Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

POLAD BÜLBÜLOĞLUNUN MƏTBUAT KONFRANSI QALMAQALLA BAŞLADI

Mirzə Xəzər 29 İyn 2007

2007-06-29 – 18:01:00

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun və onun 28 iyun səfərində rəhbərlik etdiyi nümayəndə heyəti üzvlərinin bu gün Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirdikləri mətbuat konfransı qalmaqalla başlayıb.

«Media forum» əməkdaşının konfrans zalından verdiyi məlumata görə, P.Bülbüloğlu tədbiri giriş sözü ilə açmaq istərkən, elə ilk kəlmələri – «bu gün sizə Qarabağa, oradan isə Yerevana etdiyimiz səfər haqqında məlumat vermək istəyirəm» dediyi vaxt Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvü Manaf Kərimov yerdən onun sözünü kəsərək kobud ifadələrlə bu səfərin səhv addım olduğunu bəyan edib.

P.Bülbüloğlu BMM-in işçilərinə M.Kərimovu zaldan çıxarmağı tapşırıb. Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla isə özünü saxlaya bilməyərək eyni təhqiramiz sözlərlə QAT üzvünə cavab verib.

Hətta M.Kərimov zaldan çıxarılandan sonra da xeyli əsəbi görünən rektor öz çıxışı zamanı emosiyalarına sahib ola bilmədiyinə görə tədbir iştirakçılarından üzr istəyib.

Hələ mətbuat konfransı başlamazdan əvvəl QAT sədri Akif Nağı rəhbərlik etdiyi təşkilatın bir neçə üzvü ilə BMM-ə gəlibmiş. Bu nüans jurnalistlərin diqqətindən qaçmayıb. Media təmsilçiləri nümayəndə heyəti ilə QAT-çılar arasında nəsə münaqişənin olacağını ehtimal edirmişlər.

Tədbirə qədər BMM-in yerləşdiyi binanın nə içində, nə də qapısı ağzında polis olub. İnsident baş verəndən sonra isə istər içəridə, istərsə də qapı ağzında çoxlu polis toplaşıb.

«Media forum»

Əvvəlki məqalə: ƏLİ İNSANOVUN SƏHHƏTİ AĞIRLAŞIB

Sonrakı məqalə: Qobustanda məhbuslara aksiyanı dayandırmaq üçün təzyiq edildiyi bildirilir