Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ƏLİ İNSANOVUN SƏHHƏTİ AĞIRLAŞIB

Mirzə Xəzər 28 İyn 2007

Sabiq nazirin ona qarşı işgəncələrə son qoyulmasını tələb edir

Sabiq səhiyyə naziri Əli İnsanovun səhhəti ağır olaraq qalır. Onu dəfələrlə müraciət etməsinə baxmayaraq, ağır şəraitli kameradan çıxarmırlar. Bu barədə eks-nazirin müdafiəçilərindən məlumat almışdıq.

Vəkil Ağaveyis Şahverdinin bildirdiyinə görə, Əli İnsanov həm həbsxana rəhbərliyi, həm məhkəmələr, həm də Penitensiar Xidmət tərəfindən qərəzli münasibət var: “Əli müəllim dəfələrlə müraciət edib ki, müalicəsinə şərait yaradılsın, amma reaksiya verən yoxdur. Sabiq nazirin səhhətindəki problemlər isə olduqca ciddidir. Onun heç təcridxana şəraitində müalicə almasına normal şərait yaradılmır, vaxtlı-vaxtında həkim müayinəsindən keçirilmir, səhhəti günbəgün ağırlaşır. Tələb edirik ki, heç olmasa onu üfunətli, rütubətli kameradan çıxarın, bunu da etmirlər. Bu qanunsuzluqlarla bağlı məhkəməyə müraciət etmişik. Amma şikayətimizə baxmaq istəmirlər. Əli müəllim hesab edir ki, bu işgəncələr ona məqsədli şəkildə verilir. Və o, bunlara son qoyulmasını tələb edir”.

A.Şahverdi onu da nəzərə çatdırdı ki, keçmiş nazirin YAP sədrinin müavini Əli Əhmədova qarşı iddiasının taleyindən də xəbər yoxdur: “Aprelin 24-də keçirilən sonuncu məhkəmə iclasında hakim qarşı tərəfin işə digər məhkəmədə baxılması barədə vəsatətini rədd etdi və dedi ki, Əli Əhmədovun müdafiəçisi bu qərardaddan 5 gün müddətinə apellyasiya şikayəti verə bilər. Bizdə olan məlumata görə, qarşı tərəf apellyasiya şikayəti verib, amma iş orada iki aydan artıqdır ilişib qalıb. Bu, məhkəmələrin də Əli İnsanova qarşı qərəzli münasibətinin göstəricisidir”.

ORXAN

(“Yeni Musavat” qəzeti)

Əvvəlki məqalə: Rövşən Hacıbəyli: Azərbaycanda kişilər bayramı keçirilmir...

Sonrakı məqalə: POLAD BÜLBÜLOĞLUNUN MƏTBUAT KONFRANSI QALMAQALLA BAŞLADI