzanın ağır olacağını gözləyirmiş: «Amma bu dərəcədə ağır cəzanın verilməsi, mənə elə gəlir, heç bir çərçivəyə sığan deyil. Düzdür, apellyasiya instansiyasına da müraciət olunacaq. Amma o instansiya da aşağı instansiyasının tayıdır. Qalır ancaq Avropa Məhkəməsi… Bir də bu məsələyə prezident əfv fərmanı ilə nöqtə qoya bilər».

Bu ilin yayında baş redaktorun anası Gülşən Fətullayevanın prezident İlham Əliyevə müraciət etdiyini xatırladan Emin Fətullayev ailə tərəfindən yeni müraciətə ehtiyac görmür: «Bildiyimə görə, Eynullanın özü də müraciət edib. Məsələ qalır onların öz insafına…»

Baş redaktorun atası oktyabrın 31-də ABŞ səfirliyində olacağını və oğluna qarşı çıxarlan hökmdən etirazını bu ölkənin nümayəndəliyinə çatdıracağını deyib: «Məhkəmədə ABŞ səfirliyinin nümayəndəsi iştirak edirdi və ondan belə bir görüş üçün şərait yaradılmasını xahiş etdim. Həmin nümayəndə bildirdi ki, səhər məni diplomatik korpusun rəsmi şəxslərindən biri ilə görüşdürəcək».

«Media forum»

Əvvəlki məqalələr