İlhami Fətəliyev: «Bülbülün büstünü tanımaq olmurdu... Büstə güllə vurmaqmı olar?»
ŞUŞADAN QAYITMIŞ ŞUŞALI İLHAMİ FƏTƏLİYEV: «ŞUŞAYA GİRƏNDƏ HİSS ETDİM Kİ, HARDASA BİR XARABAYA GƏLMİŞİK» 2007-06-29 – 20:48:00
Bugünkü mətbuat konfransında Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla belə deyib. Onun sözlərinə görə, Qarabağda, eləcə də Şuşada vəziyyət çox ağırdır, yaşayış yoxdur: «Onlar bizi Ağdamdan aparmadılar. Yəqin Ağdamda hal qalmayıb bizə göstərsinlər. Ağdərə-Xankəndi yolu ilə apardılar. Şuşada da olduq. Şəhərdə şəhər nəfəsi yox idi, hansısa cizgiləri var idi. Çox az adam yaşayırdı».
K.Abdulla Şuşada ermənilərin gözlərində xiffət gördüyünü deyib. Onun sözlərinə görə, Şuşadakı məsciddə 4 divar qalıb, halbuki Bakıdakı erməni kilsəsi tam salamatdır: «Biz erməniləri Bakıya gətirəndə gördülər ki, erməni kilsəsi içindəki kitablarla birgə durur. Biz Şuşadakı məscidi və Bakıdakı kilsəni üzbəüz qoymağa çalışdıq».
K.Abdulla Qarabağda və Ermənistanda yaşayışa da toxunub: «Nə Ağdərədə, nə də Ağdərədən Xankəndiyə gedən 2 saatlıq yolda qabağıma bir dənə də olsun maşın çıxmadı. Mənə şəxsən maraqlı idi. Mən Yerevanda tikilən 4 bina gördüm, beşincini görmədim». K.Abdulla Yerevanın zəif inkişaf etdyini deyərək bunu Bakının inkişafı ilə müqayisə edib: «Onlar gəlib bizim Bakını gördülər. Bakının bugünkü vəziyyəti zəngin potensialdan xəbər verir. Mən onların gözündə çaşqınlıq gördüm».
Şuşalı məcburi köçkün, vaxtilə tarixi memarlıq abidələrinin öyrənilməsi və bərpası ilə məşğul olmuş İlhami Fətəliyev də Şuşanın ağır vəziyyətdə olduğunu deyib: «Mənim üçün çox maraqlı idi. Çox söz-söhbətlər vardı ki, ay Şuşada belə tikililər var, elə tikililər var. Mən hər şeyi öz gözümlə görmək istəyirdim. Şuşaya girəndə hiss etdim ki, hardasa bir xarabaya gəlmişik».
İ.Fətəliyev bildirib ki, Şuşanın küçələrini gəzərkən ermənilər ona yaxınlaşıb Azərbaycan dilində «İlhami müəllim xoş gəlmisiniz» deyə salamlayıblar. O, Şuşadakı mədəniyyət evinin, bütün tarixi mədəniyyət abidələrinin yandırılıb qarət olunduğunu deyib: «Torpaq meydana tərəf düşdük, gəzə-gəzə bütün tarixi-memarlıq abidələrinə baxır və görürdüm ki, onların hamısı qarət olunub. Bülbülün evində biz çox həyəcanlandıq, çünki onun büstünü eybəcər hala salmışdılar».
«Media forum»
Əvvəlki məqalə: Qobustanda məhbuslara aksiyanı dayandırmaq üçün təzyiq edildiyi bildirilir
Sonrakı məqalə: Vəfa Quluzadə: “ZİYALILARIN QARABAĞA SƏFƏRİ AZƏRBAYCAN ÜÇÜN ALÇALDICIDIR”