Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Sabir Rüstəmxanlı: “Müəyyən bir zümrə nəzarətdən, tənqiddən və qanundan kənar yaşamaq istəyir”

Mirzə Xəzər 14 İyn 2007

“KAŞ O VAXT “ŞÖHRƏT” ORDENİNİ GÖTÜRƏYDİM”

Sabir Rüstəmxanlı: “Hakimiyyət sirlərimi açdı”

Hakimiyyətin mətbuata təzyiqlərinə bütün beynəlxalq qurumlar sərt etiraz etsə də, ölkə daxilində yalnız müxalif düşərgə medianın müdafiəsində fəallıq göstərir. Bu düşərgəni təmsil edən və digər bir neçə deputat parlamentdə də mətbuata basqılara kəskin mövqe sərgilədilər. Onların arasında özünəməxsus mövqeyi ilə seçilən VHP sədri Sabir Rüstəmxanlı ilə söhbətimizə bu mövzu ilə körpü saldıq.

- İxtisasca filoloq olsam da, ömrümün böyük hissəsini jurnalistikaya həsr etmişəm. Ona görə də özümü jurnalist hesab edir və həmkarlarımın problemləri mənə doğmadır. İkincisi istiqlaliyyətimizin ən ciddi qazanclarından biri müstəqil mətbuatdır. Demokratiya müxtəlif fikirlərin yanaşı yaşamasıdır. Ona görə heç kim heç kimi ittiham edə bilməz. Sadəcə, fikrinə münasibət sərgiləyə bilər. Yenə də o fikrimə qayıdıram ki, müstəqilliyimizin ən böyük qazancı mətbuatdır. Bu gün iqtidar və müxalifət düşərgəsinə bağlı qəzetlər var. Bu baxımdan hər kəs öz fikrini ifadə edir. Ancaq son vaxtlar bu sahədə problemlər yaranıb. Elə bir dönəm var idi ki, müxalifət mətbuatı iqtidar mətbuatından daha güclüydü. İqtidar həmin vaxt mətbuatın əhəmiyyətini başa düşmürdü. Müxalifət isə mətbuat vasitəsi ilə xalqla işləyirdi və ictimai rəyə təsir göstərirdi. Qəzetlərin bu gücünü görəndən sonra televiziyalara və çap mətbuatına təzyiqlər artdı. Amma Azərbaycanın seçdiyi istiqamət mətbuat azadlığının genişlənməsini tələb edir. Əlbəttə, mətbuata da müəyyən iradlarım var. Bu əsasən şəxsiyyətin ləyaqətinin alçaldılması və mətbuatın müdaxilə etməməli məsələlərə jurnalistlərin yol axtarması ilə bağlıdır.

- Sabir bəy, fikirlərinizi konkretləşdirə bilərsinizmi?

- Yəni elə münasibətlər var ki, yalnız şəxsin razılığı ilə gündəmə çıxa bilər. İndi mən konkret deyə bilmərəm. Azadlıq odur ki, bütün informasiyalar dəqiqəlşdirilsin, mənbələr yoxlanılsın və tənqid edilənin də fikri öyrəniləndən sonra qəzet səhifəsinə çıxarılsın.

- Amma Azərbaycan parlamentinin ratifikasiya etdiyi Avropa Konvensiyası mətbuatın bu cür mövqeyinə dözümlü yanaşmağı tövsiyə edir…

- Yox, böhtanla həqiqət üzə çıxa bilməz. Mən ABŞ-da qəzet redaksiyalarında olarkən redaktorların birindən onların məhkəməyə verilib-verilmədiyini soruşanda bildirdi ki, niyə yalan yazmalıyıq ki, bu cür problemlərlə üzləşək. Şişirtmə, şou yaratma və böhtan fərqli şeylərdir. Əsasən də müharibə aparan ölkədə doğru olmayan informasiyalar yaymaq mətbuatın işi deyil. Jurnalistlər sanki məhkəməyə verilmək üçün məqalələrində ilişmək üçün yer qoyurlar.

- Bununla belə hakimiyyətin müstəqil mətbuata açıq olmaması haqqında fikirləri bölüşürsünüz?

- Mən peşəkarlıqdan danışıram. Yəni mətbuat cəmiyyəti, xalqın adət-ənənəsini və müharibə vəziyyətində olduğumuzu nəzərə almalıdır. Sadaladıqlarım mətbuatın problemidir və peşəkarlıq, redaktorların məsuliyyəti artdıqca vəziyyət tənzimlənəcək. Amma bunları bəhanə edib Azərbaycan jurnalistikasını bu şəkildə hədəfə çevirmək yolverilməzdir. Əgər hakimiyyətin addımları jurnalistikamızın peşəkarlığının artması və nifaqçı insanlardan təmizlənməsi niyyətini güdsə, bunu normal qəbul edərəm. Lakin indiki meyl bu niyyəti daşımır. Əksinə, Azərbaycan mətbuatının cəmiyyətə və dövlətə olan nəzarətini aradan götürmək məqsədi güdülür. Jurnalistika hakimdir və bizim sifarişlə iş görən məhkəmələrin rolunu oynaya bilməz. Görünür, mətbuatın nəzarəti bir sıra məmurlarımızı ciddi şəkildə narahat edir. Məmurlar bir ara özlərinə yaxın mətbu orqanları yaratdılar və sanki bununla onları görən gözün qarşısına pərdə çəkib bir müdafiə sistemi qurmaq istəyirdilər. Ancaq bəzi məmurlar mətbuatın davamlı olaraq prosesləri izlədiyini görəndə qəzetləri susdurmaqdan başqa yol tapmadılar. Hətta milli maraqlara ziyan vuran yazılara reaksiya verilmir, ancaq elə ki, hansısa məmurun əleyhinə yazı dərc olunursa o dəqiqə məhkəmələr işə düşür. Parlamentdə də bildirdim ki, son illərdə hörmət etdiyim bir sıra jurnalistlər ölkəni tərk edib. Güman ki, bəziləri şəxsi problemləri səbəbindən vətəndən gedib. Amma onların böyük hissəsi jurnalist kimi imkanlarını reallaşdıra bilməyib. Mətbuata son kütləvi təzyiqlərin başlanması narahatlıq doğurur. Çünki Azərbaycanda azad söz demək mümkün deyil və istənilən jurnalist sifarişlə həbs edilə bilər.

- Bu baxımdan həbsdə olan həmkarlarımızın azad olunacağı ehtimalları nə qədərdir?

- Məsələn, Faiq Balabəyli var, “Yeni xəbər” qəzetinin redaktoru idi. Ola bilsin həmin qəzetdəki yazılarda subyektivlik olub. Bunlara müxtəlif cavablar vermək olardı. Ancaq ona qarşı elə qurğu qurdular ki, sonradan hadisədə iştirak edənlərdən biri bunu etiraf etdi. Əgər hakimiyyət rüşvətxorluğun kökünü kəsmək istəyirsə, daha böyük mənbələri tapmalıdır. Yaxud meydan hərəkatından siyasətə gələn Fərəməz Allahverdiyev bir məqaləsinə görə həbs olunub. Güman ki, o, yazısında ayrı-ayrı şəxslər haqqında subyektivliyə yol verib. Amma məqalənin ümumi ruhu millətin xeyrinəydi. Rövşən Kəbirlinin özü, çox əziyyətlə “Müxalifət” qəzetini buraxırdı. Onun həbs olunmasına ehtiyac yox idi. “Gündəlik Azərbaycan”a gəldikdə, Eynulla Fətullayevin bir çox fikirlərini qəbul etməsəm də, çox təəssüf ki, Şahvələd Çobanoğlunun rəhbərliyi altında olan çox istedadlı bir kollektivi itirdik. Özümlə bağlı maraqlı bir hadisəni xatırlatmaq istəyirəm: tariximiz haqqında bir məqaləmi Türkiyə jurnallarının birinə göndərmişdim. Yazıda “sən niyə görmürsən, bu həqiqəti ey alçaq məmur” ifadəsi yer almışdı. Məqalənin ümumi kontekstindən həmin ifadənin kimə ünvanlandığı məlum olurdu. Jurnalın sahibi mənə zəng edib dedi ki, yazını çap edirəm, ancaq alçaq sözünü çıxardıram. Səbəbini soruşduqda cavab verdi ki, bu dövlət bizimdir. Ona görə də məmura ümumi şəkildə alçaq deyə bilmərik. Konkret adını bilirsinizsə, yazın. Bu baxımdan jurnalist öz dövlətinə hörmətlə yanaşmalı və dövlət də qələm sahibini qorumalıdır. Azərbaycan məmurları içərisində bir xof yaranıb. Onların bəziləri jurnalistikanı əyri yola çəkir, bir hissəsi redaktorlarla iş qurur, digərləri də məhkəmə yolunu seçir. Məncə, bunların heç biri doğru deyil. Çünki Azərbaycan xalqı sözü ilə güclüdür. Ən azı “Molla Nəsrəddin” jurnalını misal çəkə bilərik. Əgər proses bu cür davam edərsə, istedadlı, cəsarətli jurnalistlərimizin bir hissəsi ölkəni tərk edəcək, onları isə daha təcrübəsiz adamlar əvəzləyəcək. Bununla da mətbuatda təhqirlərin və yersiz yazıların sayı artacaq. Bilirsiniz, Azərbaycanda müəyyən bir zümrə nəzarətdən, tənqiddən və qanundan kənar yaşamaq istəyir. Bunlar özlərini qanunun fövqündə hiss edir. İndi heç olmasa, jurnalistika onlara qarşı mübarizə aparırdı. Amma mətbuatı da susdurmaq yolunu tutublar. Nəticə etibarı ilə bu, Azərbaycana böyük zərbə vuracaq. Ona görə də dövlət başçısı və parlament bu təzyiqlərin qarşısını almalıdır.

- İstərdim söhbətimizin istiqamətini siyasi proseslərə yönəldək. Sizə elə gəlmir ki, ənənəvi müxalifəti daim hədəfə almağınız hakimiyyətə xidmətdir?

- Yox, sizin dediyiniz mənim sözümün nəticəsi deyil. Sadəcə, əsası olmadan məni hakimiyyətə yaxınlıqda ittiham etdiklərindən onlara cavab verirəm. Həmişə müxalifətin inteqrasiyasının tərəfdarı olmuşam. Həmin partiyalarla ilk narazılığımız Koordinasiya Mərkəzinin dağıdılmasından başlandı. Dörd partiya lideri Londona gedib Sabitlik İttifaqı təsis etdilər. Heç olmasa bu qurumu qoruyardılar. Nəticə etibarı ilə 2003-cü ildə bir araya gələ bilsəydik, proseslərə ciddi təsir göstərərdik. Çünki həmin il Koordinasiya Mərkəzinin ictimaiyyətdə çox güclü dəstəyi var idi.

- Axı müxalifət daima təzyiq altındadırsa və özünüzün də söylədiyiniz kimi əzilmiş düşərgəni vurmaqda məqsədiniz nədir?

- Əvvəla, onların əzilməsini istəmirəm və bu, məni də ağrıdır. Çünki özüm də onlarla bir yerdə əzilirəm. Söhbət ondadır ki, onlar özləri əzilirlər və başqa qüvvələri də əzməyə çalışırlar. Əgər ömrünün 18 ilini mətbuatın, demokratiyanın inkişafına və Azərbaycanın müstəqilliyinə həsr etmiş adam haqsız yerə hakimiyyətə yaxınlıqda ittiham olunursa, bu, o deməkdir ki, ənənəvi müxalifət də məni vurmağa çalışır. Onlar özlərindən başqa müxalifət görmürlərsə, mən də onları müxalifət saymıram.

- Sabir bəy, olmazdımı fəaliyyətinizlə elə bir nümunə göstərəsiniz ki, VHP-dən başqa müxalifət olmadığı sübut olunsun?

- Əlbəttə, ciddi bir yanaşmadır və bunu qəbul edirəm. O mənada ki, fəaliyyətimizdə müəyyən müddətdə zəiflik olub. Ən azı dostlarımız hamımızın ümumi xəttinə sahiblənməklə bu kursu iflasa apardı və başqa yollar axtarmaq məcburiyyətində qaldıq. Müxalifət güclənmək istəyirsə, bizim gücümüz millətdir. Bu mənada xalqın arasında reabilitasiya keçməli və inamını qaytarmalıyıq. Bu inamı qaytarmağın bir yolu aksiyalardır. Görəndə ki, bunun da ictimai rəyə kifayət qədər təsiri yoxdur, onda başqa vasitələr axtarmalıyıq. Digər variant isə səmimi şəkildə bir yerdə olmağımızdır. Ancaq bir yerdə olmaq imkanlarını “bizdən başqa müxalifət yoxdur” iddiası ilə azaldırlar. Bir halda ki, televiziyadan və digər mətbu imkanlarından istifadə etmək reallığı azalır, onda yeganə parlament kürsüsü qalır.

- Siz xalqın inamının sarsıldığına toxundunuz. Azərbaycan xalqı Heydər Əliyevin “Şöhrət” ordenindən imtina edib İlham Əliyevdən “Xalq şairi” mükafatını alan Sabir Rüstəmxanlıya inana bilərmi?

- “Şöhrət” ordenindən imtinanın səbəbləri var idi. O zaman da yazmışdım ki, 1 milyon köçkünü olan ölkədə bu ordeni daşıya bilmərəm. Bir şəxs kimi öz prinsiplərimdən çıxış edərək “Şöhrət” ordenini almadım. Bu niyyət də var idi ki, ziyalı bir az öz müstəqilliyini qoruyub saxlaya bilsin. Hərçənd ki, dostlarım yozdular ki, guya bununla müxalifətçilik reytinqimi qaldırmaq istəyirəm. Həmin yazıları oxuyandan sonra peşman oldum və dedim ki, kaş “Şöhrət” ordenini götürəydim. Amma “Xalq şairi” məsələsi mənim əbədi taleyimdir. Mən ömrüm boyu siyasi fəaliyyətlə yanaşı ədəbi fəaliyyətlə də məşğul olmuşam. Bu, ədəbi taleyimin bir növ rəsmi etirafı idi.

- Məgər xalq Sabir Rüstəmxanlının şair olduğunu bilmirmi?

- Tanıyır. Amma rəsmi etiraf bir növ deputat statusu kimi bir şeydir. Sabah deputat olmaya bilərsən, ancaq xalq şairliyinin bir statusu var. Bunlar hamısı millətə xidmət imkanlarından daha yaxşı istifadə etmək üçündür. Yəni ədəbi taleyimə verilən mükafatdan imtina etməyimi heç kəs başa düşməzdi. Təkrar edirəm, “Xalq şairi” mükafat deyil, bu, bir addır. Bu mükafatı alanda bildirmişdim ki, hakimiyyət mənim sirlərimi açdı. Bilirsiniz, ötən əsrin 80-ci illərindən mənə xalq şairi kimi müraciət edirlər. Ona görə sirlərimi açdı ki, mənim xalq şairi olmadığım məlum oldu. Ancaq “Şöhrət” ordenindən imtinadan sonra “Xalq şairi” mükafatını almağımın bir mənəvi tərəfi də var. Əgər rəsmi dairələr ikinci belə bir addımı atırlarsa, imtinamı mənə qarşı silaha çevirmirlərsə, buna anlaşıqlı yanaşmaq lazımdır. Azərbaycanda belə bir cəbhələşmə var: müəyyən addımlar atırsan, cəmiyyətin heç bir qütbü bunu başa düşmür və ortada yalqız qalırsan. Bu da düzgün deyil.

- 2008-ci il seçkilərindən gözləntiləriniz nədən ibarətdir və prosesdə iştirak edəcəksinizmi?

- Siyasi meydanda hələ bir aydınlıq yoxdur. Müxalifətlə bağlı sualına yenidən qayıdıb demək istəyirəm ki, onlar haqqında sözlərim daxili kinimdən yox, sevgimdən irəli gəlir. İstəyirəm ki, vaxtilə başladığımız əsl müstəqillik yolu davam etsin. Müxalifət düşərgəsində olanlar məmura çevrilməsin və doğrudan da xalq adamı kimi qalmağı bacarsınlar. Bir-birimizlə səmimi olmalıyıq. Bu baxımdan ortaq fikir yaranarsa, bu barədə düşünəcəyik. Özümün seçkidə iştirakım haqqında düşünməmişəm. Oktyabrda partiyamızın 15 yaşı tamam olacaq. Yəqin qurultayda qərar verəcəyik. Doğrusu, seçkidə iştirak məni cəlb etmir. Çünki son seçkilərdəki ədalətsizliyi görəndən sonra yenidən seçkilərə qatılmaq sadəlövhlükdür.

Natiq CAVADLI (“Yeni Musavat” qəzeti, 14.06.2007)

Əvvəlki məqalə: BAKIDA QARABAĞ FORUMU KEÇİRİLİB

Sonrakı məqalə: Azərbaycan jurnalistləri Bakıda, Sabir bağında sanksiyalaşdırılmamış piket keçiriblər