Qobustanda məhbuslara aksiyanı dayandırmaq üçün təzyiq edildiyi bildirilir
DUSTAQLARIN AİLƏLƏRİ DƏ ACLIĞA BAŞLAYACAQLAR
Qobustan qapalı həbsxanasında məhbusların aclıq aksiyası davam edir. Xatırladaq ki, ölüm hökmünə məhkum edilmiş dustaqlar barələrindəki ömürlük həbs cəzasının 15 illə əvəzlənməsi tələbi ilə artıq bir neçə dəfə aksiya keçiriblər. İyunun 21-dən başlanan növbəti aksiyada iştirak edən məhkumların ailə üzvləri də yaxın günlərdə aclığa başlamaq barədə düşünürlər. Bu barədə redaksiyamıza müraciət edən dustaq qohumları məlumat veriblər.
Aclıq edənlərin yaxınları həmçinin əvvəllər ölüm hökmü almış ömürlük məhbusların cəzalarının 15 illik həbslə əvəzlənməsi ilə bağlı ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etmək qərarına gəliblər. Xatırladaq ki, məhbuslar aksiyanın ilk günündən hüquq müdafiəçilərilə görüşdən imtina ediblər. Bunu isə əvvəllər keçirdikləri aclıq aksiyaları zamanı hüquq müdafiəçilərinin onları aldatmaları ilə əlaqələndiriblər. Aksiya iştirakçıları parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynovun, beynəlxalq təşkilatların nümayəndələrinin onlarla görüşməsini xahiş edirlər.
Bu arada isə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin sosial müdafiə şöbəsinin rəisi Rafiq Ramazanovun APA-ya verdiyi məlumata görə, aksiyaya başlamış 38 məhbusdan 9-u aclığı dayandırıb. R.Ramazanovun sözlərinə görə, aclığı dayandıran məhbuslar bu barədə həbsxana rəhbərliyinə ərizə ilə müraciət ediblər.
“Qobustan qapalı həbsxanasında aclıq edən məhbuslara aksiyanı dayandırmaq üçün təzyiqlər edilir. Həbsxana rəhbərliyi onlara deyib ki, aclıq dayanmasa, cəzaçəkmə müəssisəsinə qoşun yeridiləcək. Aclıq edən məhbusların sayı da ictimaiyyətdən gizlədilir. Həbsxanada 54 məhbus aclıq etdiyi halda onların sayı azaldılır”. Bu sözləri APA-ya açıqlamalarında adlarının çəkilməsini istəməyən məhbus yaxınları deyiblər. Qobustan həbsxanasının rəis müavini Şahkişi Bağırov isə bu məlumatları təkzib edib. Rəis müavini deyib ki, məhbusların saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur, onlara ömürlük cəzalarının 15 illik həbslə əvəzlənməsi tələbi ilə aclıq etməyə görə hər hansı təzyiq edilə bilməz: “Biz nəyə görə təzyiq etməliyik? Məhbuslara aclıq etmək hüquqlarını təmin etmək üçün şərait yaradılıb. Onlar həkim nəzarəti altındadırlar”.
ŞƏMS
(“Yeni Musavat” qəzeti)
Əvvəlki məqalə: POLAD BÜLBÜLOĞLUNUN MƏTBUAT KONFRANSI QALMAQALLA BAŞLADI
Sonrakı məqalə: İlhami Fətəliyev: «Bülbülün büstünü tanımaq olmurdu... Büstə güllə vurmaqmı olar?»