Azərbaycan jurnalistləri Bakıda, Sabir bağında sanksiyalaşdırılmamış piket keçiriblər
JURNALİSTLƏR BAKIDA QƏFİL PİKET KEÇİRDİLƏR. POLİSLƏ MEDİA NÜMAYƏNDƏLƏRİ ARASINDA QARŞIDURMA OLDU 2007-06-14 – 15:00:00
Bu gün Azərbaycan jurnalistləri Bakıda, Sabir bağında sanksiyalaşdırılmamış piket keçiriblər. Saat 14.00-a təyin olunan aksiyanın yeri və vaxtı aksiyadan yalnız 15-20 dəqiqə əvvəl məlum olub.
Aksiyaçılar Mirzə Ələkbər Sabirin heykəli qarşısına toplaşdıqdan sonra «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid piketi açıq elan edib. O bildirib ki, artıq mətbuat işçiləri partizan mübarizəsinə başlayıblar və bundan sonra jurnalistlər piket keçirərkən nə meriyaya, nə də polisə məlumat verəcəklər.
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu çıxışında mətbuata qarşı təzyiqlərin hakimiyyətin ən yuxarı səviyyəsində sifariş verildiyini vurğulayıb. Baş redaktor bundan sonra medianın bu cür ekspromt aksiyalara əl atacağını deyib.
R.Arifoğlu çıxışını bitirəndən sonra aksiyaçılar «Azadlıq!», «Azad söz!» şüarlarını səsləndiriblər. Jurnalistlərin səsinə yaxınlıqdakı polis əməkdaşları gəlib. Polislər aksiyaçıları heykəlin qarşısından uzaqlaşdırarkən R.Arifoğlu artıq aksiyanın başa çatdığını bəyan edib və jurnalistlərin evə, iş yerlərinə qayıtmasına imkan verilməsini istəyib.
Jurnalistlər Sabir bağından uzaqlaşmaqdaykən qəfildən əraziyə polis maşını gəlib. Bu zaman Sabir bağı yaxınlığındakı polislər jurnalistləri itələyib maşına oturtmaq istəyiblər. Jurnalistlərlə polis arasında qarşıdurma yaranıb.
Polislər əvvəlcə «Yeni Müsavat» qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanı zorla maşına oturtmaq istəsələr də, buna nail ola bilməyiblər. Daha sonra onlar «Yeni Müsavat»ın digər əməkdaşı Zabil Müqabiloğlunu maşına oturtmaq istəyiblər, amma buna da nail ola bilməyiblər. Polislər növbə ilə müxtəlif jurnalistləri maşına oturtmağa çalışıblar, ancaq uzun müddət bunu bacarmayıblar. Nəhayət, uzun çək-çevirdən sonra polislər R.Arifoğlunu maşına oturdub 9-cu polis bölməsinə tərəf aparıblar.
«Media forum» saytının məlumatına görə, yolda polislər R.Arifoğlunu sərbəst buraxıblar. Lakin üstündən bir neçə dəqiqə ötəndən sonra onlar «Yeni Müsavat»ın baş redaktorunu yenidən tutaraq 9-cu polis bölməsinə aparıblar. Hazırda baş redaktor bölmədədir.
Qeyd edək ki, polislə qarşıdurmada «Yeni Müsavat»ın əməkdaşı Etibar Seyidağa bədən xəsarəti alıb. Polislərdən biri onun qarnından zərbə vurub.
«Media forum»
Əvvəlki məqalə: Sabir Rüstəmxanlı: “Müəyyən bir zümrə nəzarətdən, tənqiddən və qanundan kənar yaşamaq istəyir”
Sonrakı məqalə: Həbsdə olan jurnalistlər dözülməz şəraitdədir