Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Ali Məhkəmə Zərdüşt Əlizadənin kassasiya şikayətini rədd edib

Mirzə Xəzər 21 İyn 2007

MEDİA HÜQUQU İNSTİTUTUNUN MƏLUMATI

Bu gün Ali Məhkəmədə Daxili İşlər Nazirliyinin İdarə rəisi general-mayor Həzi Aslanovun politoloq Zərdüşt Əlizadə və “Azadlıq” qəzetinə qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsinə dair iddiası ilə bağlı Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxıldı. Məhkəmə şikayəti təmin etmədi.

“Azadlıq” qəzetinin 29 iyun 2006-cı il tarixli sayında dərc olunan “Mirzə Sakitə çox çirkin oyunlar qurulub” sərlövhəli yazı Həzi Aslanovun narazılığına səbəb olub. Məqalə müəllifinin rəy soruşduğu Zərdüşt Əlizadə deyib ki, “Azərbaycanda həqiqətən də narkoticarət şəbəkəsi var. Bu şəbəkənin başında Azərbaycanın yüksək rütbəli rəsmiləri durur. Narkodilerlərin də əksəriyyəti elə Daxili İşlər Nazirliyinin narkobiznesə qarşı mübarizə idarəsinin işçiləridir. Bu nazirlik həqiqətən də cinayət yuvasıdır, buna heç kimin şübhəsi olmasın. Hacı Məmmədovun bandasının tutulması, ifşa edilməsi, sonra da Ramil Usubovun birbaşa Heydər Əliyevin tapşırığı ilə hansısa cinayət əməlini törətməsini etiraf etməsi göstərir ki, DİN həqiqətən də Azərbaycan dövlətçiliyinin düşmənlərindən biridir. Hökumət ona görə dözümlülük ğöstərir ki, bu struktur xalqın iradəsini qırmaq üçün cəza arbitridir”. DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov bu ifadələrin onun və çalışdığı idarənin işgüzar nüfuzunu, şərəf və ləyaqətini aşağıladığını iddia edərək Səbayel Rayon Məhkəməsində Zərdüşt Əlizadə və “Azadlıq” qəzetinə qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair dava açmışdı. Özünün və rəhbəri olduğu idarənin əməkdaşlarının sarsıldığını, mənəvi ziyana məruz qaldıqlarını iddia edən H. Aslanov bu ziyanın qarşılığında cavabdehlərin hər birindən 50.000 (əlli min) yeni manat alınmasını və qəzetdə təkzib verilməsini tələb edirdi. Səbayıl rayon məhkəməsi 09 avqust 2006-cı il tarixdə iddianı qismən təmin edərək “Azadlıq” qəzeti və Zərdüşt Əlizadənin hər birindən 5.000 yeni manat tutularaq Ümid Yeri xeyriyyə cəmiyyətinin hesabına köçürülməsilə bağlı qətnamə çıxarmışdı. Apellyasiya Məhkəməsi ödəncin məbləğini 1000 AZM-ə endirmişdi.

Aşağı məhkəmə instansiyalarının qərarları ilə razılaşmayan cavabdeh Zərdüşt Əlizadə kassasiya şikayəti verərək Apellyasiya Məhkəməsinin Qətnaməsinin dəyişdirilməsini, iddianın tamamilə rədd edilməsini, habelə məhkəmə işi ilə bağlı çəkilən bütün xərclərin, o cümlədən hüquqi xidmətlər üçün çəkilən xərclərin iddiaçıdan alınıb cavabdehə ödənilməsi barədə qərar verilməsini xahiş edirdi. Bu gün Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasında hakim Günəş Xudaverdiyevanın sədrliyi ilə keçirilən iclasda Z. Əlizadənin şikayəti rədd olundu, Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlandı.

Zərdüşt Əlizadəni və “Azadlıq” qəzetini müdafiə edən vəkil, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı Ali Məhkəmənin qərarını ədalətsiz adlandırıb. “Ali Məhkəmənin qərarı ədalətsizdir. Məhkəmə Azərbaycan prezidentinin İnsan Haqları Üzrə Avropa Məhkəməsinin qərarlarının bütün üzv dövlətlərin ərazisində məcburi hüquqi qüvvəyə malik olmasını və Azərbaycanda da məhkəmələr tərəfindən tətbiq edilməli olmasını nəzərdə tutan fərmanını, habelə Ali Məhkəmənin Plenum qərarını da nəzərə almadı. Həmin hüquqi aktlar yerli qanunvericiliklə İnsan Hüquqları Konvensiyası və Avropa Məhkəməsinin qərarları arasında ziddiyyət yarandığı hallarda Konvensiya və Avropa məhkəməsinin qərarlarının tətbiqini ehtiva edir. Yüksək məhkəmə orqanının qanunvericiliyin belə mütərəqqi müddəalarını nəzərə almaması, ifadə azadlığının boğulmasına, məhdudlaşdırılmasına xidmət edən daha bir qərar çıxarması təəssüf doğurur, Azərbaycanı sivil dünyanın gözündən salır” – deyən R.Hacılı Z.Əlizadənin işi üzrə Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcəyini bildirib.

Əvvəlki məqalə: «Çimərliklər zərərli, içkilər saxta, ərzaq zəhərli»

Sonrakı məqalə: Andreas Qross: “AZƏRBAYCANDA DEMOKRATİYA ADINA HEÇ NƏ YOXDUR”