«Ilahi səs yalnız şeytanları narahat edə bilər»
25 may 2007
Dindarlar azana qadağadan narazıdır
Onların fikrincə, Qafqaz Müsəlmanları Idarəsinin bu qərarı Islama zərbədir
Məscidlərdə səsgücləndiricilərlə azan verilməsinin ləğvi dindar təbəqənin narazılığına səbəb olub. Xatırladaq ki, Qafqaz Müsəlmanları Idarəsinin qərarı ilə bundan sonra azan canlı verilməlidir. QMI rəsmisi Hacı Akif Ağayevin sözlərinə görə, paytaxt sakinləri dövlət qurumlarına müraciət edərək, məscidlərdə səsgücləndiricilərlə azan verilməsindən narahat olduqlarını bildiriblər.
“Məscidlərdəki səsgücləndiricilərdən şikayət edənlər, əsasən, uşaqlar, xəstə və yaşlı nəslin nümayəndələridir” deyən QMI rəsmisi yaranmış vəziyyətin nəzərə alındığını və bundan sonra ibadət ocaqlarında canlı azan verilməsi barədə qərar qəbul edildiyini söyləyib.
Qərarı Qazilər Şurası verməyib
Amma “OLAYLAR”ın etibarlı mənbədən aldığı məlumata görə, azan oxunması zamanı səsgücləndiricilərdən istifadənin qadağan olunması barədə qərarın verilməsinə əhalinin narahatlığı yox, müəyyən dairələrin təzyiqi səbəb olub. Mənbə bildirib ki, “Göy məscid”in qarşısında hazırda hündürmərtəbəli binanın inşa edildiyi ərazi əvvəllər məscidə məxsus olub. Sonradan tikinti şirkətinə satılan ərazidə inşa edilən binada ev almaq istəyənlər, həmçinin məscidlərə yaxın ərazilərdə tikinti aparan şirkətlər azan səsinin narahatlıq
yaradacağını bildirdiklərindən çıxış yolu kimi səsgücləndiricilərdən istifadənin qadağan edilməsi seçilib.
Mənbə onu da vurğulayıb ki, sözügedən qərar QMI-nin Qazilər Şurası tərəfindən çıxarılmalı olsa da, Şuranın iclası keçirilməyib və fətva şura üzvlərindən xəbərsiz verilib.
Bütün hallarda isə dindar təbəqə QMI-nin bu qərarını Islama zərbə kimi qiymətləndirir.
“QMI”nin bu qərarının heç bir əsası yoxdur
Sumqayıtda yerləşən “Cümə” məscidinə ibadətə gələn dindarlar hesab edirlər ki, QMI-nin bu qərarının heç bir əsası yoxdur: “Heç bir Islam ölkəsində azana məhdudiyyət yoxdur. Hətta xristian ölkələrində belə məscidlərə bu cür qadağa qoyulmayıb. Bu, absurd bir qərardır. Bu gün, az qala hər məhəllədə şadlıq sarayları fəaliyyət göstərir. Gecə saatlarına qədər toy çalınır. Musiqi səsi hər yana yayılır. Bəs niyə bu, əhalinin narahatlığına səbəb olmur? Bütün bunlar hamısı bəhanədir. Sadəcə olaraq Azərbaycanda kim ağlına
nə gəldi edir”.
Axund razıdır, amma dindarlar yox
Məsələ ilə bağlı dünən paytaxtın bir neçə məscidində olduq. Hacı Sultanəli məscidinin axundu Hacı Ismayıl bu barədə danışmaq istəmədiyini bildirdi: “Mən bu məsələ ilə heç bir suala cavab verməyəcəm”. Amma qərarı müsbət və ya mənfi qarşılıdağı barədə sualımızı cavablandırdı. “Hökumət nə qərar veribsə, doğrudur. Mən nə deyə bilərəm ki?” deyən axund daha sonra iti addımlarla bizdən uzaqlaşdı. Həmin məscidə gələn bəzi dindarlar isə bizimlə söhbətində QMI-nin bu qərarından narazılıq etdilər. Adının çəkilməsini istəməyən
bir gənc bunu dini hüquqların kobud pozulması kimi qiymətləndirdi: “Azan namaza dəvətdir. Azana məhdudiyyət qoyulmamalıdır. Deyirlər ki, məscidlərə yaxın ətrafda yaşayan əhali şikayət edir. Mən inanmıram ki, kimsə azan səsindən şikayət etsin. Necə olur ki, gecə barlarından şikayət gəlmir, amma məscidlərdən şikayət gəlir? Mən hesab edirəm ki, bu, Azərbaycanda mənəviyyatsızlığı təbliğ edən hakimiyyətin növbəti hoqqasıdır”.
Məqsəd Azərbaycanda Islamı zəiflətməkdir
“Əjdərbəy” məscidinin axundunu tapa bilməsək də, oradakı bəzi dindarların rəyini öyrənə bildik. Qərarı mənfi qarşılayanlarla yanaşı müsbət qiymətləndirənlər də oldu. Qərara müsbət yanaşanlar hesab edirlər ki, azanın canlı oxunması daha yaxşıdır: “Azan canlı oxunmalıdır. Bəzi Islam ölkələrində də azan canlı səslə oxunur. Sadəcə olaraq Azərbaycanda uca səsli müəzzin olmadığına görə texnikaya üstünlük verilib. Amma biz çalışmalıyıq ki, bundan qurtaraq. Qoy Azərbaycan məscidlərində də azan canlı səslə oxunsun. Bu
daha yaxşıdır”.
Amma qərara qarşı olanların fikrincə, bu məqsədli şəkildə edilir: “Burada azanın canlı və ya ”usilitel"lə səsləndirilməsindən söhbət getmir. Məqsəd Azərbaycanda son zamanlar daha da güclənən Islamı zəiflətməkdir. Qorxurlar ki, birdən Azərbaycanda da Islam inqilabı olar. Ona görə də gah kimlərinsə saqqalını qırxırlar, gah azana məhdudiyyət qoyurlar. Bir azdan əba, əmmamə və ya araqçında şəhərə çıxmağı da qadağan edəcəklər".
Sakinlər belə deyir: “Ilahi səs yalnız şeytanları narahat edə bilər”
“Hacı Sultanəli” və “Əjdər bəy” məscidlərinin yaxınlığında yaşayan sakinlərlə söhbətləşdik.
“Əjdər bəy” məscidinin yaxınlığında yaşayan Aydın Əliyev adlı sakin azan səsinin onu və ailəsini heç zaman narahat etmədiyini bildirdi: “Ailəmizdə uşaq da, yaşlı da, xəstə də var. Amma heç zaman azan səsindən narazılıq etməmişik. Inanmıram ki, kimsə bu Ilahi çağırışa ağız büzə. Sadəcə olaraq nəsə başqa məqsədləri var, camaatından adından istifadə edirlər”.
Qorxmaz Ağayev adlı sakin də azanın səsgücləndirilərlə verilməsindən narazılığı yoxdur: “Axı bundan narazılıq etmək olmaz. Adamın ağzı əyilər, qardaş! Ilahi səs yalnız şeytanları narahat edə bilər”.
“Hacı Sultanəli” məscidinin yaxınlığında yaşayan Əmir Ibrahimov adlı sakin isə bu məsələdə hakimiyyəti ittiham etdi: “Bütün bunlar bu dinsiz hakimiyyətin əməlləridir. Daha bilmirlər hansı oyunlardan çıxsın. Allah bunların cəzasını versin. Bütün mənəvi dəyərləri ayaq altına atıblar. Şeyx də ki, onlarla oturub-durur. Nə deyirlər, cavab verir ki, ”baş üstə". Vallah mən qorxuram bir azdan namaz qılmağı da qadağan etsinlər".
Seyid
("Azadlıq" qəzeti)
Əvvəlki məqalə: Salam hormetli Mirze muellim!
Sonrakı məqalə: Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq şöbəsi 28 may bayramına hazırlaşır
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2962