Vəkil Ağaveyis Şahverdi: “Sabiq nazirin saxlandığı kameraya sağlam adamı salsalar, iki aya ağır xəstəlik tapar”
ƏLİ İNSANOVLA BAĞLI SƏFİRLİKLƏRƏ MÜRACİƏT OLUNDU
Sabiq səhiyyə naziri Əli İnsanovun barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətinə dörd aydır ki, baxılmır. Bu barədə onun müdafiəçisi Ağaveyis Şahverdi məlumat verdi: “Maraqlıdır, birinci instansiya məhkəməsi Əli İnsanovla bağlı cinayət işinə cəmi iki ay ərzində baxaraq hökm çıxardı. Amma düz dörd aydır ki, apellyasiya şikayətimiz icraata götürülüb, hələ bilinmir ki, işə hansı hakim baxacaq.
Şikayətimizlə əlaqədar ilkin baxış iclası keçirildi. Həmin iclasın qərarı bizi qane etmədi. Belə ki, biz apellyasiya şikayətimizə yenidən istintaq aparılması qaydasında baxılmasını tələb etdiyimiz halda Apellyasiya Məhkəməsi ona istintaq aparılmadan baxılmasına dair qərar verdi. Biz bundan kassasiya şikayəti verdik. İyulun 24-də Ali Məhkəmədə həmin müraciətimizə baxılıb, təbii ki, təmin edilməyib. Bundan sonra bizə belə bildirdilər ki, Apellyasiya Məhkəməsində işə baxan hakim dəyişdirilir. Bütün bunlar süründürməçilikdir.
Məqsəd Əli İnsanova daha çox işgəncə vermək, onu yayın sonuna qədər havasız, həddən artıq isti, boğunuq kamerada saxlamaqda davam etməkdir. Müdafiə tərəfi olaraq biz qəzet vasitəsilə bir daha beynəlxalq təşkilatlara, yerli hüquq müdafiəçilərinə müraciət edirik ki, Əli İnsanova qarşı haqsızlıqların aradan qaldırılmasına kömək etsinlər”.
Müdafiəçi Ə.İnsanovun hələ də informasiya blokadasında saxlandığını dedi: “Ona müstəqil qəzetləri oxumağı qadağan ediblər”. Sabiq nazirin səhhətində geriləmələr olduğunu söyləyən vəkil qeyd etdi ki, onun saxlandığı kameraya ən sağlam adamı salsalar, cəmi iki aydan sonra ən ağır xəstəliklərə düçar olar: “Əli müəllim xəstə olduğu halda, bu şəraitdə saxlanılır. Onun kamerasının dəyişdirilməsi, həkim müayinəsindən keçirilməsi və müalicəsinə şərait yaradılması ilə bağlı tələblərimizə məhəl qoyulmadığından Ədliyyə
Nazirliyini və Penitensiar Xidməti məhkəməyə vermişdik. Nəhayət, üç aydan sonra bizə bildiriş göndərilib ki, müraciətimizə avqustun 3-də Nəsimi Rayon Məhkəməsində baxılacaq”.
Vəkil söylədi ki, Səbail Rayon Məhkəməsi Ə.İnsanovun akademik adından məhrum edilməsinə dair şikayətinə baxmaqdan imtina edib: “Bununla bağlı apellyasiya şikayətimizə isə reaksiya verilmir. Əli müəllimin müəllifi olduğu kitabların ölkəyə buraxılmaması ilə bağlı Əzizbəyov Rayon Məhkəməsinə ünvanladığımız iddiaya da baxmaq istəmirlər. Bundan başqa, biz düz ilyarım öncə AzTV və ”LİDER"i məhkəməyə vermişik, buna da əhəmiyyət verilmir. Əli İnsanov da Azərbaycan vətəndaşıdır və dövlət, məhkəmələr bütün vətəndaşlar
kimi, onun da hüquqlarını qorumalıdır. Lakin biz bu gün ona qarşı xüsusi qərəzin şahidi oluruq. Bütün bunlar Əli müəllimin siyasi məhbus olduğu təsdiqləyir. Bu səbəbdən hakimiyyət onun apellyasiya şikayətinə baxmır, süründürməçilik edir ki, Əli müəllimi həbsdə mümkün qədər çox saxlasınlar. Ondan qisas alırlar".
Vəkil onu da bildirdi ki, Ə.İnsanov beynəlxalq təşkilatlara, səfirliklərə, “Aqo” qrupuna müraciət ünvanlasa da, onunla indiyədək maraqlanmayıblar: “Sonuncu dəfə iyulun əvvəllərində İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Əli İnsanova baş çəkib. Ondan sonra heç kim maraqlanmayıb”.
Qeyd edək ki, Ə.İnsanovun başqa vəkili Toğrul Babayev “Turan”a açıqlamasında sabiq nazirin şikayətlərinə baxılmaması ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediləcəyini bildirib.
ORXAN
("Yeni Musavat" qəzeti)
Əvvəlki məqalə: FƏRHAD ƏLİYEV: “İTTİHAM AKTINDA YAZILANLAR ŞƏR VƏ BÖHTANDIR”
Sonrakı məqalə: “Azərbaycan Xalq Çümhuriyyətinin (1918−1920) Varisləri” təşkilatı etiraz edir
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3083
