Mübariz S. Əzimli: İqtidarın “dava-dava” oyunu bizə nə vəd edir?
1969-cu ildən bu yana Əliyev rejimindən hər cür eybəcərlik görmüşük. Inanmaq olmur ki, bunlar nə isə yeni bir hərəkətlə bizi təcübləndirə bilərlər. Amma biz hər dəfə yanıldığımızın şahidi oluruq. Məsələn, İlham Əliyev polislərin qarşısında çıxış edib bəyan edir ki, “2003-cü il prezident seçkilərindən sonra bir sıra dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri seçkilər dövründə xalqa qarşı vəhşilik etmiş polis işçilərinin cəzalandırılmasını tələb etmişdilər. Amma mən onlara cavab verdim ki, heç bir polis
işçisinin cəzalandırılmasına yol verməyəcəyəm”(!!!). Və yaxud azərbaycan və türk diasporunun forumunda deyir ki, “Ermənistan respublikasi bizim azərbaycan-türk torpaqlarında yaranıb. Biz bu torpaqları tələb etmirik, amma edə bilərdik”(!!!). Və yaxud, çıxışlarının birində Azərbaycanın hərbi büdcəsinin Ermənistanın cəmi büdcəsi qədər olduğunu vurğulayaraq, “lazım gəlsə, biz, torpaqlarımızı hərbi yolla azad edəcəyik”,deyir... və sair.
Xüsusilə iqtidarın son, müharibə çağırışları heyrətvericidir. Bu iqtidarın mahiyyətinə, bunların nəsil-nəcabətinə bələd olmayan insanlarda belə bir yanlış fikir yarana bilər ki, iqtidar mənsublarının milli duyğuları baş qaldırıb və bunlar vətən torpaqlarını nəhayət ki, azad etmək fikrinə düşüblər. Əvvəla burada milli duyğudan söhbət gedə bilməz, çünki milli duyğuya qalsa azərbaycan torpaqlarının qalanında da bunlar ya kürd dövləti qurarlar, ya erməni, ya da rus. Bundan başqa, siz heç saxtakarın, rüşvətxorun,
oğrunun, müharibə edib, vətən torpağını azad etmək istəməsini gördünüzmü? Buna inanarsınızmı? Bəs iqtidarın bu “dava-dava” oyunu nə deməkdir? Yaxşı halda bu, demoqogiyadır. Atalarımız deyib ki, vurmaq istəməyən daşın yekəsini götürər.
Amma dünyanın düz yerində, yeri gəldi-gəlmədi Ermənistanı müharibə ilə hədələmək şəxsən məndə qorxulu duyğular oyadır. H.Əliyev uzun sürən hakimiyyəti dövründə həmişə ermənilərə güvənmiş, həmişə onlardan açıq və ya gizli dəstək almışdır. Bu dəfə də heydərizmin davamçılarının erməni qardaşları ilə məsləhətli hərəkət etdiklərinə mənim şübhəm yoxdur. Elə qorxulu da budur. Qorxulu olanı budur ki, erməni və azərbaycan iqtidarı razılaşdırılmış lokal müharibə törədib bir sıra problemlərini həll etmək fikrinə düşsünlər.
Bu halda uduzan azərbaycan xalqı olacaq. Erməni tərəfi də, azərbaycan iqtidarı da udacaq. Fikrimi bi qədər geniş əsaslandırmağa çalışım:
Qarşıda 2008-ci ilin prezident seçkiləri gəlir. İlham Əliyev nə qədər özündən razı olsa da, seçkilərdə yenə də uduzacağını yaxşı bilir və işi seçkisonrası saxtakarlığa və zorakılığa qoymaq istəmir. O, “böyük qardaşı” V.Putinin təcrübəsindən yararlanmaq fikrinə düşüb. Daha doğrusu və dəqiqi - Rusiya prezidenti üçün bu senariləri yazanlar indi İlham Əliyev üçün senari yazırlar. Bu senari nədən ibarət idi? Yadınızdadırsa, o vaxt Rusiyanın müxtəlif şəhərlərində 5-6 bina partladıldı, 5-6 yüz günahsız insan həlak oldu,
bu partlayışları çeçen mücahidlərinin ayağına yazıb Çeçenistanı yenidən işğal etdilər...
Nəticədə bütün bu cinayətlərin təşkilatçısı olan V.Putin prezident oldu və xalqın qanı hesabına hakimiyyətini möhkəmləndirdi.
Bu senarinin azərbaycan variantını mən belə görürəm: Qoşunların təmas xəttində hər gün baş verən qarşılıqlı atəşi bəhanə edərək geniş çaplı döyüş əməliyyatları başlayır və Azərbaycan Ordusu 5-6 kəndi “azad etdikdən” sonra bütün dünyanın tələbi ilə döyüş əməliyyatları dayandırılır.
Bu zaman erməni tərəfi Azərbaycanın “revanşist” siyasətini bəhanə gətirərək sülh danışıqlarından geri çəkilir. Işğal olunmuş torpaqların qaytarılması məsələsi gündəmdən çıxır. Yenə də ermənilər qazanır.
Azərbaycan iqtidarının qazandıqları daha çox olur:
1. Azərbaycan müharibədə “qələbə çalır”.
2. Ali Baş Komandan həm də dahi sərkərdə elan olunur.
3. Bu sovdələşməyə əngəl olmaq istəyən müxalifət, QHT-lər, müstəqil mətbuat xain adlandırılır və müharibə vəziyyətinin verdiyi imkanlardan istifadə edilərək darmadağın edilir.
4. Prezident seçkilərində Ali Baş Komandan, dahi sərkərdə, generalissimus İlham Əliyevin qələbəsi təmin olunur.
5. Hərbi əməliyyatların aparılması, sonra isə “bərpa işləri” adı altında milyardlarla vəsait mənimsənilir.
Uduzan tərəf – azərbaycan xalqı:
1. Qarabağ həmişəlik itirilir.
2. Minlərlə əskər və zabitimiz bu saxta müharibədə həlak olur.
3. Xalqın malı olan milyardlar irtidar tərəfindən mənimsənir.
4. Xalqın olan-qalan müqaviməti qırılır, siyasi müxalifət anlayışı aradan götürülür.
Təbiidir ki, gələcəyə aid olan hər şey ancaq fərziyyədir. Amma bu fərziyyənin sabah həqiqət olmamasını istəyiriksə bu cinayətkar rejimin cinayətkar təbiətini hər gün açmağa davam etməliyik. Əks təqdirdə yuxarıda diqqətə çatdırdığımız bəlalar başımıza gələcək, necə ki, bundan qabaqkılar gəldi.
Iqtidar, özlüyündə xalqı aldadacağını düşünür və bu senari yalan üzərində qurulub. Və hər bir irimiqyaslı layihə kimi bu əməliyyat da mərhələlərdən ibarətdir. Bizim borcumuz elə ilk mərhələdə, yəni iqtidarın “dava-dava” oyunu çıxarması mərhələsində bu cinayətin qarşısını almaqdır.
Əvvəlki məqalə: Eynulla Fətullayev ifadə verməkdən imtina etməkdə davam edir
Sonrakı məqalə: GÜNEYDƏ MİLLİ FƏALLARA QARŞI TƏZYİQLƏRİN ARTDIĞI XƏBƏR VERİLİR
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3092