"Azadlıq" qəzeti: IFES azərbaycanlıları “barmağına dolayıb”?
19 iyul 2007
Bu təşkilatın təqdim etdiyi sorğu acların kef məclisini xatırladır ABŞ-ın Beynəlxalq Seçki Sistemləri Fondunun (IFES) Azərbaycanda keçirdiyi ictimai rəy sorğusunun ətrafında qalmaqal dərinləşməkdə davam edir. Sorğunun nəticələrinin obyektiv olmaması və gerçəkliyi əks etdirməməsi ilə bağlı siyasətçilər, müstəqil ekspertlər mövqelərini açıqlayıblar.
Qeyd edək ki, IFES-in sorğusunun nəticələrinə görə, əhalinin 60 faizdən çoxu prezident Ilham Əliyevi müdafiə edir. Respondentlərin 52 faizi isə ölkədəki ümumi vəziyyətdən razı olduğunu bildirib. Rəyi soruşulanların 33 faizi YAP-ın, 4 faizi Müsavatın, 1 faizi isə AXCP-nin insanların maraqlarını yaxşı müdafiə etdiyini söyləyib. Sorğu ABŞ Beynəlxalq Inkişaf Agentliyinin maliyyə dəstəyi ilə ötən il noyabrın 17-dən dekabrın 2-dək 1400 respondent arasında keçirilib.
Hamı hansı fəlakətlərdən razıdır?
Bu məlumatlar təqdim olunandan sonra KIV-də dərhal müzakirələr başladı və hələ sorğunun nəticələri ətraflı tanış olmağa imkan tapmayanlar belə ümumi şəkildə şübhələrini ifadə etdilər. Bu şübhələr ölkədəki vəziyyətin səthi analizinə söykənirdi. Rəsmi rəqəmlərə görə, ölkə əhalisinin 20 faizi yoxsulluq səviyyəsində yaşayır, ölkədə 1 milyona yaxın 50 manat pensiya alan təqaüdçü var. Azərbaycandan MDB ölkələrinə irimiqyaslı miqrasiya var. Son 6 ayda bütün sahələrdə qiymətlər 20-50 faiz arasında artıb, infilyasiya 16 faizdən yüksəkdir. Korrupsiyanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələr sırasındadır və s. Bu qəbil göstəricilərin sırasını uzatmaq da olar. Amma görünən dağa nə bələdçi…
IFES çox yanlış və qüsurlu metodologiya ilə işləyib
Bununla belə IFES-in sorğusunun nəticələrinin təhlili də obyektivliyə şübhə salan çox ciddi məqamları üzə çıxarır. www.ifes.org. saytında sorğunun nəticələri ilə Azərbaycan dilində tanış olmaq mümkündür. Ilk növbədə qeyd etmək lazımdır ki, sorğunun hansı metodologiya ilə keçirilməsi, respondentlərin hansı qayda üzrə seçilməsi, coğrafiyası barədə heç bir məlumat verilməyib. Həmçinin IFES-in hansı sorğu mərkəzinin, yaxud şirkətinin xidmətlərindən istifadə etməsi göstərilməyib. Həmçinin məlum deyil ki, respondentlərin seçilməsi zamanı ölkə üzrə əhalinin əsas sosial-demoqrafik göstəriciləri nəzər alınıb, ya yox? Hər halda, nəticələrdə bu barədə heç bir məlumat verilməyib. Bu isə sorğunun obyektivliyinə gölgə salan əsas amillərdən biridir.
Insanlar insanlara hörmət etməyən hökumətdən razıdır?
Respondentlərin cavablarının müqayisəsi də çox qəribə mənzərə yaradır. Belə çıxır ki, respondentlərin çoxu 2005-ci il parlament seçkilərini azad və ədalətli hesab etmir, hökumətin insan hüquq və azadlıqlarına hörmət etmədiyini düşünür, Qarabağ münaqişəsindən sonra ölkənin əsas problemləri kimi işsizliyi, aşağı həyat standartlarını, korrupsiyanı göstərir, məhkəmələrin qərəzli qərarlar çıxardığını bildirir, amma ümumilikdə 85 faiz prezidenti müdafiə edir.
Respondentlərin yalnız 3 faizi hesab edir ki, ədalət mühakiməsi hamı üçün eynidir və qərəzsizdir, 20 faizi də bununla qismən razıdır, 29 faizi isə bu fikirlə razı deyil, 31 faizi isə “hər halda razı deyil”. Ümumi götürsək, respondentlərin 60 faizi hesab edir ki, məhkəmələr qərəzlidir və hamıya eyni münasibət bəsləmir.
Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 30 faizi rüşvət verib, 21 faizindən isə rüşvət istəyiblər, amma onlar verməyiblər.
Respondentlərin 10 faizi hesab edir ki, Azərbaycan hökuməti insan hüquq və azadlıqlarına “hörmət edir”, 20 faizinə görə isə “müəyyən qədər hörmət” edir. 52 faizi isə hesab edir ki, hökumət insan hüquq və azadlıqlarına “çox az hörmət edir və yaxud hörmət etmir”. Qarabağ münaqişəsindən sonra, rəyi soruşulanların, 31 faizi işsizlikdən, 19 faizi, aşağı yaşayış standartlarını, 9 faizi isə korrupsiyanı ölkənin qarışısında duran əsas problem sayır. Respondentlərin 12%-i 2005-ci il parlament seçkilərinin tam azad və ədalətli və beynəlxalq standartlara uyğun olduğuna inanır. Respondentlər həmçinin bildiriblər ki, onların məhkəmələrə (62%), polisə (56%) və Milli Məclisə (54%) bir az inamı var. IFES-ə inansaq…
Bu nəticələrdən sonra çox əcaib bir mənzərə yaranır: Respondentlər iqtisadi və sosial məsələlərlə bağlı hökumətin və hakimiyyətin fəaliyyətini mənfi dəyərləndiriblər. Amma siyasi məsələlərlə bağlı onlar birmənalı şəkildə hakimiyyəti müdafiə edir (?). Buradan iki nəticə çıxır, ya sorğuda iştirak edənlər siyasi məsələlərlə bağlı ən müxtəlif faktorların təsiri ilə səmimi cavab verməyiblər. Ikincisi, bizim insanlarda kütləvi şəkildə şəxsiyyətin ikiləşməsi sindromu müşahidə olunur: onlar ayrı-ayrı sosial-iqtisadi parametrlər üzrə hökumətin fəaliyyətini mənfi dəyərləndirirlər, korrupsiyadan, məhkəmələrin ədalətsizliyindən, seçkilərin saxtalaşdırılmasından narazıdırlar, amma hökumətdən razıdırlar. Yəqin ki, sorğunu keçirənlər bu paradoksu da izah edəcəklər. Sorğunu keçirənlər barədə isə növbəti sayımızda ətraflı məlumat verməyə çalışacağıq.
Siyasət şöbəsi (“Azadlıq” qəzeti)
Əvvəlki məqalə: Beneluks Azərbaycanlıları Konqresi Dağlıq Qarabağda keçirilən seçkilərə etirazını bəyan edib
Sonrakı məqalə: "Azadlıq" qəzeti: Dəhşətli SPID virusu, “ölüm mələyi” Azərbaycan vətəndaşlarını ağuşuna alıb