«Cavad xan» filminin pavilyon çəkilişləri davam edir
Filmin Mətbuat Mərkəzinin məlumatı
Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biri olan Cavad xanın adı və taleyinin əbədiləşdirilməsi ilə bağlı «Cavad xan» çətin quruluşa malik tammetrajlı bədii filminin çəkilişləri davam edir. Xatırladaq ki, filmin senari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlı, ikinci rejissorlar Əliqulu Səmədov və Ənvər Həsənov, quruluşçu rəssamlar Rafiq Nəsirov və Rafiz İsmayılov, geyim üzrə rəssam isə Tahir tahirovdur. Xalq artistləri Nurəddin Mehdixanlı filmin qəhrəmanı Cavad xan, Ramiz Novruz Sisianov, Amaliya Pənahova isə gürcü çariçası Dariya obrazını yaradırlar. Döyüş səhnələriylə zəngin olan filmin natura çəkilişləri martın sonundan başlayaraq Gəncə şəhərində, Xanlar rayonu ərazisindəki Quru Qobuda başlanıb. Qeyd edək ki, Quru Qobu 1803-cü ilin payızında Sisianovla Cavad xan ordusunun ilk dəfə qarşılaşdığı ərazi kimi tarixə düşmüşdür. Daha sonra çəkilişlər Zaqatala, Şəki rayonlarında və tarixi Alban məbədində aparılıb və yaradıcı heyət iyunun sonunda iki səhnə istisna olmaqla natura çəkilişlərini başa çatdıraqaq Bakıya dönüb. Qeyd edək ki, filmin uğurlu alınması və döyüş reallığını olduğu kimi əks etdirmək üçün kütləvi səhnələrdə aktyorlarla yanaşı, Dövlət Sərhəd Xidmətinin Gəncə, Şəki və Zaqataladakı hərbi qarnizonlarının zabit və əsgər heyəti də iştirak edib. Hazırda Cəfər Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyasının povilyonlarında filmin interyer çəkilişləri aparılır. Məlumat üçün bildirək ki, povilyonlarda 8 səhnənin çəkilişləri nəzərdə tutulur. Ötən həftə hazır vəziyyətə gətirildiyi üçün «Şeyx ocağı» səhnəsinin çəkilişi tamamlandı. Dünən isə Masazır qəsəbəsindəki gölün kənarında daha iki natura çəkilişləri aparıldı. Filmin avqustun sonuna qədər povilyon çəkilişlərinin başa çatacağı gözlənilir. Sentyabrdan başlanaraq isə Rusiyanın Sank-Peterburq şəhərində «Cavad xan» filminin montajına start veriləcək. Bir daha xatırladaq ki, Azərbaycanın kino tarixində ilk dəfə olaraq kompüter qrafikasından istifadə olunan Cavad xan filmində kompüter qrafikası mütəxəsisləri Rusiyadan, operator qrupu Məhəmməd Məcidinin başçılığı ilə İran İslam Respublikasından, qrimyorlar isə Orta Asiyadan dəvət olunub. Həmçinin triyukları Kaskadyor Əlinin başçılıq etdiyi 26 nəfərdən ibarət qrup həyata keçirir. Ancaq əsas aktyorlar, xüsusilə baş rolun ifaçısı Nurəddin Mehdixanlı ən çətin tryuklarda belə özü şəxsən çəkilir.
«Cavad xan» filminin Mətbuat Mərkəzi
Əvvəlki məqalə: BORÇALI ZİYALILARINDAN NAZİM İBRAHİMOVA SƏRT ETİRAZ
Sonrakı məqalə: Cənubda bir neçə fəal azadlığa çıxıb