ƏHƏR MƏHKƏMƏSİ 25 AZƏRBAYCANLI FƏALA HƏBS CƏZASI ÇIXARIB
2007-09-05 – 17:25:00
Güney Azərbaycan Tələbə Hərəkatı Əhər məhkəməsinin Qaradağ bölgəsindən olan 25 azərbaycanlı fəala hökm oxunduğu haqda məlumat yayıb. Fəallar 2006-cı ilin may-iyun etiraz aksiyalarında iştirakda, asayişi pozmaqda, dövlət əmlakına ziyan vurmaqda günahlandırılaraq həbs və şərti şallaq zərbəsinə məhkum ediliblər.
Güney mənbələrindən «Media forum»a verilən məlumata görə, Əhər məhkəməsi milli fəallardan 4-nü (Əfşin Bəzzaz Qədim, Kərim Kargər, Murtuza Şükri Sərqini, Əvəz Həsənpur) 6 ay həbsə və 70 şərti şallaq zərbəsinə, 1-ni isə (Fərhad Heydəri) iki il yarım həbsə və 70 şərti şallağa məhkum edib.
Məlumatda həmçinin bildirilir ki, barələrində hökm oxunan digər 20 milli fəalın hər biri ayrı-ayrılıqda 6 ay həbs və 50 şərti şallaq cəzası alıblar.
«Media forum» onların siyahısını təqdim edir:Ənuşirəvan Təhmasibi, Ramin Elğəmi, Ramin Bəxşi, Hüseyn Səfərniya, Fərid (Vəhid) Bərzigər, Mehrdad Heydərpur, Məhəmməd Cəfəri, Mehdi Süleymani, Əbülfəzl Əsədzadə, Pərviz Baqiri, Calal İsfəndiyari, Rza Salmanzadə, Nar Axşi, Əbülfəzl Dost Məhəmmədi, Rza Süleymani, Pərviz Qane, İbrahim Zülfi, Ümid Seyfi, Muctaba Camlu, Əmir Məhəmmədi.
Məlumatda o da vurğulanır ki, cəza alan milli fəalların bəziləri ötən il də müxtəlif bəhanələrlə həbs edilərək bir müddət zindanlarda saxlanıb və cürbəcür işgəncələrə məruz qalıblar.
«Media forum»
Əvvəlki məqalə: ETTELAAT DAHA BİR AZƏRBAYCANLI MİLLİ FƏALI HƏBS EDİB
Sonrakı məqalə: BEYNƏLXALQ JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİ ÜÇ JURNALİSTİ DƏRHAL AZADLIĞA BURAXMAĞA ÇAĞIRIR