Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

«SƏRHƏDSİZ REPORTYORLAR» HƏBSDƏ OLAN İRAN JURNALİSTLƏRİNİN ADLARINI AÇIQLAYIB

Mirzə Xəzər 04 İyl 2007

2007-07-04 – 16:45:00

«İran jurnalistlərə təzyiq göstərən, media mənsublarına qarşı cürbəcür məhdudiyyətlər tətbiq edərək onları nəzarət altında saxlayan ölkələr arasında Orta Şərqdə birinci yeri tutur». «Sərhədsiz Reportyorlar» beynəlxalq jurnalist təşkilatının İranda altı jurnalistin həbsə salınması və jurnalistlərə qarşı təzyiqlərin göstərilməsi ilə bağlı iyulun 3-də verdiyi bəyanatda belə deyilir.

«Media forum» saytının məlumatına görə, bəyanatda müxtəlif bəhanələrlə həbsə alınaraq təzyiqlərə məruz qalan 6 jurnalistin adları da verilir:

Məhəmməd Sədiq Kəbudvənd («Kürdüstan xalqının səsi» həftəlik qəzetinin redaktoru. O, iki il əvvəl etnik mövzularda dərc etdiyi yazılarına görə İnqilab Məhkəməsində 1 il şərti həbs alıb və 5 illiyə jurnalist fəaliyyətindən məhrum edilib).

Səid Mətinpur (Tehranda Azərbaycan türkcəsində çıxan «Yarpaq» həftəlik qəzetinin əməkdaşı. İyun ayında həyat yoldaşı ilə birlikdə Zəncanda ETTELAAT əməkdaşları tərəfindən tutularaq Tehranın Evin həbsxanasına aparılıb. Hazırda zindanın ən qorxunc və qapalı korpusu sayılan 209-cu korpusda saxlanılır. Ailəsi və vəkilləri ilə görüşməsinə icazə verilmir).

Səid Məhəmmədi (Muğanlı) («Yarpaq» qəzetinin əməkdaşı. İyunun 22-də Bakı səfərindən İrana qayıdarkən Tehranın hava limanında ETTELAAT əməkdaşları tərəfindən tutulub. İki gün həbsdə saxlandıqdan sonra 100 min dollarlıq mülk girovu müqabilində sərbəst buraxılıb).

Məhəmməd Həsən Fəllahiyyə (İranın ərəb dilində verilişlər yayan «Əl-Aləm» telekanalının müxbiri. 7 aydır casusluqda günahlandırılaraq Evin həbsxanasının 209-cu korpusunda saxlanır. Ailəsi və vəkillərinin dediyinə görə, xəstə olduğu üçün ciddi müalicəyə ehtiyacı var).

Kavə Cavanmərd (Altı ay əvvəl jurnalist fəaliyyətinə görə Sənəndəc İnqilab Məhkəməsi tərəfindən iki il həbsə məhkum olunub).

Əli Fərəhbəxş (İqtisadi ekspert, Tehranda çıxan bir sıra qəzetlərin əməkdaşı. 7 ay əvvəl xarici səfərdən ölkəyə qayıdarkən Tehran aeroportunda ETTELAAT əməkdaşları tərəfindən casusluqda ittiham edilərək 3 il həbsə və 69 min dollar cəriməyə məhkum edilib).

Ədnan Həsənpur (Sənəndəcdə kürd dilində çıxan «Nasu» həftəlik qəzetinin əməkdaşı.

5 aydan çoxdur naməlum ittihamla həbsdə saxlanır).

«Media forum»

Əvvəlki məqalə: EYNULLA FƏTULLAYEVƏ QARŞI YENİ İTTİHAM İRƏLİ SÜRÜLDÜ

Sonrakı məqalə: RAFİQ TAĞI İLƏ SAMİR SƏDAQƏTOĞLU BARƏSİNDƏ ÇIXARILMIŞ QƏRAR QÜVVƏDƏ QALDI