Mirzə Xəzər: İlham Əliyevin son bəyanatı, rejimin dəyişməz xisləti və xəyalpərəstlər
İlham Əliyevin Azərbaycan polisinin cəzadan sığortalı olduğuna dair bəyanatı qısa bir şərh üçün mövzu olmağa layiq olsa da, mahiyyət etibarilə qeyri-adi bəyanat deyildir. Qeyri-adi olmadığı üçün və Azərbaycanda 14 il qabaq qurulan rejimin xisləti və mahiyyəti nəzərə alınarsa İlham Əliyevin Azərbaycanda polisin rolu və vəzifələri barədə verdiyi son bəyanatı əslində şərh etməmək də olardı. Amma bir neçə söz demədən keçmək də günahdır. İlham Əliyev indiki rejimin mahiyyəti və Heydər Əliyevin yaratdığı siyasi hakimiyyət fəlsəfəsi barədə hamıya məlum olan ən böyük, necə deyərlər, sirrini aşkar söyləməklə həm daxildə, həm də xaricdə bu rejimlə əlaqədar mövcud olan bütün xəyallara son, öldürücü zərbəni endirdi. Polisə arxa duran, sıravi vətəndaşlarla münasibətlərdə polisin cəzasız qalmasını təminat altına alan bu siyasi hakimiyyət fəlsəfəsi hakimiyyətin polisə arxalandığını, polisin də hakimiyyətə söykəndiyini nəzərdə tutur. Əl əli yuyur, nəticədə hakimiyyət qazanır, sıravi vətəndaşlar və onların hüquqlarını qorumalı olan konstitusiya və qanunlar zərərçəkən tərəfə çevrilir. İlham Əliyevin polisə arxa durmaqla polis zorunun seçici səslərindən üstün tutulduğunu göstərir. Bir də bu rejimin zəifliyini göstərir. Rejim səs vermək və hakimiyyəti seçmək hüququna malik vətəndaşlardan qorxduğunu göstərir. Onlardan qorxmasaydı polisə arxalanmazdılar…Təəssüf ki, əl əli yuyur…Həqiqət acı olur. Acı həqiqət İlham Əliyevin bəyanatından ibarət deyildir. Acı həqiqət həm xaricdə, həm də daxildə xəyalları puça çıxanların bu rejim qarşısında şüurlu yaxud şüursuz, könüllü yaxud könülsüz acızliyini nümayiş etdirməsi və ya belə davranmaqdan başqa çarəsinin olmamasıdır. Qəribə vəziyyətdir. Vaxt var idi daxildəki xəyalpərəstlər üzlərini Qərbə tərəf tutub “imdad! imdad!” deyə nida edərdilər. Ayıldılar! Daxildəki xəyalpərəstlər artıq ayılıblar, xaricdəkilərdən nicat ummurlar, özləri də heç bir iş görə bilmirlər. Daxildəki xəyalpərəstlərin əksəriyyəti zor (və şirin kökə) qarşısında əlacsız qalan könülsüz susanlar, daha doğrusu susdurulanlardırsa, bunun tam əksinə olaraq xaricdəki xəyalpərəstlərin əksəriyyəti acız və zəif olduqları üçün yox, başqa səbəblərdən susmağı tərcih edirlər. Əcnəbi “xəyalpərəstlərin” məmləkətlərində polis konstitusiya və qanunlardan yuxarı qoyulmur. Atalar atlının piyadədən xəbəri olmaz deyərdilər. Allah sizə rəhmət eləsin, ATALAR! Dövran dəyişib. Ataların dövranı tarixdə qaldı…Bu gün atlıların piyadələrin güzaranından xəbərləri var, amma… susmaq…qızıldır…Bunu Azərbaycanda bu gün bilməyən yoxdur.
(03.07.2007)
Əvvəlki məqalə: QOBUSTANDA 17 MƏHBUS ACLIĞI DAVAM ETDİRİR
Sonrakı məqalə: EYNULLA FƏTULLAYEVƏ QARŞI YENİ İTTİHAM İRƏLİ SÜRÜLDÜ