İyulun 17-də Elmar Hüseynovun 40 yaşı tamam oldu
37 İL YAŞAMIŞ ELMAR HÜSEYNOVUN 40 YAŞI TAMAM OLUR 2007-07-16 – 14:47:00
İyulun 17-də mərhum jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Elmar Hüseynov Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbir mərhum jurnalistin 40 illik yubileyinə həsr olunub.
Fonddan «Media forum» saytına verilən xəbərə görə, saat 15-də Beynəlxalq Mətbuat Mərkəzində başlayacaq tədbirdə mərhum jurnalistin qohumları, yaxın dostları, qələm sahibləri, QHT və siyasi partiya nümayəndələri, diplomatik korpusun nümayəndələri iştirak edəcəklər.
Mərasimdə E.Hüseynovun məqalələrindən ibarət kitabın ikinci cildinin də təqdimatı olacaq. Kitab «Poka qorit sveça» adlanır.
E.Hüseynovun qətlə yetirilməsinin 2-ci ildönümündə – bu il martın 2-də keçirilən tədbirdə kitabın birinci hissəsi ictimaiyyətə təqdim olunmuşdu. Kitablar «Qanun» nəşriyyatında işıq üzü görüb. E.Hüseynovun xronoloji ardıcıllıqla «Monitor» jurnalında dərc edilmiş məqalələrindən ibarət olan toplunun naşiri Şahbaz Xuduoğlu, tərtibatçısı Bella Zakirova, nəşriyyat redaktoru Nəriman Əbdülrəhmanlıdır.
Sabahkı tədbirdən sonra iştirakçılar E.Hüseynovun məzarını ziyarət edəcəklər.
«Media forum»
Əvvəlki məqalə: Cənubda bir neçə fəal azadlığa çıxıb
Sonrakı məqalə: «Monitor» jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun 40 illiyi qeyd olunub