SAMİR SƏDAQƏTOĞLU və RAFİQ TAĞININ İŞƏ İLƏ BAĞLI ALİ MƏHKƏMƏYƏ KASSASİYA ŞİKAYƏTİ VERİLİB
2007-09-07 – 17:33:00
«Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazıçı Rafiq Tağının işə ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti təqdim edilib. Bu barədə «Media forum» saytına vəkil İsaxan Aşurov məlumat verib.
Vəkilin sözlərinə görə, hələ ki, məhkəməyə baxış günü təyin olunmayıb.
İyunun 7-də Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin S.Sədaqətoğlu və R.Tağı barəsində çıxardığı hökmü qüvvədə saxlamışdı.
R.Tağının qardaşı Alim Tağıyev «Media forum» saytının əməkdaşı ilə söhbətində bildirib ki, 16 saylı təcridxanaya köçürüləndən bəri ailəsi bir dəfə R.Tağı ilə görüşüb: «O özünü normal hiss etdiyini, heç bir şeydən şikayət etmədiyini bildirdi. Onunla görüş üçün heç bir problem yoxdur. Bu həftə də onunla görüşmək niyyətindəyik».
S.Sədaqətoğlu və R.Tağının həbsinə «Sənət» qəzetinin 1 noyabr 2006-cı il tarixli sayında getmiş, R.Tağının yazıdığı «Avropa və biz» məqaləsi səbəb olub. Səbail məhkəməsi bu il mayın 4-də Cinayət Məcəlləsinin 283.2.2 (milli, dini və irqi ayrı-seçkilik) maddəsinə əsasən S.Sədaqətoğlunu 4 il, R.Tağını isə 283.1 ( milli, dini və irqi ayrı-seçkilik yaymaqda) maddəsinə əsasən 3 il azadlıqdan məhrum edib.
«Media forum»
Əvvəlki məqalə: BEYNƏLXALQ JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİ ÜÇ JURNALİSTİ DƏRHAL AZADLIĞA BURAXMAĞA ÇAĞIRIR
Sonrakı məqalə: Avropa İnsan Hüquqları Müdafiə Təşkilatı Almaniyada tədbir keçirib