Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Güney Azərbaycanda vəziyyət yenidən gərginləşib

Mirzə Xəzər 01 İyl 2007

GÜNEYDƏKİ SOYDAŞLARIMIZIN BABƏK QALASINA YÜRÜŞÜ BAŞLADI

İyunun 29-dan etibarən Güney Azərbaycan milli hərəkatı xalq qəhrəmanı Babəki anma tədbirlərinə başlayıb. Srağagün gecədən etibarən hərəkatçılar Bəzz qalasına yürüş ediblər. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlıdan aldığımız məlumata görə, artıq hərəkatçıların böyük bir qrupu qalaya yetişiblər. Qeyd edək ki, onlar Tehran rejimini duyuq salmamaqdan ötrü son anadək yürüşün konkret vaxtı barədə açıqlama verməmişdilər. Hətta anıt mərasimlərinin Güney Azərbaycanın iri şəhərlərində keçiriləcəyini bəyanlayan hərəkatçılar Bəzz qalasına ənənəvi yürüşün keçiriləcəyini birmənalı deməmişdilər.

Ötən il qalanın yerləşdiyi Kəleybər şəhəri ətrafına çoxminli hərbi qüvvələrin və polisin yerləşdirilməsi səbəbindən yürüş effektli alınmadığı üçün milli hərəkat bu dəfə fərqli taktika seçib. Məlumata görə, rejim əraziyə qüvvələr göndərsə də, artıq insanların yürüş istəyinin qarşısını almaq mümkün olmayacaq. Güneyin bütün şəhərlərindən minlərlə insanın qalaya doğru irəlilədiyi bildirilir. Kəleybər ətrafında qoyulmuş postlarda avtomobil və avtobuslarda ciddi yoxlamalar aparılır. A.Qaradağlının sözlərinə görə, nəinki GAMOH lideri Çöhrəqanlının, hətta Babəkin şəkilləri və müxtəlif şüarlar dərhal müsadirə edilir. Güney Azərbaycan bayraqları ilə tutulan şəxslər isə saxlanılır. Milli hərəkatçılar Bəzz qalasında toplaşdıqdan sonra gələn həftənin ikinci yarısına qədər bayram tədbirləri keçirəcəklər. Növbəti qarşıdurmaların baş verəcəyi də istisna olunmur.

Cavid TURAN

(“Yeni Musavat” qəzeti)

Əvvəlki məqalə: Vəfa Quluzadə: “ZİYALILARIN QARABAĞA SƏFƏRİ AZƏRBAYCAN ÜÇÜN ALÇALDICIDIR”

Sonrakı məqalə: Stokholmda Babəkin doğum günü qeyd olundu