Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Andreas Qross: “AZƏRBAYCANDA DEMOKRATİYA ADINA HEÇ NƏ YOXDUR”

Mirzə Xəzər 22 İyn 2007

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə keçmiş məruzəçisi Andreas Qross növbəti dəfə öz prinsiplərinə sadiq qalıb. AŞ-nin İsveçin paytaxtı Stokholmda keçirdiyi “Demokratiyanın gələcəyi üçün Forum” adlı tədbirdə iştirak edən Qross Ermənistanın müstəqil “A1+” telekanalının əməkdaşına müsahibə verib. Ermənistanda bu ilin mayında keçirilən parlament seçkilərində müşahidəçilərdən biri olan Qross deyib ki, o, beynəlxalq müşahidə missiyasının bu seçkilər haqda verdiyi rəylə razılaşmır.

Onun sözlərinə görə, bu seçkilərdə müxtəlif oliqarxik qruplar hakimiyyəti ələ alıblar və bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur: “Demokratiya təkcə oliqarxik qruplar üçün deyil. Müxtəlif oliqarxik qruplar Ermənistanda siyasi iqtidarı öz əllərində cəmləyiblər. Heç olmasa, sizdə bu oliqarxik qruplar arasında rəqabət var. Azərbaycanda isə heç bir rəqabət yoxdur, hakimiyyətə ancaq bir qrup nəzarət edir”.

Qrossun dediyinə görə, beynəlxalq müşahidə missiyasının Ermənistanda ilk dəfə azad və ədalətli seçkilər keçirildiyini bəyan etməsi diplomatik addımdır. Çünki ötən seçkilər çox pis olub, bu seçkilər isə daha az pis olduğuna görə onu irəliyə doğru addım adlandırıblar: “Bu rəy açıqlanarkən mən də mətbuat konfransında iştirak edirdim. Görürdüm ki, bu rəy heç də kifayət qədər ədalətli deyil. Bəzən beynəlxalq müşahidəçilərin problemi onda olur ki, onlar nəzakətli olmağa çalışırlar. Bununla da onlar dövlətdən öz biznesləri üçün istifadə edən pullu adamlara xidmət etmiş olurlar”.

Ermənistanla Azərbaycanda demokratiya sahəsində vəziyyəti müqayisə edən Qross deyib ki, Azərbaycanda vəziyyət Ermənistandakı ilə eyni deyil, ancaq bundan daha pisdir. “Bu ölkələr ikisi də eyni xəstəxanadır, ancaq çarpayılar eyni deyil. Mən bayaq dediyim kimi, Ermənistanda heç olmasa müxtəlif oliqarxik qruplar arasında rəqabət var. Azərbaycanda isə heç bir real rəqabət yoxdur. Eyni zamanda hər hansı plüralizm də yoxdur, bu ölkədə müxalifətin fəaliyyət göstərməsi mümkün deyil. Müxalifət olmayan ölkədə isə demokratiya adına heç nə yoxdur”-deyə Azərbaycan üzrə keçmiş məruzəçi bildirib. Qross bildirib ki, Azərbaycan və Ermənistan hakimiyyətləri demokratiyanın təkcə insanlar üçün deyil, insanlardan ibarət anlayış olduğunu dərk etməlidir. Onun sözlərinə görə, hər iki ölkədə demokratiya güclənərsə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli haqda danışmaq olar: “Siz kompromislərə getməlisiniz və adamları buna hazırlamalısınız. Kompromis o deməkdir ki, heç kim istədiyinin hamısını almır, ancaq hər tərəf nəsə əldə edir. Bu siyasi mədəniyyətdir. Mən qorxuram ki, oliqarxik strukturların olduğu, qeyri-demokratik və cəsarətsiz hakimiyyətin hökm sürdüyü bir vaxtda siz bu cür müdrik kompromislərə gedə bilməyəcəksiniz”.

Siyasət şöbəsi

(“Yeni Musavat” qəzeti)

Əvvəlki məqalə: Ali Məhkəmə Zərdüşt Əlizadənin kassasiya şikayətini rədd edib

Sonrakı məqalə: ELAN: Hörmətli dinləyicilər, nəzərinizə çatdırırıq ki, iyunun 26-da "Mirzə Xəzərin Səsi" İnternet Radiosu...