Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

QOBUSTAN HƏBSXANASINDA 200-dək MƏHBUS ÖLÜM ACLIĞINA BAŞLADI

Mirzə Xəzər 21 İyn 2007

Aksiyaya siyasi məhbuslar da qoşulub

Dünəndən Qobustan həbsxanasında cəza çəkən məhbuslar aclıq aksiyasına başlayıblar. Aclıq edən ömürlük dustaqların tələbi cəzalarının 15 illə əvəzlənməsidir. Aclığa başlamaları ilə bağlı bəyanat yayan dustaqlar bildiriblər ki, ömürlük həbs cəzasına məhkum edilmələri onların haqlarının tapdanmasıdır. İndiyədək etdikləri bütün müraciətlərin cavabsız qaldığını deyən məhkumlar öz haqlarına çatmaq üçün müddətsiz aclıq aksiyasına başlamağa qərar verdiklərini bəyan ediblər. İlk gündə aclığa 200-dək dustaq başlayıb. Onların arasında məşhur ömürlük məhkumlar -sabiq “OMON”çular Arif Kazımov, Səfa Poladov, Elçin Əmiraslanov, həmçinin bir neçə qalmaqallı qətldə təqsirləndirilən Dəyanət Kərimov da var.

Dustaqların qohumlarının bildirdiklərinə görə, bu dəfə aksiya iştirakçıları sona qədər getməkdə qərarlıdırlar. Belə ki, artıq neçənci dəfədir keçirilən aclıq aksiyaları daha çox hüquq müdafiəçilərinin dustaqlarla görüşüb vədlər verməsindən sonra dayandırılıb. Lakin bu dəfə ömürlük məhkumlar yaxınları ilə söhbət zamanı hətta hüquq müdafiəçilərilə görüşdən belə imtina edə biləcəklərini qeyd ediblər. Onların fikrincə, hüquq müdafiəçiləri də “yuxarılar”la əlbirdirlər və hər dəfə onları aldadıb geri çəkilməyə sövq etməklə keçirdikləri aksiyaları gözdən salırlar. Onu da qeyd etmək yerinə düşər ki, hüquq müdafiəçiləri və hüquqşünaslar mətbuata açıqlamalarında bildiriblər ki, barəsində çıxarılan ölüm hökmü ömürlük həbslə əvəzlənmiş məhbuslar indi cəzalarının 15 illə əvəzlənməsini tələb etməkdə haqlıdırlar.

Ədliyyə Nazirliyinin penitensiar xidmətinin şöbə rəisi Rafiq Ramazanov isə “Turan”a açıqlamasında bildirib ki, Qobustan həbsxanasında ömürlük həbs cəzasına məhkum olanların aclıq aksiyasına başlaması ilə bağlı məlumat daxil olmayıb. Onun sözlərinə görə, məhbuslar aclığa başlamaları ilə bağlı penitensiar xidmətə ərizə ilə müraciət etməyiblər: “Qobustan həbsxanasında hər hansı məhbus qidadan imtina etməyib və bu gün səhər də onlar qidanı qəbul ediblər”. Xidmətdən APA-ya verilən məlumata görə isə, məhbusların aksiyaya başlamaq barədə ərizələri daxil olmasa da, onların aclığa başlamaq niyyətində olmaları barədə məlumat var. Bu məlumatları dəqiqləşdirmək üçün penitensiar xidmətin əməkdaşları Qobustan həbsxanasına göndəriliblər.

Bu arada isə Penitensiar Xidmətə Nəzarət İctimai Komitəsinin üzvü olan hüquq müdafiəçiləri Qobustan qapalı həbsxanasında monitorinq keçirəcəklər. İctimai Komitənin üzvü Çingiz Qənizadə APA-ya açıqlamasında bildirib ki, onlar Qobustan həbsxanasında başlanan aclıq aksiyasını diqqət mərkəzində saxlamaq və müəssisədən son zamanlar gələn narahatlıq doğuran bəzi məlumatları yerindəcə araşdırmaq istəyirlər: “Bizə çatan məlumatlara görə, məhbusların həbsxana rəhbərliyindən, daxili intizam qaydalarından da narazılıqları var. Ona görə də hər şeyi yerindəcə araşdırmaq istəyirik”.

HƏBİBƏ

(“Yeni Musavat” qəzeti)

Əvvəlki məqalə: ATASI ÖTƏN İLİN MAY AKSİYALARINDA ŞƏHİD OLMUŞ OĞLUNUN ÖLÜMÜNÜ GİZLƏDİBMİŞ

Sonrakı məqalə: «Çimərliklər zərərli, içkilər saxta, ərzaq zəhərli»