BEYNƏLXALQ JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİ ÜÇ JURNALİSTİ DƏRHAL AZADLIĞA BURAXMAĞA ÇAĞIRIR
2007-09-07 – 16:02:00
«Azərbaycan hakimiyyəti bir sıra siyasi ittihamlarla həbs edilən «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin təqibinə son qoymalıdır». «Turan» xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan E.Fətullayevə qarşı vergidən yayınmaya dair yeni ittihamın irəli sürülməsinə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin reaksiyası belə olub.
Təşkilatın bəyanatında deyilir ki, vergidən yayınma ittihamı il ərzində MTN-in baş redaktora qarşı irəli sürdüyü üçüncü ittihamdır: «İyulda o, terrorizmdə ittiham olunmuşdu, buna qədər onu milli və dini ədavətin qızışdırılmasında, bundan da əvvəl azərbaycanlılara qarşı böhtanda ittiham etmişdilər».
Komitənin icraçı direktoru Coel Saymon bildirib ki, Azərbaycan hakimiyyəti E.Fətullayevə qarşı siyasi əsaslandırılmış ittihamlar irəli sürmək istəyir: «Bu dəhşətli təqibə son qoyulmalıdır. Hakimiyyət onu dərhal azad etməlidir. Biz hakimiyyəti həmçinin həbsxanada səhhətləri pisləşmiş jurnalistlər Sakit Zahidovu və Fərəməz Allahverdiyevi də dərhal azad etməyə çağırırıq».
(“Media Forum”)
Əvvəlki məqalə: ƏHƏR MƏHKƏMƏSİ 25 AZƏRBAYCANLI FƏALA HƏBS CƏZASI ÇIXARIB
Sonrakı məqalə: SAMİR SƏDAQƏTOĞLU və RAFİQ TAĞININ İŞƏ İLƏ BAĞLI ALİ MƏHKƏMƏYƏ KASSASİYA ŞİKAYƏTİ VERİLİB