Vəfa Quluzadə: “ZİYALILARIN QARABAĞA SƏFƏRİ AZƏRBAYCAN ÜÇÜN ALÇALDICIDIR”
Vəfa Quluzadə ziyalıların Qarabağa səfər etməsinə sərt reaksiya verdi
“Görünür, Qarabağ problemini güzəştlər yolu ilə həll etməsi üçün Azərbaycana möhkəm təzyiqlər edilib ki, ziyalıların səfəri məsələsi reallaşıb. Azərbaycan rəhbərliyi də çox gözəl başa düşür ki, seçkidən qabaq ədalətsiz sülhə imza atmaq olduqca təhlükəlidir. Ona görə də təzyiq edənlərin iştahlarını təmin etmək üçün bu cür alçaldıcı səfər təşkil olunub. Mən bu səfərə ayrı ad tapa bilmirəm”.
Sabiq dövlət müşaviri Vəfa Quluzadə Azərbaycanın bir qrup ziyalısının Dağlıq Qarabağa, daha sonra İrəvana səfərini şərh edərkən bunları bildirdi. Onun sözlərinə görə, bu səfər bizi Qarabağ məsələsinin həllinə bir santimetr də yaxınlaşdırmayacaq: “Ona görə ki, işğal olunan torpaqlar Azərbaycanındır, təcavüzə məruz qalan, bir milyon qaçqını olan da Azərbaycandır. Üstəlik də Azərbaycan ərazisində ikinci erməni dövləti elan olunub, indi Azərbaycan bunların hüzuruna gedir. Azərbaycan nümayəndələri vaxtı çatanda həm Qarabağa, həm də İrəvana gedib onlarla bir yerdə toy-bayram edib, rəqs eləyib, konyak da içə bilər. Ancaq onadək ermənilər təcavüzdən əl çəkdiklərini, səhvlərini başa düşdüklərini, Rusiyanın təzyiqi və iştirakı ilə torpaqlarımızı işğal etdiklərini bəyan edib qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdırlar. Bu vəziyyətdə də ora getmək olmaz, qoy onlar bura gəlsinlər, üzr istəsinlər ki, sizə təcavüz edib xalqınıza bu qədər əzab-əziyyət vermişik. Bütün bunlar olandan sonra şəxsən mən gedib Arkadi Qukasyanla ”Ləzginka” oynayaram. Amma hazırda reallaşan bu səfər yersiz idi”.
Bununla belə politoloq hesab edir ki, bu səfərdən sonra rəsmi Bakının Dağlıq Qarabağı tərəf kimi tanıdığını demək olmaz: “Hakimiyyət əvvəlkitək Qarabağı tərəf kimi tanımır. İlham Əliyev dedi ki, məsələnin həllini yalnız Azərbaycanın ərazi bütövlüyünün qorunmasında görür. Deməli, bu məsələ kiməsə lazım olan bir piar aksiyası idi və reallaşdırıldı. Nəticədə Azərbaycan alçaldı. Çünki Azərbaycan ora getməməliydi. Ora gedən səfir, rektor, digərləri dövlət məmurudur”. V.Quluzadə səfəri təqdir edən (!) Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənovun bu səfərdə iştirak etməməsinə də toxundu: “Nizami Bəhmənov Dağlıq Qarabağın erməni icması rəhbərinin tərəf müqabilidir və Minsk Qrupu tərəfindən tanınıb? Nəyə görə Nizami Bəhmənov Dağlıq Qarabağa getməyib burda oturub? Dağlıq Qarabağ erməniləri deyir ki, Nizami Bəhmənov heç kimdir. Arkadi Qukasyan deyir ki, mən böyük adam, Dağlıq Qarabağın prezidentiyəm, üstəlik də 40 minlik ordum var. Amma Nizami Bəhmənovun heç nəyi yoxdur. Ona görə də deyir ki, mən Bəhmənovu tanımaq da istəmirəm. De-fakto vəziyyət belədir. Mən dəfələrlə danışıqlarda iştirak edərkən erməni icması ilə bərabər Azərbaycan icmasının da iştirakına təkid etmişəm. Onlar deyirdilər ki, birincisi, biz icma yox, dövlətik, ikincisi də siz icma yox, heç nəsiniz. Bu, onların mövqeyidir və ona görə də Bəhmənov ora getməyib”. Kəskin etirazlarla yanaşı səfəri təqdir edənlər də var. Konfliktoloq Elxan Mehtiyev xatırlatdı ki, əgər Azərbaycan tərəfi bu məsələni nizamlamaq istəyirsə, ilk növbədə Ermənistanla yox, Dağlıq Qarabağdakı rəsmi və qeyri-rəsmi dairələrlə təmas qurmalıdır. E.Mehtiyev ermənilərlə ünsiyyətin digə mühüm əhəmiyyətini də qeyd etdi: “Azərbaycan hakimiyyəti arxasında heç bir real iş durmayan qorxu təbliğatı aparırsa, bu problem sülh yolu ilə yüz il də həll olunmayacaq. Ancaq kütləvi şəkildə təmaslar olarsa, Köçəryan kimi hərbi cinayətkarlar Dağlıq Qarabağ ermənilərinin təhlükəsizlik məsələsini bəhanə gətirməzlər”.
Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə də bildirdi ki, şəxsən o, xalq diplomatiyasının tərəfdarıdır: “Bundan əvvəl də bizim jurnalistlərimiz, insan haqlarının müdafiəçiləri səfərlərə gedəndə, belə əlaqələr yaradanda dəstəkləmişəm. Müharibə yox, sülh yolu ilə getmək istəyənlər bu vasitələrdən istifadə etməlidir”. Konkret olaraq sonuncu səfərə gəldikdə, H.Hacızadə bildirdi ki, bu, xalq diplomatiyası tədbiri deyil: “Bu, dövlət məmurunun dövlətin icazəsi və razılığı ilə həyata keçirdiyi aksiyadır. Mən prinsipcə bunun da əleyhinə deyiləm. Amma mənə aydın deyil ki, nəyə görə əvvəllər belə səfərləri həyata keçirənlər ”vətən xaini” adlandırıldığı halda, indi eyni addımı atanlar böyük insan, ürəyiaçıq şəxslər adlandırılır. Bu isə o deməkdir ki, hakimiyyətin vahid Qarabağ siyasəti yoxdur”.
“Bu səfər qondarma rejimin tərəf kimi danışıqlara cəlb edilməsi anlamını daşımır”. Dünən Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov belə deyib. Onun sözlərinə görə, hazırda danışıqlar Azərbaycan və Ermənistan arasında gedir. Ancaq işğal məsələləri aradan qaldırılandan sonra ATƏT-in Minsk Qrupu çərçivəsində icmalararası danışıqlara şərait yaradıla bilər.
Elşad PAŞASOY
(“Yeni Musavat” qəzeti)
Əvvəlki məqalə: İlhami Fətəliyev: «Bülbülün büstünü tanımaq olmurdu... Büstə güllə vurmaqmı olar?»
Sonrakı məqalə: Güney Azərbaycanda vəziyyət yenidən gərginləşib