Həbsdə olan qoşaçaylı milli fəalların valideynləri Qoşaçay ostandarlığı rəhbərliyinin əyləşdiyi binanın qarşısında oturaq aksiya keçiriblər
HƏBSDƏ OLAN QOŞAÇAYLI FƏALLARIN AİLƏ ÜZVLƏRİ OTURAQ AKSİYA KEÇİRİBLƏR 2007-06-20 – 17:05:00
Həbsdə olan qoşaçaylı milli fəalların valideynləri övladlarının həbsinə etiraz olaraq iyunun 16-da Qoşaçay ostandarlığı rəhbərliyinin əyləşdiyi binanın qarşısında oturaq aksiya keçiriblər.
Güney Azərbaycandakı mənbələrdən «Media forum» saytına verilən məlumata görə, aksiyada milli fəallar Behbud Quluzadə, Şahin Həsəni, Calal Köydərilu, Əli Sultani, Əmir Ağazadə, Möhsün Fəramərzi, Vəliullah Zöhrabinin və digər məhbusların ailə üzvləri iştirak edib.
Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsinin (ASMEK) yaydığı məlumatda bildirilir ki, həbsdə saxlanan fəalların əksəri 22 may aksiyasından bir neçə gün əvvəl tutulub. Məlumatda vurğulanır ki, ETTELAAT əməkdaşları milli fəalları tutarkən öz kimlikləri, hansı strukturu təmsil etdikləri barədə heç bir rəsmi sənəd təqdim etmirlər və milli fəalları valideynlərinin gözləri qarşısında təhqir edirlər.
ASMEK qoşaçaylı milli fəal Behbud Quluzadənin həbsxanada ağır xəstəlikdən əziyyət çəkdiyini də xəbər verir. B.Quluzadənin atası oğlunu görmək üçün Qoşaçay prokurorluğundan rəsmi icazə vərəqəsi alıb Urmiya həbsxanasına müraciət etsə də, həbsxana rəsmiləri ona görüş verməyiblər.
B.Quluzadənin dörd gün əvvəl naməlum yerə aparıldığı bildirilir.
«Media forum»
Əvvəlki məqalə: AZƏRBAYCANLI TƏLƏBƏ CİSCO-NUN ÜÇÜNCÜ BEYNƏLXALQ TƏLƏBƏ OLİMPİADASININ FİNALINDA İŞTİRAK EDƏCƏKLƏR
Sonrakı məqalə: ATASI ÖTƏN İLİN MAY AKSİYALARINDA ŞƏHİD OLMUŞ OĞLUNUN ÖLÜMÜNÜ GİZLƏDİBMİŞ