Əli İnsanov: “XALQ BU REJİMƏ NİFRƏT EDİR”
Əli İnsanov məhkəmədə od püskürdü Əli İnsanov: “Sizi əmin edirəm ki, Azərbaycanda demokratik cəmiyyət quracağıq”
Dünən Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanov və digərilərinin işi üzrə prosesdə dövlət ittihamçısı Məhərrəm Mustafayev çıxış etdi. Onun sözlərindən məlum oldu ki, Əli İnsanov və digərlərinə qarşı ittihamlar istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsində sübuta yetirilib. 32 səhiyyə obyektinin qeyri-qanuni özəlləşdirildiyini deyən dövlət ittihamçısının sözlərinə görə, həmin obyektlərin üzərində dövlət mülkiyyətinin bərpa olunması tələbilə baş prokuror iddia qaldırıb. Birinci instansiya məhkəməsi 25 obyekt üzrə iddianı təmin edib. Qalan yeddi obyektlə bağlı məhkəmə belə qənaətə gəlib ki, həmin obyektlərin sahibləri vicdanlı alıcılardır və onlardan əmlak geri tələb olunmamalıdır. Əli İnsanovun istintaq və birinci instansiya məhkəməsində ittihamları qəbul etmədiyini qeyd edən dövlət ittihamçısının çıxışından o da məlum oldu ki, sabiq nazirin 6 milyon 919 min dollarlıq əmlakı müsadirə olunub. Əli İnsanovun səhiyyə obyektlərini yaxın qohumlarının adına qanunsuz özəlləşdirməsi, rüşvət alması kimi ittihamlar Səhiyyə Nazirliyi Büdcədənkənar Tibbi Xidmətin sabiq rəisi Vəkil Abbasov, onun qardaşı oğlu Fəxrəddin Abbasov, nazirliyin Əczaçılıq və Tibbi Texnika şöbəsinin keçmiş müdiri Akif Məhərrəmov və digərlərinin ifadələrilə də sübuta yetirilib. Məhərrəm Mustafayev vəkillərin cəza təyin olunarkən ev dustaqlığı müddətinin cəza kimi qəbul olunmaması iradını qəbul etdi. Bildirdi ki, qanunvericiliyə görə, cəza təyin olunarkən ev dustaqlığı dövrü cəzadan çıxılmalıdır. İbtidai istintaq və birinci instansiya məhkəməsi dövründə Əli İnsanov istisna olmaqla qalan təqsirləndirilən şəxslər həbsdə olmayıb. Onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hökm çıxarılarkən onların bir qismi şərti cəzalandırılsa da, beş nəfər azadlıqdan məhrum edildi. Həmin şəxslərin ev dustağı olduqları müddət cəza kimi hesablanmadı. Dövlət ittihamçısı bu səbəbdən hökmün Akif Məhərrəmov, Aleksandr Umnyaşkin, Pərviz Kazımov və Fəxrəddin Abbasovla bağlı hissəsinin dəyişdirilməsini istədi. O, Akif Məhərrəmovun 7 il 6 ay, Aleksandr Umnyaşkinin 1 il 10 ay, Pərviz Kazımov və Fəxrəddin Abbasovun isə hər birinin 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif etdi. Hökmün Əli İnsanov, onun bacısı oğlu Anar Namazov və Eldar Rzayevlə bağlı hissəsinə isə dəyişikliyə ehtiyac görmədi. Həmçinin bayaqdan ev dustaqlığını cəza dövrü hesab edən dövlət ittihamçısı Anar Namazovun ev dustağı olduğu dövrün cəzadan çıxılmasını da məqsədəuyğun saymadı. Hökmün mülki iddialarla bağlı hissəsi də dəyişdirilməməsini istədi. Dövlət ittihamçısının çıxışından sonra məhkəmə onun dediklərinə münasibət bildirmək üçün təqsirləndirilən şəxslər və onların vəkillərinə replika hüququndan istifadəni təklif etdi. Əli İnsanov bu hüquqdan istifadə etdi: - Məni müdafiə edən, mənəvi dayaq duran təşkilatlara, ayrı-ayrı şəxslərə təşəkkür edirəm. Elmlər Akademiyasının üzvlüyündən çıxarılmağım məsələsi qoyulanda əleyhimə səs verməyənlərə də minnətdaram. Hakim: - Dövlət ittihamçısının çıxışına münasibət bildirin. - Siz mənə yalan ittihamlarla 11 il cəza vermisiz, mən dözürəm, amma siz mənim beş dəqiqəmə dözə bilmirsiz. - Sizə 11 ili biz verməmişik. - Kağız bütün yalanlara dözür. Dövlət ittihamçısı çıxışına kifayət qədər yalan ifadələr daxil etmişdi. İndi də estafeti o alıb, ittihamı təsdiqlədi. İki ildir ki, qanunsuz və əsassız həbsdəyəm. Bu dövr həyatımın ən mənalı dövrüdür. Çünki həyatımın bu illərində ailə-klan hakimiyyətinə, avtoritar rejimə qarşı mübarizəyə töhfə verirəm. - Çıxışa münasibət bildirin, yoxsa sözünüzü kəsəcəyəm. - Niyə iqtidarın ünvanına təriflər deyəndə kəsmirsiz, amma tənqid edən kimi kəsirsiz? - Biz nə tərifə, nə də tənqidlərə qulaq asırıq. Mahiyyət üzrə danışın. - Prokuror yenə həbsimin əsl səbəblərinin, siyasi motivlərin üstündən ehmalca keçdi. Prezidentin fəaliyyətindəki qanunsuzluqlar da bir kənarda qaldı. - Sizə xəbərdarlıq edirəm. - Bir nəfər üzümə durub demədi ki, mənim üçün nə isə edib, mənə nə isə verib. Siz məhkəmələrin hüququ yoxdur, işiniz yuxarıdan gələn kağızları “notarius” kimi möhürləməkdən ibarətdir. Mənim işimdə sizlər heç kimsiniz. Bu işdə prokuror da, hakim də İlham Əliyevdir. - Sizə bir daha xəbərdarlıq edirəm, mahiyyət üzrə danışın. - Siz məni danışmağa qoyacaqsız, yoxsa yox? Bu qədər uydurma ittihamlar olmaz axı. Təəssüf ki, Azərbaycanda dövlət idarəolunmaz vəziyyətə gətirilib. Dövlətin sükanı avtopilotdadır. Bu insanları nə qədər qorxu içində saxlamaq olar. Qorxu xəstəlikdirsə, nifrət də onun dərmanıdır. İnsanlarda bu rejimə qarşı nifrət getdikcə artır. Bütün nüfuzlu insanları məhv edirlər, güllələyirlər, ölkədən didərgin salırlar. Nüfuzlu adamları məhv etməklə korrupsioner… - Sonuncu dəfə xəbərdarlıq edirəm, yoxsa sizin üçün pis olacaq. - Nə edəcəksiz, zaldan çıxaracaqsız? - Lazım gəlsə, zaldan da çıxararıq. - Çıxarın, bəyəm mən öz xoşumla gəlmişəm? - Heç biz də sizi çağırmamışıq. Özünüz xahiş edib gəlmisiz. - Mən sizləri oyatmaq istəyirəm, ey yatmışlar, oyanın. Sizi də cəza gözləyir. Bu milləti arxasınca apara biləcək insanlar var. Sizi əmin edirəm ki, Azərbaycanda demokratik və azad cəmiyyət quracağıq. Azərbaycanın neft gəlirləri göyə sovrulur. 10 gün əvvəl yüksək dövlət rəsmisi bəyan etdi ki, orta məktəb müəllimlərinin maaşı nəinki bir neçə faiz, dəfələrlə qalxacaq. Üstündən iki gün keçməmiş Beynəlxalq Valyuta Fondunun rəsmisi bildirdi ki, inflyasiya buna imkan vermir. Bəyəm prezident bilmirdi ki, onun məmuru nə danışır? Ağızlarına gələni danışırlar. Dövlət rəsmisi nə isə deməmişdən əvvəl prezidenti ilə məsləhətləşsin də. - Dedim axı ki, mahiyyəti üzrə danışın. - Neft Fondunun 70 faizinin xərclənməsi nəzərdə tutulub. Azərbaycanda kosmodrom da tikilsə, təəccüblənməyin. Əli İnsanovun susmadığını görən hakim Qail Məmmədov mikrofonun ondan alınması barədə göstəriş verdi. Mikrofon alınsa da, sabiq nazir yenə susmadı: - Sizdən qanuni, ədalətli qərar gözləmirəm. Prokurorun dediyini təsdiqləməyə məhkumsuz. Çünki sərbəst deyilsiz, müstəqil deyilsiz, əli bağlı qullarsız. Mən sizin gününüzə ağlayıram. - Bizim günümüzə ağlamaq lazım deyil, gedin siz öz gününüzə ağlayın. Əyləşin. - Dövlət ittihamçısının səsləndirdiyi, ona hazır verilən çıxışı qəbul etmirəm. Mənim heç bir təqsirim yoxdur. Bunu sübut etmək imkanım olacaq. Sizdən də heç nə xahiş etmirəm. Həbsimdən yeddi ay əvvəl istefa ərizəmi qəbul etməməklə İlham Əliyev mənə xəyanət etdi. İstədi ki, daha uyğun vaxtda məni həbs etdirsin. Bununla o, çox şey itirdi, qazandığı isə mənim nifrətim oldu. Akif Məhərrəmov da prokurorun çıxışından narazı qaldı: - Üzümü dövlət ittihamçısına tuturam, 9 ildən 33 ay çıxanda 7 il 6 ay qalmır axı. Başa düşürəm ki, dövlət ittihamçısı dövlətin mənafeyinin qorunmasına xidmət edir. Amma qanunverici orqan yüngülləşdirici maddələr müəyyənləşdirib. Cavanlıq, ilk məhkumluq yüngülləşdirici hal kimi nəzərə alınırsa, niyə 66 yaş, elmi nailiyyətlər nəzərə alınmır? Bilirsiz ki, siz bununla mənə ölüm hökmü verirsiz. Özünüz də yaxşı başa düşürsüz ki, heç 7 il 6 ayı da çəkə bilməyəcəm. Siz Akif Məhərrəmovu açıq şəkildə ölümə göndərirsiz. Bundan Azərbaycan elmi nə qazanacaq? Necə olur ki, mənimlə mühakimə olunanlara 70-ci maddə tətbiq edildi, onlara şərti cəza verildi, mənə yox? Akif Məhərrəmovun övladları tələbədir, həyat yoldaşı xəstədir, qardaşı olmasa, evinə bir qəpik də gəlmir. Ona görə də xahiş edirəm, məhkəmə qərar qəbul edərkən bunları nəzərə alsın. Səhiyyə Nazirliyində işlədiyi dövrdə o qədər böyük səlahiyyət sahibi olmadığını deyən Eldar Rzayev bildirdi ki, səhhətində ciddi problemlər var, dərmanla yaşayır, amma bunlar nəzərə alınmır: - Gizli deyil ki, Əli İnsanov tutulmasaydı, mənim adımı çəkən də yox idi. Təqsirləndirilən Pərviz Kazımov da ailə vəziyyətinin ağırlığından danışdı: - Mənə vəzifə saxtakarlığı, etibar olunan əmlakı talama kimi ittihamlar verilib. Mənim nə vəzifəm olub, nə də mənə əmlak etibar olunub ki, onu da talayım. Buradakı təqsirləndirilən şəxslərin də heç birini tanımıram. Əli İnsanov özü də dedi ki, bu kimdir, onu niyə gətirib salıblar bura? Heç bir siyasi partiyanın üzvü deyiləm. Qaçqınam, himayəmdə 100 yaşlı atam, 90 yaşlı anam, iki azyaşlı uşağım var. Beş aydır həbsdəyəm, heç bilmirəm ki, necə dolanırlar. Deyilən müddətdə həbsxanada qalsam, onda gərək uşaqlarım təkər qaraldıb nökərçilik etməklə dolansınlar. Səhiyyə Nazirliyi Beynəlxalq Şöbəsinin müdiri olmuş Aleksandr Umnyaşkin isə dedi ki, ona dövlət əmlakının mənimsənilməsi barədə barədə ittiham verilsə də, mənimsənildiyi iddia olunan 4 min dollar əslində qrantdır: - Qrantı verən təşkilat hesablama aparıb, bildiyimə görə ikinci dəfə də bir neçə milyon veriblər. Əgər birinci dəfə yeyinti olsaydı, onlar heç vaxt bir daha qrant verməzdilər. Bu gün 73 yaşlı anamın məndən başqa heç kimi yoxdur. Mənə verilən ittiham sübuta yetirilməyib. Üstəlik anam həmin məbləği də ödəyib. Ümid edirəm ki, ədalətli qərar qəbul edəcəksiz. Əli İnsanovun bacısı oğlu Anar Namazov bir daha günahsız olduğunu vurğuladı: - Özümü günahsız hesab edirəm. Mənə özəlləşmədə iştirakıma görə ittiham verilib. Yəni, səhv eləyib özəlləşdirmədə iştirak eləmisən. Halbuki mən Konstitusiyada nəzərdə tutulmuş hüququmdan istifadə eləmişəm. Pulumu verib almışam. Özü də indi vəzifə başında olan dövlət məmurundan almışam. Onsuz da bu məhkəmədən qeyri-adi nəsə gözləmirdim. Amma heç olmasa, 62-ci maddənin tətbiqini gözləyirdim. Niyə başqalarına tətbiq olunur, amma mənə yox? Bunu dövlət ittihamçısı izah etsin. Təqsirləndirilənlərin bəzilərinə şərti iş veriblər, bəzilərini azadlıqdan məhrum ediblər. Mənə qarşı qərəz var. Bunun səbəbinin xırdalığına getmək istəmirəm, çünki hamıya məlumdur. Özümü günahkar hesab etmədiyimə görə mərhəmət də diləmirəm. Belə çıxır ki, pulumu ödəyib əşya almışam, sonra gəlib deyirlər ki, oğurluqdur. Onu qaytarırsan, özünü həbs eləyirik, verdiyin məbləği də qaytarmırıq. Birinci instansiya məhkəməsində mənim barəmdə hökm çıxarılanda vicdan rəhbər tutulmamışdı. İndi də azadlıq gözləmirəm, heç olmasa, 62-ci maddənin tətbiqini gözləyirəm. Əli İnsanovun vəkili Ağaveyis Şahverdi isə dedi ki, dövlət ittihamçısının ibtidai istintaqdakı sübutlara istinad etməsi düzgün deyil. Yalnız məhkəmədə tədqiq olunmuş sübutlara istinad olunmalıdır. Əvvəlki hökmdə ifadələrin saxtalaşdırıldığını deyən vəkilin sözlərinə görə, bunu sübut etmək üçün birinci instansiyada aparılmış çəkilişin nümayiş etdirilməsi barədə vəsatət qaldırmışdılar. Lakin Bakı Apellyasiya Məhkəməsində bu vəsatəti təmin etmədilər və bununla da obyektiv olmadıqlarını göstərdilər. Vəkil tibb müəssisələrinin özəlləşdirilməsinə dair ittihama da toxundu: - Dövlət ittihamçısı deyir ki, tibb müəssisələri yalnız prezident sərəncamı ilə özəlləşdirilə bilər. Yaxşı, niyə özəlləşdirmə barədə sənədə imza ataraq prezidentin səlahiyyətlərini mənimsəmiş şəxs məsuliyyətə cəlb olunmayıb? Ağaveyis Şahverdinin sözlərinə görə, Əli İnsanovun əmlakının bir hissəsi geri qaytarılmalıdır: - Qanuna görə, şəxs nə qədər ziyan vurubsa, onun həmin dəyərdə əmlakı müsadirə oluna bilər. Buna görə də Əli İnsanovun əmlakının qalan hissəsi geri qaytarılmalıdır. Çıxışlar başa çatandan sonra Qail Məmmədov bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin hökmü sentyabrın 20-də elan olunacaq.
E.QƏDİMOV
(“Yeni Musavat” qəzeti, 14.09.2007)
Əvvəlki məqalə: QOBUSTAN HƏBSXANASINDA 4 MƏHBUS ACLIQ AKSİYASINI DAVAM ETDİRİR
Sonrakı məqalə: Xandadaş Şahqubadbəyli: Hörmətli Mirzə müəllim...