SUMQAYITDA «YÜKSƏLİŞ NAMİNƏ» QƏZETİNİN BAŞ REDAKTORU və SİYASİ SIĞINACAQ İSTƏYƏN MÜXBİRİ SAXLANILIB
2007-06-22 – 14:32:00
«Yüksəliş naminə» qəzetinin xaricdən sığınacaq istəyən əməkdaşı Elçin Həsənov və qəzetin baş redaktoru Elçin Məmməd bu gün Sumqayıtda polis tərəfindən tutulublar, hazırda onlar polis bölməsindədir. Bu barədə «Media forum» saytına «Yüksəliş naminə» qəzetinin baş redaktorunun birinci müavini Müşviq Abdulla məlumat verib.
M.Abdullanın sözlərinə görə, iyunun 21-də Sumqayıt Dövlət Universitetində təhsil alan bir qrup tələbə universitetdəki korrupsiya və özbaşınalıq halları ilə bağlı redaksiyaya şikayət ediblər. Şikayəti araşdırmaq üçün bu gün səhər qəzetin müxbiri E.Həsənov hadisə yerinə ezam olunub.
M.Abdullanın dediyinə görə, universitetə gedən E.Həsənov orada prorektor Məmməd Əhmədovun fiziki təzyiqinə məruz qalıb, prorektor jurnalistə bir neçə zərbə endirib. Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov isə universitetə polis əməkdaşlarını çağırıb və onlardan müxbirin saxlanılmasını istəyib.
Polis əməkdaşları E.Həsənovu tutaraq Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci bölməsinə aparıblar.
Müxbirin saxlanması ilə bağlı «Yüksəliş naminə» qəzetinin baş redaktoru Elçin Məmməd Sumqayıt Dövlət Universitetinə gedib. Lakin universitetdəki polis əməkdaşları baş redaktoru da Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci bölməsinə aparıblar. Hazırda jurnalistlər polis bölməsindədirlər.
M.Abdullannı dediyinə görə, hər iki jurnalistin üzərində vəsiqəsi olub. M.Abdulla faktla bağlı məhkəməyə müraciət edəcəklərini deyib.
«Media forum»
Əvvəlki məqalə: SAMİR SƏDAQƏTOĞLUNUN və RAFİQ TAĞININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB
Sonrakı məqalə: "Müxalifət"çilər zindanda aclıq aksiyasına başladıqlarını bəyan edirlər