Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Media Hüququ İnstitutu: Məhbus jurnalistlər ədliyyə nazirliyini məhkəməyə verib

Mirzə Xəzər 13 İyl 2007

MEDİA HÜQUQU İNSTİTUTU

Press-reliz

Bakı 13.07.2007

“30-dan artıq məhbusun yerləşdirildiyi 24 çarpayılıq kamera insan həyatı, sağlamlığı üçün təhlükəlidir, 2 aya yaxın müddət ərzində dezinfeksiya edilməyib, döşəkağları, yataq dəstləri dəyişdirlməyib… Hər yer çirklidir, döşəkağları çirkdən qaralıb, içəri üfunət qoxuyur. Hərəkət etmək mümkün deyil, hərəkətsizlik insanı süstləşdirir, sümüklərin keyləşməsinə səbəb olur”… Saxlanma şəraitindən narazı olan məhbus-jurnalistlər Yaşar Ağazadə və Rövşən Kəbirli Ədliyyə Nazirliyini məhkəməyə verib. “Müxalifət” qəzetinin baş və şöbə redaktoru Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı istintaq təcridxanasının 85 saylı kamerasında saxlanılır. Azərbaycan prezidentinin əmisi, millət vəkili Cəlal Əliyevin şikayəti əsasında 2 il 6 ay müddətinə ən ağır cəzaya məhkum edilən məhbus-jurnalistlər qeyri-insani rəftara məruz qaldıqlarını iddia edirlər.

Bu gün Yasamal rayon Məhkəməsinə təqdim olunan şikayət ərizəsində qeyd edilir ki, jurnalistlər barələrində həbs qəti imkan tədbiri seçildiyi andan hüquq pozuntularına məruz qalıblar. 16 may 2007-ci il tarixdə qandalanan jurnalistləri hökmdə nəzərdə tutulduğu kimi 1 saylı istintaq təcridxanasına yox, Yasamal rayon Polis İdarəsinə apararaq 2 gün orda saxlayıblar. Bir gün ac qalan jurnalistlərin saxlanıldığı yer barəsində onların vəkili Rəşid Hacılıya və qohumalarına bilgi belə verilməyib.

R.Kəbirli və Y.Ağazadə mayın 18-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı istintaq təcridxanasının 85 saylı kamerasına yerləşdirilib. Şikayətçilər qeyd edirlər ki, ümumi ərazisi 40 kv-metrə yaxın olan kamerada havanın dəyişməsi üçün heç bir avadanlıq quraşdırılmayıb. Kamerada 24 çarpayı olsa, məhbusların sayı 30-a çatır, məhkumlar növbə ilə yatmağa məcbur olurlar. Jurnalsitlər qeyd edir ki, havaların isti keçməsi, birmərtəbəli kameranın üstünün qırla örtülməsi, məhkumların sayının çoxluğu, onların əksəriyyətinin siqaret çəkməsi kameradakı atmosferi dözülməz edir. Tualet (unitaz) və yemək stolu normativlərə uyğun olmayan kamerada yaxınlıqda yerləşdirilib.

Şikayətdə qeyd olunur ki, təcridxanada məhbuslara vəkilləri ilə normal təmas qurmaq şəraiti yaradılmayıb. Jurnalistlərin öz vəkilləri ilə təklikdə və konfidensial görüşmələrinə imkan verilmir, bütün görüşlər məhkəmə nəzarətçisi tərəfindən izlənilir.

Jurnalistlər hesab edir ki, onlara münasibətdə ölkə Konstitusiyasının şərəf və ləyaqətin müdafiəsini nəzərdə tutan müddəalarının, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın insanların işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq hüququnu təsbit edən 3-cü maddəsinin, habelə Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nın, BMT-nin “Məhbuslarla davranışın minimal standart qaydaları”nın ciddi pozuntusuna yol verilib.

Yaşar Ağazadə və Rövşən Kəbirli Yasamal Məhkəməsindən xahiş edirlər ki, şikayətçilərin həbsdə saxlanılma şəraitinin, şikayətçilərin vəkillə konfidensial görüşlərinin təmin edilməməsinin qanunsuz hesab edilməsini, Yaşar Ağazadə və Rövşən Kəbirlinin hal-hazırda saxlandıqları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı istintaq təcridxanasının 85 saylı kamerasından Ədliyyə Nazirliyi tərəfindən qəbul edilmiş “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”ında nəzərdə tutulmuş şəraitlə təmin olunmuş başqa kameraya keçirilməsini, yaxud həmin kameranın normativlərə uyğunlaşdırılmasını və onlara vurulmuş mənəvi zərərə görə cavabdehin şikayətçilərə 100.000 manat ödəməsini nəzərdə tutan qərar qəbul etsin.

Media Hüququ İnstitutu

Bizimlə əlaqə: Bakı, B. Səfəroğlu küçəsi 157;

Telefon.: 596 06 23; 596 14 96;

050 372 71 16

www.mediarights.az

Əvvəlki məqalə: NÜMAYƏNDƏLƏR PALATASININ XARİCİ ƏLAQƏLƏR KOMİTƏSİNDƏ AZƏRBAYCAN İQTİDARI və ABŞ-ın AZƏRBAYCANDAKI SƏFİRLİYİ TƏNQİD OLUNUB

Sonrakı məqalə: BORÇALI ZİYALILARINDAN NAZİM İBRAHİMOVA SƏRT ETİRAZ