Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

BORÇALI ZİYALILARINDAN NAZİM İBRAHİMOVA SƏRT ETİRAZ

Mirzə Xəzər 15 İyl 2007

Nəsib Nəsibli: “Komitə sədri gürcü şovinizminin dəyirmanına su tökür” Əlibala Əsgərov: “Bu qərar əhalinin oradan köçü ilə nəticələnəcək”

Qəzetimizin ötən sayında Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Gürcüstan səfəri zamanı oradakı soydaşlarımıza ağır zərbə vuran bəyanatını nəzərinizə çatdırmışdıq. Xatırladaq ki, N.İbrahimov Borçalıdakı soydaşlarımızın işlə təmin olunması üçün onların gürcü dili öyrənməsinin vacib şərt olduğunu irəli sürərək bunun üçün oradakı Azərbaycan dilindəki məktəblərin qapadılmasını təklif edib. Komitə sədri ancaq bu halda orada yaşayan soydaşlarımızın gürcü dilini öyrənərək dövlət idarələrində işlə təmin olunacağını bildirib.

Amma sözügedən bəyanat Borçalıdakı soydaşlarımızın, habelə Borçalı əsilli ziyalılarımızın etirazına səbəb olub. Dünən xalq şairi Zəlimxan Yaqub N.İbrahimovun bu bəyanatına etiraz edərək, oradakı Azərbaycan məktəblərinin qapadılmasının olduqca ziyanlı ideya olduğunu deyib. Amma etirazlar bununla səngimir. Dünən ziyalılarımız bu məsələyə sərt təpkilərini davam etdirdi.

Müsavat deputat qrupunun üzvü Nəsib Nəsibli ötən ay Tiflisdə və azərbaycanlılar yaşayan böyük yaşayış məntəqələrində səfərdə olduqlarını xatırlatdı. Onun sözlərinə görə, yerli əhali ilə görüşlər zamanı sonuncular onlara Azərbaycanın rəsmi dövlət siyasətinin onları qane etmədiyini və Tiflisin yeritdiyi təhsil siyasətinin də rəsmi Bakının istəyinə uyğun olaraq qurulduğunu bildirib. Belə ki, əhali Azərbaycandan gələn rəsmi nümayəndə heyəti üzvlərinin onlara “gedin gürcü dilində oxuyun” dediyini xatırladıb: “Öncə düşünürdük ki, bu, bir az şişirtmədir. Amma son açıqlama göstərdi ki, bu həqiqətdir. Çoxdandır rəsmi Tiflisin ”burada yaşayan azərbaycanlılar gürcü dilini bilmirlər” tezisi vardı və bizim məmurlar, eləcə də böyük əksəriyyət düşünürdü ki, bu doğrudur və insan yaşadığı ölkənin rəsmi dövlət dilini bilməlidir. Amma əslində Azərbaycan məktəbinin gürcüləşməsi problemin həlli deyil. Tiflisin qərbində, Kaspi, Karaeli, Saqareço və digər rayonlarda yaşayan 37.000 nəfər soydaşımız var ki, onlar da orta məktəbi gürcü dilində oxusalar da, onları idarələrə, vəzifələrə çəkən yoxdur. Çünki rəsmi Tiflisin siyasəti “azərbaycanlılar gürcü dilini bilmədikləri üçün onlara vəzifə verilmir” bəhanəsinə əsaslanır. Əslində inzibati orqanlarda yerli əhalinin təmsilçiliyi məsələsində bir ayrı-seçkilik var. Ona görə də türkdilli məktəblərin gürcüləşdirilməsi yerli əhalinin təmsilçiliyinə gətirib çıxarmayacaq, onların etnik, siyasi statusunda heç bir dəyişiklik yaratmayacaq. Əslində o köçün, miqrasiyanın səbəblərindən biri də yerli əhali tərəfindən təhsil sisteminin bərbad vəziyyətdə olmasıdır. Məktəblərin gürcüləşməsi oradakı təhsil sisteminin tamamilə dağılması ilə nəticələnəcək. 6-7 minlik müəllim ordusu işsiz qalacaq və nəticədə bu proses ordakı soydaşlarımızın köçünü sürətləndirəcək”.

Müsahibimiz həmçinin hesab edir ki, N.İbrahimov son bəyanatı ilə gürcü şovinizminin dəyirmanına su tökür. Onun fikrincə, dünyanın heç bir ölkəsində belə siyasət yeridilmir. Əksinə, bütün dünya dövlətləri öz dilinin yayılması üçün milyonlarla dollar pul xərcləyir. Millət vəkili Fransa hökumətinin Afrikada fransız dilinin yayılması külli miqdarda vəsait ayırdığını da misal çəkdi: “Bu qərar verilərsə, orada miqrasiya, işsizlik artacaq və biz azərbaycanlılar oradakı soydaşlarımızdan imtina etməli olacağıq. Çünki onlar öz dillərində təhsildən məhrum olmaqla, elə milli şüurdan da məhrum olmuş sayılırlar. Təsəvvür edin ki, bayaq adını çəkdiyim rayonlarda gürcü dilində təhsil alan soydaşlarımız öz doğma dillərində adi bir ərizəni də yaza bilmirlər. Bu baxışın, yanaşmanın nəticəsi fərqli olmayacaq”. Millət vəkili onu da vurğuladı ki, hazırda borçalıların yaşadığı problemlər təkcə rəsmi Tiflisin münasibətinin yox, eyni zamanda Azərbaycan hökumətinin, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yanlış siyasətinin nəticəsidir. “Borçalı iki atəş arasında qalıb” deyən Nəsib bəyin sözlərinə görə, soydaşlarımız bir tərəfdən gürcü şovinistlərinin, digər tərəfdən isə rəsmi Bakının ögey münasibətinin əsiridir: “Dövlət məmuru, hökumət üzvü olan bir məmurun bu cür məsələni müzakirəyə qaldırmağa haqqı yoxdur. O, deyilən bu direktivləri təlimata uyğun həyata keçirməli, özfəaliyyət göstərməməlidir. Cənubi Azərbaycanda minlərlə insan öz doğma dilində təhsil almaq üçün mübarizə aparır, onlarla insan bu mübarizə uğrunda zindanlardadır. Deməli, biz bu hərəkətimizlə onlara mesaj veririk ki, ”ağlınız yoxdur, siz də bizim kimi edin”? Həmin məntiqlə gərək Nazim İbrahimov təklif versin ki, Azərbaycanda da ingilisdilli təhsil sisteminə keçilsin və biz dünyaya inteqrasiya olunaq. Bu, ağlabatan bir işdirmi? Digər tərəfdən, gürcülərin Qaxda, Zaqatalada bir neçə kəndləri var. Həmin məntiqlə gərək orada da təhsil gürcü yox, azərbaycan dilinə keçilsin. Halbuki Gürcüstanın təhsil naziri ildə iki-üç dəfə həmin məktəblərə baş çəkib, dərsliklər aparır”.

N.Nəsibli onu da vurğuladı ki, hazırda Borçalının Azərbaycan respublikasına nə qədər ehtiyacı varsa, Azəraycanın da Borçalıya bir o qədər ehtiyacı var. Müsahibimizin sözlərinə görə, dövlət orada türk elementlərinin güclənməsinə çalışmalıdır: “Mən bu məsələni Milli Məclis rəhbərliyinə çatdırmaq istədim. Təəssüf ki, bu, hələ mümkün olmayıb. Biz qarşımızda dayanan vəzifəni yaxşı dərk edirik. Qarşı tərəf siyasi iradə ortaya qoyacaqmı – bu, maraqlıdır. Gürcüstanın yerli orqanlarında işləyən bir məmur bizimlə söhbət zamanı maraqlı və utandırıcı bir həqiqəti söylədi. Dedi ki, Azərbaycandan gələn rəsmi nümayəndə heyətini Sınıqkörpüdə duz-çörəklə qarşılamaq üçün qubernator tapşırıq vermişdi. Görüş baş tutub və qubernator rəsmi nümayəndə heyətinə deyib ki, heç olmasa, gedib öz rəsmi camaatınızla da görüşün. Bəlkə biz onları döyüb-asırıq? Demək istəyirəm ki, bu cür bəyanatlarla çıxış etməzdən əvvəl oradakı situasiyanı bilmək lazımdır”.

Dünən redaksiyamıza Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov müraciət etdi. Ə.Əsgərov öncə onu bildirdi ki, N.İbrahimovun bəyanatı Gürcüstandakı bütün soydaşlarımızı hiddətləndirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının yetkilisi olan şəxsin birbaşa Gürcüstan azərbaycanlılarının oradan köçünə xidmət edən siyasət sərgiləməsi təəssüfedici haldır: “Hamınız bilirsiniz ki, Gürcüstan çoxmillətli bir dövlətdir və orada kompakt halda yaşayan digər millətlər də var. Əgər bu gün Gürcüstandakı ermənilər regiona dil statusu istəyirlərsə, biz nə üçün öz məktəblərimizi bağlamalıyıq? Əgər dövlət siyasəti budursa, vay bizlərin halına. Bu qərar hazırda iş yeri olmayan, əmək məşğuliyyəti sıfıra bərabər olan gənc nəslin, eləcə də əhalinin böyük əksəriyyətinin kütləvi şəkildə ölkədən köçməsi ilə nəticələnə bilər”.

Ə.Əsgərov həmçinin bu məsələ ilə bağlı dövlət başçısı İ.Əliyevə açıq məktublar ünvanlanacağını bildirdi. Müsahibimiz N.İbrahimovun ünvanına da sərt danışdı. Onun fikrincə, komitə sədri Gürcüstandakı, Ukraynadakı biznesi ilə məşğul olsa, daha yaxşı olar: “Bizim problemləri bilməyən şəxsin bu cür bəyanatlar verməsinə etiraz edirik. Həqiqətən də bu açıqlamadan sonra insanlar tamamilə ümidsizləşdi. Biz burada öz məktəblərimiz, dilimiz uğrunda mübarizə aparırıq, Azərbaycanın hökumət adamı isə gəlib deyir ki, məktəblər bağlansa yaxşıdır. Bizə maraqlıdır, kim ona bu səlahiyyəti verib ki, bu cür bəyanatlar versin?!” Ə.Əsgərov bizi həmçinin ilginc bir statistika ilə də tanış etdi. Onun sözlərinə görə, əgər SSRİ zamanında Gürcüstanda azərbaycanlılar üçün 250 məktəb fəaliyyət göstərirdisə, indi onların cəmi 150-si qalıb, 50-si isə bu il bağlanmaq üzrədir. Müsahibimiz onu da vurğuladı ki, Borçalıdakı soydaşlarımızın işlə təmin olunmasına guya ki, gürcü dilini bilməmələrinin mane olması ilə bağlı deyilənlər isə yalandır: “Kasli, Karali, Qori, Aqara, Laqodexidə yaşayan 37.000 azərbaycanlının hələ Sovet dövründən öz ana dilində məktəbləri yoxdur. Hamısı gürcü dilində təhsil alırlar. Amma gəlin baxaq – bu 37 mindən neçəsi Gürcüstanın dövlət orqanlarında layiqli vəzifələrlə təmsil olunurlar? Dil prioritet sayılırsa, niyə vəzifələrə onlar götürülmürlər?”

“Nazim İbrahimov bu bəyanatı ilə gürcülərin dəyirmanına su tökür” deyən müsahibimizin sözlərinə görə, Gürcüstan hökuməti “Təhsil haqqında” qanunu, özəlliklə də oradakı qeyri-millətlərin təhsil hüququnu məhdudlaşdıran bəndləri müzakirəyə çıxaran vaxt soydaşlarımızın ciddi təpkiləri ilə üzləşib. Ə.Əsgərov onu da bildirdi ki, hətta Gürcüstandakı ermənilər belə bunu qəbul etməyərək, oradakı testlərdə iştirak etməyiblər: “Nəticədə ermənilər yaşayan bölgələrə təsir edə bilmədilər. Çünki erməni lobbisi, Ermənistan parlamentindəki deputatlar tərəfindən məsələyə ciddi müdaxilə edildi. Ona görə də başa düşə bilmirəm ki, Nazim İbrahimov bu bəyanatı hardan alıb və nəyə görə bu cür operativ şəkildə açıqlamalar verir? Hesab edirəm ki, bunun arxasında dayanan məqamların üzərində müzakirələr aparılmalıdır”.

“Sabah” Gənclər Birliyinin sədri Kamran Ramazanlı isə srağagün N.İbrahimovla görüşərək, bu bəyanat ətrafında müzakirə apardıqlarını dedi. Müsahibimiz komitə sədrinin nəzərinə bu yanaşmanın zərərli və yanlış olduğunu çatdırdığını söylədi: “Çünki bir dövlətin nümayəndəsi başqa bir dövlətin ərazisindəki məktəblərini qoruyub saxlayır, nəinki onu qapadır. Mən onun diqqətinə çatdırdım ki, bizim Borçalıda iş yerləri açmaq, Gürcüstanla sərhəddəki gömrük məsələlərinə yenidən baxmaq lazımdır. Azərbaycanın Rusiya, Gürcüstanla birgə müəssisələrində yerli əhalini işlə təmin etmək lazımdır. Digər tərəfdən bildirdim ki, ictimaiyyətdə yanlış təsəvvür yaratmaq olmaz ki, azərbaycanlılar gürcü dilini bilmirlər. Bu dili mükəmməl səviyyədə bilən mütəxəssislər var və biz onların siyahısını təqdim edə bilərik”. K.Ramazanlının sözlərinə görə, bu arqumentləri dinləyəndən sonra N.İbrahimov sözügedən açıqlamanı polemika üçün səsləndirdiyini deyib. Müsahibimiz komitə sədrinin bu məsələ ilə bağlı əsaslandırılmış fikirləri dinləməyə hazır olduğunu vurğuladı.

Sevinc TELMANQIZI

(“Yeni Musavat”)

Əvvəlki məqalə: Media Hüququ İnstitutu: Məhbus jurnalistlər ədliyyə nazirliyini məhkəməyə verib

Sonrakı məqalə: «Cavad xan» filminin pavilyon çəkilişləri davam edir