BAKIDA QARABAĞ FORUMU KEÇİRİLİB
QARABAĞ FORUMU KEÇİRİLİB. TƏDBİRDƏ YENİ QURUM YARATMAQ HAQDA QƏRAR QƏBUL EDİLİB 2007-06-13 – 20:06:00
«Hazırki Qarabağ Forumunun məqsədi problemin həlli ilə bağlı vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini əlaqələndirəcək müəyyən bir qurumun yaradılmasına nail olmaqdır». Bu sözləri forumun təşəbbüskarlarından olan Əli Abbasov bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən forumda söyləyib.
«Turan»ın məlumatına görə, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Qarabağ Forumunun çağırılması təşəbbüsünü 9 şəxs və qurumun irəli sürdüyünü deyib. Onun fikrincə, bu gün Azərbaycanda Qarabağ problemi ilə bağlı müxtəlif yönlü qurumların fəaliyyətlərini əlaqələndirə biləcək təşkilata ehtiyac var. A.Nağı yaradılması nəzərdə tutulan qurumun təşkilatları yalnız müzakirə üçün bir yerə toplamaq səlahiyyəti olduğunu deyib. O, təşəbbüs qrupunun bu quruma Məşvərət Şurası adı verilməsini təklif etdiyini bildirib. A.Nağı indiki mərhələdə problemin həlli sahəsində Azərbaycan üçün təhlükə olmadığını, referendum keçirilməsinin yolverilməz olduğunu və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini əlaqələndirmək üçün qurum yaradılmasına ehtiyac duyulduğunu deyib.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bütün qüvvələri birləşərək ölkə rəhbərliyinə və dünya birliyinə Qarabağ probleminə münasibətdə Azərbaycan cəmiyyətində birmənalı fikir olduğunu çatdırmağa çağırıb. O, həm problemin həllilə bağlı danışıqların aparılmasına, məsələnin hərb müstəvisinə keçdikdə isə müharibəni peşkar ordunun aparmasına tərəfdar olduğunu deyib.
Deputat Pənah Hüseyn tədbir iştrakçılarını Qarabağ probleminin həm də parlamentdə müzakirəsini tələb etməyə çağırıb. Onun fikrincə, Qarabağ probleminə dair iqtidar, müxalifət qüvvələri və vətəndaş cəmiyyəti institutlarının birgə iştirakı ilə ümumi tədbir keçirmək də vacibdir.
Müsavat Partiyasının başqanı İsa Qəmbər fəaliyyətləri əlaqələndirəcək qurum yaradılsa yardımçı olacaqlarını bildirib. O, həmçinin 1997-ci və 2001-ci illərdə Qarabağ problemi ilə bağlı ölkənin ictimai-siyasi qüvvələrinin sənədlər imzaladığını xatırladıb. İ.Qəmbər yaxın vaxtlarda Qarabağ problemi ətrafında gərgin durumun yaranmasını gözləmədiyini deyib. Digər tərəfdənsə, Ermənistan hakimiyyətinin tam, Azərbaycan hakimiyyətinin qismən Rusiyadan asılı olduğunu deyən İ.Qəmbər bildirib ki, bu aslılıq qaldıqca problem həll olunmayacaq.
Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli indi Qarabağ problemi ilə bağlı gərgin durum olmasa da, statusun müəyyən olunması üçün referendum məsələsinin danışıqların predmetinə çevrilməsinin mənfi tendensiya olduğun deyib. İ.Qəmbər Kosovaya müstəqillik verilməsinin yeni presedent yaradacağını və bu təcrübənin digər münaqişələrə də tətbiq ediləcəyi təhlükəsindən ehtiyatlandığını bildirib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyev neft gəlirlərini hansısa layihələrə yox, ordu və müdafiə sənayesinin güclənməsinə yönəltməyi vacib saydığını deyib.
Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov problemin həlli üçün yeganə çıxış yolunun hərb yolu olduğunu deyərək, ATƏT-in vasitəçilik missiyasından imtina etməyi, müharibə başladığı halda müxalifət partiyalarının fəaliyyətlərini dondurmağa hazır olmalarını diqqətə çatdırıb. O, böyük dövlətlərin problemlərin həllinə yox, problemlərin qalmasında maraqlı olduğunu deyib.
Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Kosovo probleminin həlli yolunun təcrübə olacağını istisna etməyib. Amma onun fikrincə, neft qurtarmadıqca, Qarabağ problemi həll edilməyəcək. Neft qurtarandan sonra isə böyük dövlətlər problemi öz istədikləri kimi həll etməyə çalışacaqlar.
(“Media Forum”)
Əvvəlki məqalə: İyunun 12-də Haaqada Azərbaycanda müstəqil mətbuata qarşı təzyiqlərə etiraz olaraq mitinq keçirilib
Sonrakı məqalə: Sabir Rüstəmxanlı: “Müəyyən bir zümrə nəzarətdən, tənqiddən və qanundan kənar yaşamaq istəyir”