Tehran rejimi Bəzz yürüşünün iştirakçılarına divan tutdu
GÜNEY AZƏRBAYCANDA QAN TÖKÜLDÜ
Güney Azərbaycanda Babəki anma tədbirləri davam edir. Tehran rejimi Bəzz qalasına yürüş edənlərin qarşısını almaqdan ötrü bütün qüvvələri hərəkətə gətirib.
İyulun 1-də Sulduz şəhərindəki milli qüvvələr toplaşaraq Bəzz qalasına yürüşə başlayıb. Lakin bu zaman əraziyə gətirilən əmniyyət qüvvələri yolları kəsib aksiyaya imkan verməyib. Hərəkatçıların dinc aksiyasına müdaxilə nəticəsində dünən axşamadək davam edən qanlı toqquşmalar baş verib. Bildirildiyinə görə, yürüş iştirakçılarından daha çox fəallıq edənlərə divan tutulub. Çoxlu sayda həbs olunanların və xəsarət alanların olduğu bildirilir. GAMOH-un Güney Azərbaycan təmsilçisi Ağrı Qaradağlıdan aldığımız məlumata görə, həbs olunanlar və xəsarət alanların sayı dəqiqləşdirilir. Güneylə internet və telefon əlaqəsinə ciddi məhdudiyyət qoyulduğundan Bəzz yürüşünün iştirakçıları ilə əlaqə saxlamaq xeyli çətinləşib. Rejim bütün telefon danışıqlarını dinlədiyindən insanlar xaricə məlumat ötürməyi riskli sayırlar. Qeyd edək ki, Bəzz qalasına yürüş aksiyaları bu həftənin sonunadək davam edəcək.
Bu arada Tehran rejimi hərəkatçılara qarşı repressiyaları davam etdirir. Urmiyada daha iki hərəkatçı – Dərviş İsmayılzadə və Behnən Əhmədpurun məhkəməsi başa çatıb. Cəza hökmünün gələn həftə elan olunacağı bildirilir. Təbriz Universitetinin 20 nəfər tələbəsi isə may hadisələrinin ildönümündə iştirakına görə bir illik təhsil hüququndan məhrum edilib. Dünən Babəki anma tədbirləri Azərbaycanın quzeyində də keçirilib. Yüzlərlə insan Xızı rayonunda dağlara qalxaraq xalq qəhrəmanını yad ediblər. Əllərində Azərbaycanın üçrəngli bayraqlarını daşıyan gənclər böyük coşqu ilə Xızı dağlarının zirvəsinə doğru yürüş ediblər. Yürüşdə iştirak edənlərin bəziləri at belində dağlara qalxıb. Yürüşə DAK Məclisinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı rəhbərlik edib. Aksiyada digər ziyalılar və şairlər də iştirak edib. Babəki anma tədbirinə qatılanlar bu aksiyanı Bütöv Azərbaycan uğrunda yürüş kimi dəyərləndiriblər. Təqdirolunası hal odur ki, yürüş iqtidar telekanalları tərəfindən də işıqlandırılıb.
Xalq qəhrəmanını anma tədbirləri İsveçdə də qeyd olunub. Yeni yaradılmış Türkmən Federasiyası ilə İsveç-Azərbaycan Federasiyasının İsveçin Höteborq şəhərində planlaşdırdıqları şənlik tədbiri baş tutub. Federasiyadan “Olaylar”a verilən məlumata görə, Azərbaycanın qəhrəmanı Babək Xürrəminin doğum gününə həsr olunmuş şənlikdə Höteborqda yaşayan bütün türklər bir araya gəlib. Tədbirdə AFİ sədri Məmməd Rza Ağapur, “Savalan” dərnəyinin sədri Dadaş Aslanzadə, tarixçi Arif Rəhimoğlu, Türkmən Federasiyasından Sami Görgülü və başqaları çıxış çıxış edərək, bu gün münasibətilə türk millətini təbrik ediblər.
Cavid TURAN
(“Yeni Musavat” qəzeti)
Əvvəlki məqalə: ÖMÜRLÜK HƏBS CƏZASI ALMIŞ DUSTAQLARIN YAXINLARI DÖVLƏT BAŞÇISINA MÜRACİƏT EDİBLƏR
Sonrakı məqalə: Bəzz qalasına yürüş davam edir