EYNULLA FƏTULLAYEVƏ QARŞI YENİ İTTİHAM İRƏLİ SÜRÜLDÜ
2007-07-04 – 14:15:00
«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı ittiham irəli sürülüb. Bu barədə «Media forum» saytına «Gündəlik Azərbaycan» qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu məlumat verib.
Ş.Çobanoğlunun sözlərinə görə, indiyədək E.Fətullayev MTN-də şahid qismində dindirilirdi, dünən isə ona rəsmən ittiham irəli sürülüb. E.Fətullayev Səbail Rayon Məhkəməsinə aparılıb və onun barəsində yeni cinayət işi ilə bağlı həbs-qətimkan tədbiri seçilib.
Ş.Çobanoğlunun E.Fətullayevin vəkili Aydın Nəzərlidən aldığı məlumata görə, baş redaktora qarşı cinayət işi Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli düşmənçilik yaratma) maddələri üzrə başlanıb.
Xatırladaq ki, E.Fətullayev bu il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladzenin iddiası əsasında Yasamal Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Mayın 16-da MTN-in Baş İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorla hədələmə faktı üzrə yeni cinayət işi başlanıb. Cinayət işi ilə bağlı E.Fətullayev MTN təcridxanasına köçürülüb. Baş redaktor bu işlə əlaqədar indiyədək MTN-də iki dəfə – iyunun 7-də və 12-də dindirilmişdi.
«Media forum»
Əvvəlki məqalə: Mirzə Xəzər: İlham Əliyevin son bəyanatı, rejimin dəyişməz xisləti və xəyalpərəstlər
Sonrakı məqalə: «SƏRHƏDSİZ REPORTYORLAR» HƏBSDƏ OLAN İRAN JURNALİSTLƏRİNİN ADLARINI AÇIQLAYIB